Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası Moskvanın “Dinamo” klubunun yeni futbolçularını qeydiyyatdan keçirməsini qadağan edib.

Offsideplus.az xəbər verir ki, buna səbəb Moskva təmsilçisinin Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verərkən pozuntuların olması göstərilir.

Bundan başqa Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsi qismən təmin edilib. Yeni oyunçuların qeydiyyatdan keçirilməsinə qadağa Şeydayev qarşısında öhdəliklər yerinə yetiriləcəyi təqdirdə götürülə bilər. Həmin öhdəlikləri RFS-in Mübahisələrin Həlli Palatası müəyyən edib.

Xatırladaq ki, Ramil Şeydayev "Dinamo"ya 2019-cu ilin yayında “Krılya Sovetov”dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında isə Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb. Onun bu qış yenidən “Krılya Sovetov”a qayıdacağı bildirilsə də, millimizin forvardı hələ də yeni klubunu müəyyənləşdirməyib.