Bir tədbirdə iştirak etmək üçün İstanbula gələn "Fənərbaxça"nın sabiq ulduzu Aleks de Souza hədəfinin baş məşqçilik olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Aleks keçmiş klubu barədə geniş fikir bildirə bilməyəcəyini açıqlayıb:

"Çox söz deyə bilməyəcəyəm. Çünki komandanın sadəcə nəticələrini izləyirəm, oyunlarını izləmək fürsətim olmur. Fikir bildirmək istəmirəm. Nəsə deyəndə yanlış yerə yozulur.  "Fənərbaxça" kimi klubun tək hədəfi həmişə çempionluqdur. Planlarımda dəyişiklik olmazsa, 2021-ci ildə baş məşqçiliyə başlayacağam. Ümid edirəm bir gün "Fənərbaxça"nın baş məşqçisi olaram".

Türkiyədə çox qalmayacağını açıqlayan Aleks ona ünvanlanan Falkaonun "Qalatasaray"dakı çıxışı ilə bağlı suala maraqlı cavabı ilə diqqət çəkib:

"Falkao ilə şəxsi tanışlığım yoxdur. Uğurları və meydandakı çıxışı ilə tanıyıram. Fransa və İspaniyada bombardir olan futbolçudur. Ondan gözləntilərin yüksək olması normal qarşılanmalıdır. Ancaq "Qalatasaray"da Hacı, "Fənərbaxça"da hər yeni gələnin mənlə qarşılaşdırılmasının yanlış olduğunu düşünürəm. Məncə, bu haqqsızlıqdır. Bizim hekayəmiz bitib. Hekayəsi yeni başlayan insanla hekayəsi bitmiş insanları qarşılaşdırmaq olmaz".