Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" (Moskva) komandasının baş məşqçi postuna Mirça Luçesku təyin oluna bilər.
Bu barədə "Sport24" nəşrinə 74 yaşlı mütəxəssisin agenti Arkadi Zaporjan açıqlama verib. O, "Dinamo" rəsmiləri ilə təmaslarının olduğunu bildirib: "Hələ Luçeskuya müqavilə təklif olunmayıb. O, Moskvaya gəlməyi planlaşdırır, amma səfərin nə zaman gerçəkləşəcəyini deyə bilmərəm".
Zaporjan Luçeskunun "Dinamo"nun baş məşqçisi olma şanslarını da dəyərləndirib: "Sualı klub rəhbərliyinə vermək daha yaxşı olardı. Amma bu variant real görünür. İstərdim ki, komandaya o rəhbərlik etsin. Hələlik məsələnin nə zaman həllini tapacağını deyə bilmərəm".
Qeyd edək ki, ötən həftəsonu Rusiya Premyer Liqasının XII turunda "Orenburq"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. (report)