“Ramil Şeydayevin potensialına görə digərlərindən geri qaldığını deməzdim”.

Bunu Rusiyanın “Dinamo” (Moskva) klubunun idman direktoru Roman Oreşuk deyib.

Klub rəsmisi “transfer pəncərəsi”nin yekunları ilə bağlı geniş müsahibə verib. R.Oreşuk Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin transferinə və hücumçunun qol vurmaqda çətinlik çəkməsinə də toxunub: “Şadam ki, Lutsenko və Markov qol vurmaqları ilə fərqlənirlər. Şeydayevə sadəcə bir qol vurmaq lazımdır ki, ardı gəlsin. Siz onun özünün necə narahat olduğunu görmürsünüz. Amma biz Ramilə inanırıq. O, “Dinamo”da öz qollarını vuracaq. Bunun üçün imkanları da var. Amma sakitləşmək, özünə gəlmək lazımdır. Belə olanda qollar da gələcək”.

Qeyd edək ki, R.Şeydayev bu yay keçdiyi “Dinamo”da 6 çempionat matçına çıxsa da, qol hesabını aça bilməyib. APA