"Qalatasaray"ın ulduz futbolçusu Yunes Belhandanın komandadakı gələcəyi qaranlıq görünür.
Klub rəhbərliyi müqaviləsinin müddəti yayda başa çatacaq mərakeşli yarımmüdafiəçi ilə yeni anlaşma əldə etməkdə tələsmir. Bununla yanaşı, yeni "10 nömrə" axtarışları da davam edir. Vəziyyətin bu cür olması futbolçunun özünü və menecerini indidən ehtiyatlı addımlar atmağa məcbur edir.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Belhandanın agenti Villiam D"Avilla artıq namizəd klublarla danışıqlara başlayıb. Namizədlər arasında İtaliya və Rusiya təmsilçiləri ilə yanaşı "Beşiktaş" da var. İddialara görə, agent "Qalatasaray"ın əzəli rəqibinin rəsmiləri ilə müəyyən detalları müzakirə edib. "Qalatasaray" sözləşməni yeniləməyəcəyi halda 30 yaşlı futbolçu karyerasını ağ-qara formada davam etdirə bilər.
Qeyd edək ki, "cim-bom"un aparıcı futbolçularından sayılan Yunes 2017-ci ildən bu yana "sarı-qırmızılar"ın uğurları üçün tər tökür.