Futbolu əyləncəli peşə hesab etməyən və 30 yaşında karyerasını bitirən məşhur futbolçu Pablo Daniel Osvaldo keçmişə dair maraqlı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkədə qatıldığı canlı yayımların birində italiyalı hücumçu səsləndirdiyi fikirlərlə diqqətləri çəkib.
Bir çox klublarda forma geyinmiş futbolçu "Qalatasaray" barədə də danışıb.
Osvaldo "Skuadro Azzura"nın sabiq baş məşqçisi Çezare Prandellinin onu 2014-cü ildə Braziliyada keçirilən mundiala aparmadığını və bundan sonra aralarında "soyuq müharibə"nin başladığını bildirib. Futbolçu həmin dünya çempionatında iştirak etməyi haqq etdiyini deyib. Daha sonra isə oyunçu Prandellinin onu "Qalatasaray"a dəvət etməsi barədə danışıb:
"2014-cü ildəki mundiala getməyi haqq etmişdim. Ancaq Prandelli məni ora aparmadı. Bundan da pisi isə odur ki, Çezare sonra məndən "Qalatasaray"a gəlməyimi istədi. Mən isə cavabımda günümə 50 milyon dollar versəniz də o kluba gəlmərəm dedim".
Qeyd edək ki, Prandelli elə 2014-cü ildə "Qalatasaray"ın baş məşqçisi olub.