Qış fasiləsində səs-küylü transferlərə imza atan "Fənərbağça"nın son oyunlardakı nəticələri ürəkaçan deyil.
Derbidə "Qalatasaray"a boyun əyən (0:1), ölkə kubokunda "Başakşehir"ə uduzan "sarı-lacivərdlər"in düşərgəsində vəziyyət ürəkaçan deyil. Klub rəhbərliyi və azarkeşlər əsas günah sahibi kimi baş məşqçi Erol Bulutu görür.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, rəhbərlik artıq indidən yeni baş məşqçinin axtarışına çıxıb. Mesut Özilin vasitəsi ilə Arsen Vengerin "ağzını arayan" İstanbul təmsilçisi Şenol Günəşə də göz qoyub. Mənbə hətta klubun idman direktoru Emre Belözoğlunun hazırda Türkiyə yığmasını çalışdıran təcrübəli mütəxəssislə görüşdüyünü vurğulayıb. Lakin ünlü məşqçinin təklifə necə yanaşması haqda məlumat verilmir.
Qeyd edək ki, məşqçilik karyerasında "Beşiktaş" və "Trabzonspor" kimi "böyüklər"i çalışdıran Günəş indiyə qədər heç vaxt "Fənər"də işləməyib.