Dünən Qroznıda keçirilən “Axmat” – “Dinamo” (Moskva) (1:2) qarşılaşmasından sonra hamı ondan danışır.

7-ci dəqiqədə qonaqların xeyrinə penalti qazandıran, 37-ci dəqiqədə baxımlı qol vuran erməni Arsen Zaxaryan.

Offsideplus.az xəbər verir ki, “Dinamo”nun üzvü Rusiya Premyer Liqasında meydana çıxan yeganə 2003-cü il doğumlu futbolçudur. Bu, həm də cari mövsümdə qol vuran ən gənc futbolçu kimi tarixə düşməsi deməkdir. Mayın 26-da 18 yaşı tamam olacaq. Buna baxmayaraq, noyabrdan bu yana 3 dəfə Premyer Liqa həyəcanını hiss edib.

Arsen Zaxaryan kimdir?

Samarada erməni ailəsində anadan olub və futbolun sirlərinə adıçəkilən şəhərdəki Futbol Akademiyasında yiyələnib. 2007-ci ildə bir müddət “Zenit”in akademiyasında yer alandan sonra Moskvaya gedərək “Dinamo”da baxışda olub və bəyənilib. 16 yaşında “Dinamo-2”də debüt etməyə imkan tapıb. Cari mövsümdə əsas komandada 3 oyunda 1 dəfə fərqlənməyinə baxmayaraq, “Dinamo-2”nin heyətində meydana çıxdığı 15 görüşdə 8 qol vurub, 5 qolun ötürməsini verib.

igrok dinamo zaharjan v top 60 luchshih molodyh futbolistov mira po versii the guardian 16021649811421929434

Yarımmüdafiəçidir, hücumçunun arxasında özünü rahat hiss edir. Xarici görkəminə görə sabiq “Spartak”lı Yeqor Titova bənzədirlər - bədən quruluşu, uca boyu, topla davranışı. Azarkeşlər onu indi-indi yaxından tanımağa başlasalar da, məşqçilər və skautlar xeyli vaxtdır məlumatlıdır. “The Guardian” ötən ilin payızında Arsenin adını planetin ən yaxşı 60 gənc futbolçusundan biri kimi göstərmişdi.

Təkcə son 5-6 ayda Almaniya və Belçikadan olan skautlar “Dinamo”nun gənci ilə maraqlanıb, Rusiya klubuna yaxşı məbləğ təklif ediblər. Lakin moskvalılar tələsmir, peşəkar müqavilə bağlamaq üçün bu ilin mayını gözləyirlər. Müqavilə imzalanandan sonra Zaxaryan ən qısa müddətdə Avropada peyda ola bilər. Artıq indidən Henrix Mxitaryanın davamçısı gözündə görülür.

Əslən erməni olsa da, qeyd etdiyimiz kimi, Samarada doğulub. Gələcəkdə hansı ölkənin yığmasının şərəfini qoruyacağını demək çətindir. Düzdür, indiyə qədər Rusiyanın U-16 və U-17 millilərinin formasını geyinib. Lakin yaşı və təcrübəsi artdıqca gələcəkdə çox şey dəyişə bilər.

P.S.: Ümid edək ki, nə vaxtsa hansısa azərbaycanlı futbolçu haqda da bu cür, hətta bundan 100 dəfə geniş və maraqlı yazı hazırlayacağıq. Hələliksə işi-gücü saçını oynatmaq, gizlində siqarət çəkmək olan gənc azərbaycanlı futbolçular Arsendən ibrət götürsün.