Beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan "Krasnodar"ın futbolçusu Kadi Borges yenə müayinədən keçəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçinin nümayəndəsi Helsio Alisk bu barədə açıqlama verib:

"Kadi aprelin 30-da əməliyyat keçirib, mayın 9-da yenidən müayinədən keçəcək. Bu, o demək deyil ki, Kadi dərhal yaşıl meydanlara dönəcək. Həkimlər sağalması üçün gərəkən dəqiq müddəti açıqlayacaqlar. Buna görə də gələn həftənin çərşənbə axşamına kimi gözləməliyik".

Qeyd edək ki, Borges üçün əməliyyatdan sonra reabilitasiya 20 gün çəkəcək. Futbolçunun 2 ay ərzində tam bərpası gözlənilir.

Xatırladaq ki, "Qarabağ"dan "Krasnodar"a transfer olunan Kadi "Spartak"a 3:4 hesabı ilə uduzduqları Rusiya Premyer Liqasının XXIV tur matçın ikinci hissəsinin əvvəlində rəqib futbolçu Georgi Cikiya ilə toqquşub və başı onun çiyninə dəyib. Huşunu itirən Kadi yerə yıxılıb. Futbolçuya dilini udmaması üçün ilkin tibbi yardım göstərilib, meydanı xərəkdə tərk edib.