"Fənərbağça" ilə transfer bəhsinə düşən "Beşiktaş" hədəfinə çatmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, Mario Mancukiç və agenti ilə aparılan danışıqlar, nəhayət, bəhrə verib. Dünya çempionatının finalçısı, Çempionlar Liqasının qalibi "qara qartal"ın şərtlərini qəbul edib. Xorvat qolçu yaxın günlərdə İstanbula gəlib, müqaviləyə qol çəkəcək.
O ki qaldı anlaşmanın detallarına, Mancukiç "Beşiktaş"dan ilinə 2 milyon avro olmaqla 3,5 illik müqavilə tələb edirdi. Klub rəhbərliyi normal olaraq 34 yaşlı futbolçuya bu şansı tanımadı. Nəticədə Mario ilə agenti məcbur qalıb rəhbərliyin irəli sürdüyü şərtlə razılaşmalı oldu. Bu isə o deməkdir ki, Mancukiç cari mövsümün sonuna qədər ağ-qara formanı geyinəcək. Sərgilədiyi futbol və meydana çıxdığı oyun sayı baş məşqçi ilə rəhbərliyi razı salarsa, yayda 2 illik sözləşmə imzalanacaq.