Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" komandası sabiq baş məşqçisi Andrey Tixonov və keçmiş futbolçularına olan borcunu ödəməyib. 

Offsideplus.az "Championat"a istinadən xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssisin özü məlumat verib. 

Rusiya Futbol İttifaqı (RFİ) Tixonovla müqavilə ləğv edildikdən sonra ona ödəniləcək təzminatı gecikdirdiyinə görə faiz borclarını həll etməsi üçün Samara təmsilçisinə aprelin 17-dək vaxt verib. Klub isə qarşıya qoyulan şərtləri yerinə yetirməyib və buna görə komandanın yeni oyunçuları qeydiyyatdan keçirməsinə qoyulmuş qadağa uzadılıb. 

RFİ Mübahisələrin həlli Palatası "Krılya Sovetov"un sabiq futbolçuları - Danil Klyonkin və əslən azərbaycanlı Azər Əliyevin şikayətlərini də nəzərdən keçirir. 

Mayın əvvəlində klub növbəti mövsüm üçün lisenziyalaşdırma prosedurundan keçməyə başlayacaq və bütün bunlar kluba problemlər yarada bilər.

Qeyd edək ki, Andrey Tixonov 2017-ci ildə "Krılya Sovetov"un baş məşqçisi olub və komandanı Premyer Liqaya yüksəldib. Hazırda "Ufa"da çıxış edən Azər Əliyev isə 2017-2018 mövsümündə bu komandanın formasını geyinib.