Türkiyə Super Liqasının 24-cü turunda səfərdə “Trabzonspor”la qarşılaşan “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş oyundan öncə Trabzonun hava limanında yerli azarkeşlər tərəfindən xoş qarşılanmayıb.
Offsideplus.az xəbər verir ki, bir qrup “Trabzonspor”lu azarkeş hava limanında mütəxəssisin ünvanına “Trabzonu satdın” deyə, qışqırıblar. Bundan əsəbləşən Günəş azarkeşlərə tərəf gedərək, “Mən kimi satmışam? Əsl siz Trabzonu satmısız” sözlərini deyib. Təcrübəli mütəxəssis daha sonra yerli polisə azarkeşləri ordan uzaqlaşdırmadığı üçün narazılıq edib. O, bu insanların “Trabzonspor” azarkeşi olmadığını, “Fənərbaxça” və ya başqa klub tərəfindən göndərilmiş muzdlular olduğunu deyib.
Xatırladaq ki, dünən keçirilən “Trabzonspor” - “Beşiktaş” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Trabzonda doğulan Şenol Günəş, 1972-1987-ci illər aralığında futbolçu kimi “Trabzonspor”un şərəfini qoruyub. O, 1993-1997, 2005 və 2009-2013-cü illərdə Qaradəniz təmsilçisinin baş məşqçisi olub.