"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin köməkçisi Həsən Şaş istefa səbəbi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis ayrılığını şəxsi "Twitter" hesabında bu sözlərlə açıqlamışdı: “Bu gündən etibarən çox sevdiyim “Qalatasaray”dan öz istəyimlə ayrılmışam. Bu günə qədər mənə dəstək olan bütün azarkeşlərimizə təşəkkür edirəm”.

Mövsümün əvvəlində istefa verdikdən sonra yenidən işinə dönən Həsən Şaş o vaxt bu addımı "Denizli" ilə oyunda yaşananlara klub rəhbərliyinin reaksiya vermədiyi üçün atmışdı. Bu dəfə isə səbəb Fatih Terimdən incikliyi olub. 

"Aspor"un yazdığına görə, Fatih Terimin videokonfransa Həsən Şaşı dəvət etməməsi məşqçi köməkçisini məyus edib. Bundan əlavə, evi Floryaya çox yaxın olmasına baxmayaraq, toplantılara çağırılmaması da klubdan ayrılmasına səbəb olub.

Qeyd edək ki, Türkiyə mətbuatı digər köməkçi məşqçi Ümit Davalının da klubdan ayrılacağını yazıb.