Super Liqanın son 6 matçında 5 qələbə, 1 bərabərlik əldə edən "Qalatasaray" transfer çalışmalarını sürətləndirib.
Fatih Terimi narahat edən məqam "10 nömrə" mövqeyindəki boşluqdur. 2021-in yayında müqaviləsi başa çatacaq Yunes Belhanda ilə yeni sözləşmə imzalanmayacaq. Odur ki, rəhbərlik mərakeşli futbolçunu qış fasiləsində az məbləğ qarşılığında olsa belə, satmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Fatih Terimin sərəncamında görmək istədiyi pleymeykerlər arasında çəkisi ağır isimlər var: Vlaşiç, Brahim Diaz, Zaniolo ve Yusuf Yazıcı. Lakin bu futbolçuları heyətə qatmaq bir tərəfə, onlara yaxınlaşmaq çətin görünür.
Belədə rəsmilər gözlərini Danimarkaya dikib. Hədəfdə "Bröndbü"nün gənc ulduzu Yesper Lindströmdür. 20 yaşlı futbolçunun hər hərəkəti skautlar tərəfindən izlənilir. Belhanda mövzusunda çıxış yolu tapılan kimi "Qalatasaray" Yesper üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, bu il əsas komandaya cəlb olunan istedadlı futbolçu meydana çıxdığı 12 oyunda 7 qol vurub, 4 qol ötürməsi verib.