"Qalatasaray" İngiltərə Premyer Liqasının təmsilçisi "Nyukasl"la apardığı danışıqların sonunda istəyinə çatıb.

Offsideplus.az xəbər verir ki, DeAndre Yedlinin "sarı-qırmızılar"ın şərəfini qorumasında problem olmayacaq. 27 yaşlı ABŞ-lı futbolçunun "Nyukasl"la müqaviləsi cari mövsümün sonuna qədər idi. Odur ki, yeni komandaya keçməsində çətinlik yaşanmayıb. Sağ cinah müdafiəçisi kimi görməyə alışdığımız Yedlin sabah Türkiyəyə təşrif buyurub, "Qalatasaray"la müqavilə bağlayacaq. 

"Nyukasl" adıçəkilən futbolçunu "Tottenhem"dən 6 milyon avroya transfer etmişdi. Cari mövsümdə Premyer Liqada cəmi 6 oyuna çıxan DeAndre "ağ-qaralar"ın heyətində ümumilikdə 125 görüş keçirərək 3 qol vurub, 11 qolun ötürməsini verib. 

Qeyd edək ki, bu, "cim-bom"un qış fasiləsində 4-cü transferi olacaq. Buna qədər Halil Dervişoğlu, Henri Onyekuru, Mustafa Mohamedlə rəsmi müqavilə bağlanılmışdı.