Yayda etdiyi 18 transferlə Super Liqadakı rəqiblərinə "çəkilin, gəlirik" mesajını verən "Fənərbağça" qışda da səs-küylü keçidlərə imza atmaq niyyətindədir.
Mövsümə 5 qələbə və 2 heç-heçə ilə başlayan "kanarya" son 3 oyunun 2-də uduzmaqla 20 xala sahib liderdən 3 xal geri qalır. Bununla da çempionluğa sona qədər iddia edəcəklərini göstərməkdədirlər.
Offsideplus.az xəbər verir ki, komandanın sabiq futbolçuları - hazırda idman direktoru olan Əmrə Belözoğlu ilə əlaqələndirici Səlcuk Şahin dayanmaq bilmir. Gecələrini gündüzlərinə qatan bu ikili Avropanın altını-üstünə çevirməkdədirlər. Təki keçidi ucuz və ya pulsuz başa gələcək futbolçuları tapsınlar. Danışıqlarda Əmrənin kifayət qədər tanınması mütləq ki, öz təsirini göstərir.
Artıq iki namizədin adına aydınlıq gəlib. Bunlar dünyaca məşhur Məsut Özillə Mario Mancukiçdir. Məsutun keçidi inandırıcı görünür. Əvvəla, Türkiyə ona yad yer deyil. Kifayət qədər tanınır və sevilir. Üstəlik, "Arsenal"la müqaviləsinin müddəti 2021-in yayında başa çatır ki, bu məsələdə "Fənərbağça" şanslı görünür. Yanvarda londonlulara kiçik transfer məbləği ödəməklə Məsutu İstanbula gətirmək əsas hədəfdir.
Hazırda azad agent statusuna malik olan 34 yaşlı Mancukiç bu gün nəhənglərdən heç kimə lazım deyil. Avropadan müəyyən təklifləri olsa da, "Fənərbağça"nın çempionluğa oynaması, güclü azarkeş ordusuna sahib olması və ən əsası, təklif olunan maaş xorvat hücumçunun ürəyincə ola bilər. Belözoğlu bu iki futbolçuya "Fənərbağça"nın formasnı geyindirmək üçün özünə əl-ayaq qatıb.