Millimizin üzvü Deniz Yılmaz yanvarda transfer olunduğu "Genclerbirliği"nin heyətində növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Türkiyə Superliqasının 20-ci turunda "Fenerbahçe" ilə (2:2) səfər matçının 24-cü dəqiqəsində meydana daxil olan forvard son saniyələrdə sarı vərəqə ilə yadda qalıb.

Bu isə yerli KİV-də müzakirə mövzusuna çevrilib. Belə ki, oyuna əlavə olunmuş 6-cı dəqiqədə Stefan Sessenyon rəqib oyunçuya qarşı kobud oynamasına baxmayaraq, baş hakim Mete Kalkavan yanlışlıqla Denizə "sarı" vərəqə göstərib. TRT Spor kanalında yayımlanan futbol verilişində sabiq referi Mustafa Çulcu həmin epizodu şərh edib. O, Sessenyonun hərəkətinin qırmızı vərəqəyə layiq olduğunu bildirib: "Bu hərəkətin qarşılığı qırmızı vərəqədir. Ancaq Mete Kalkavan yanlış futbolçunu cəzalandırdı. Hakim Dəniz Yılmaza sarı yox, Sessenyona qırmızı vərəqə göstərməli idi". Denizə göstərilən vərəqənin ləğv ediləcəyini gözlənilir.