Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının seçmə mərhələ oyunları Bakıda keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Çimərlik Futbolu Federasiyasının mətbuat xidməti məlumat yayıb. Oyunlar 2-9 iyul tarixlərində baş tutacaq.
Əvvəlcə reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qrup mərhələsində mübarizə aparacaqlar. İyulun 5-7-si aralığında reytinqin ən yaxşı 12 komandası yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə adlayacaq.
İyulun 8-də yarımfinal və pley-off oyunları təşkil ediləcək. Ertəsi gün isə final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları olacaq.
Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.