Qısa müddət əvvəl məşqçilik karyerası ərzində dördüncü dəfə "Qalatasaray"ın baş məşqçisi postuna keçən Fatih Terim qış transfer pəncərəsi öncəsi komandadan göndərmək istədiyi futbolçuları müəyyənləşdirib.

"NTV Spor"un xəbərinə görə, təcrübəli mütəxəssis 6 futbolçunun xidmətində maraqlı deyil. Bunlar Sedrik Karrasko, Emrah Başsan, Umut Gündoğan, Naycl De Yonq, Rayan Donk, və Tarık Çamdaldı.

Adıçəkilən ilk 3 futbolçunun göndəriləcəyi artıq dəqiqləşib. Karrasko ilə yeni legionerlərə yer açılması məqsədilə yollar ayrılır, digər ikisi istənilən keyfiyyətdə olmadığı üçün yola salınır.

De Yonq və Donkun taleyi isə Fernandodan asılıdı. Zədəli futbolçunun sıraya dönüşü ləngiyəcəyi təqdirdə onlardan biri saxlanacaq. Tarık Çamdalla bağlı son qərar isə Antalya toplanışı zamanı veriləcək.