"Qeyri-sabit hava şəraiti hər iki komandaya çətinlik yaratdı. İşimizi çətinləşdirən məqamlardan biri də heyətimizdə itkilərin olması idi. Həm zədəli, həm də cəzalı oyunçumuz var idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Millətlər Liqasının C Liqasının 4-cü qrupu çərçivəsində dünən Bakıda Monteneqroya qarşı keçirilən matç barədə fikirlərini bölüşən çalışdırıcı qolsuz bərabərliklə başa çatan oyunun nəticəsini ədalətli sayıb: "Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu. Qızlar xarakter göstərdilər, sona qədər mübarizə apardılar. Meydançaya çıxan futbolçular müxtəlif səbəblərdən komandada olmayanları layiqincə əvəzlədilər. Məsələn, qapıçımız Nərgiz Əliyeva ilk dəfə rəsmi matçda start heyətində çıxış edirdi. Onun performansını çox bəyəndim. Ümumi götürdükdə komandamız çox yaxşı mübarizə apardı”.
Siyasət Əsgərov məqsədlərinin qrupda birinci yeri tutaraq, B Liqasına yüksəlmək olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan - Monteneqro matçı güclü qar səbəbindən 2 saat gec başlanmışdı.