"Qalatasaray"ın yeni transferi Mustafa Mohamed dayanmaq bilmir.
Qış fasiləsində "Zamelek"dən ilyarımlıq icarəyə götürülən 23 yaşlı hücumçu vurduğu qollarla qısa müddətdə azarkeşlərin könlünə yol tapmağı bacarıb.
Offsideplus.az xəbər verir ki, təkcə azarkeşlər yox, türkiyəli həmkarlarımız da Mohamed haqda yüksək fikirdədir. Müxtəlif nəşrlərdə eyni məzmunlu müxtəlif fikirlər qeyd olunub ki, ən çox diqqət çəkəni misirli forvardın meydana çıxdığı ilk 4 oyunun hər birində qol vurmasıdır. "Fotomaç"dan olan Levent Tüzemen "səhv etmirəmsə, "Qalatasaray"ın tarixində ilk 4 oyunda ard-arda qol vuran legioner olmamışdı" sözləri ilə diqqət çəkib.
"Sabah"ın yazarı Ogün Şahinoğlu Mohamedin tam "Qalatasaray"lıq futbolçu olduğunu qeyd edərək, "artıq rahat ola bilərlər. İllərdir axtardıqları forvardı tapa bildilər. Mustafa həm hava toplarında etkilidir, həm də vuran ayağı var. Qeyri-adi futbolçudur. Açığı, bu şəkildə gözləmirdim" şəklində danışıb.
"Fanatik"dən olan həmkarımız Faik Çetiner isə klub rəhbərliyinin bir başqa məsələyə diqqət yetirməli olduğunu deyib: "Bu gün "Qalatasaray"ı ayaq üstə saxlayan adam Mustafa Mohameddir. Komandaya yeni gəlib, həvəslidir, üstəlik, rəqiblər onu yaxşı tanımır. Ona görə də fürsətlərdən maksimum istifadə edir. Bu cür davam etsə, faydalı olacaq. Davam etməsi üçün klubdakı aidiyyatı insanlar gənc oyunçunun gündəlik rejiminə diqqət yetirməli, hara gedib-gəldiyini nəzarətdə saxlamalıdır. İstanbul xüsusən də gənclər üçün təhlükəli yerdir. Komandasının son 4 oyunda vurduğu 8 qolun tam yarısı onun adınadır. Üstəlik, 2 qolun ötürməsini edib. Bu futbolçunu qorumaq lazımdır".
Qeyd edək ki, İstanbul təmsilçisi Mustafa Mohamedi "Zamelek"dən 2022-nin yayına qədər icarəyə götürüb və buna görə Misir klubuna 2 milyon avro ödənib. Futbolçunun oyunu ürəkaçan olsa, növbəti il 4 milyon avro ödəməklə forvardı transfer etmək mümkün olacaq.