"Qalatasaray" klubunun sabiq futbolçusu yenidən komandaya qayıtmaq üzrədir.
Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, söhbət Bafetimbi Qomisdən gedir. Baş məşqçi Fatih Terim növbəti mövsüm üçün hücumçu axtarışlarını davam etdirir. Belə ki, Florin Andone icarə müddəti başa çatdıqdan sonra İngiltərəyə geri dönəcək. Mbaye Diaqnenin isə "Bürgge"dən qayıdacağı təqdirdə, Terimin onu əsas heyətdə oynatmağı düşünmədiyi yazılır.
İcarə əsasında "Ayaks"da çıxış edən Rayan Babelin də komandada qalması gözlənilmir. Belə olduqda "Cimbom"da Radamel Falkao və Adem Büyük qalacaq.
"İmperator" ləqəbli Fatih Terim əsas diqqətini keçmiş futbolçusu Bafetimbi Qomisə yönəldib.
34 yaşlı fransalı forvard hazırda Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunda çıxış edir. Koronavirus pandemiyasının yaratdığı iqtisadi duruma görə, sözügedən ölkədə futbol klublarına maliyyə yardımı dayandırılacaq. Bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri bügünkü çıxışında bəyanat verib.
Belə oldquda isə hücumçunun "Qalatasaray"a qayıtması real görünür. Futbolçunun özünün də keçmiş komandasına qayıtmaq istəyində olduğu bildirilir.
Qeyd edək ki, Qomis 2017-2018-ci illərdə İstanbul təmsilçisində çıxış edib.