"Qalatasaray" 2019-un yayında heyətinə qatdığı Radamel Falkaodan qurtulmaq istəyir.
Cari mövsümdə kolumbiyalı məşhurun zədə səbəbindən qaçırdığı oyun sayı meydanda olduğu matç sayından çoxdur. Odur ki, rəhbərlik yüksək ödənişli futbolçu ilə yola davam etmək istəmir.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyinin Falkao ilə yolları ayırmaq fikrinə düşməsi futbolçunun xoşuna gəlməyib. Daha doğrusu, Radamel qarşılıqlı razılıq əsasında "Qalatasaray"ı tərk etmək niyyətində deyil. İstanbul təmsilçisi ilə müqavilə müddətinin 2022-nin yayında bitməsi Falkaonu qarşı tərəfdən tələb irəli sürməsi ilə nəticələnib. Rəhbərlik 35 yaşlı hücumçu ilə söhbətdə tez-tez zədələndiyini əsas gətirib müqaviləyə kiçik təzminat məbləği ilə yanvarda xitam verilməsini təklif etsə də, Falkaonun getməklə bağlı şərti belə olub: "9 milyon avromu verin, gedim".
Bundan sonra klub rəhbərliyinin hansı addımlar atacağı, Falkao düyününü necə çözəcəyi maraq doğurur.