"Mançester Yunayted" Kriştiano Ronaldo ilə rəsmi müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz sosial şəbəkə hesabında 12 il sonra "qırmızı şeytanlar"a dönüşü barədə duyğusal paylaşım edib.
"Məni tanıyan hər kəs "Mançester Yunayted"ə qarşı sonsuz sevgimə bələddir. Bu klubda keçirdiyim illər möhtəşəmdir. Birlikdə qədəm qoyduğumuz yollar isə tarixin yaddaşına qızıl hərflərlə həkk olunub.
"Old Trafford"a dönüşüm açıqlanandan bəri hisslərimi izah edə bilmirəm. Sanki xəyallar gerçəkləşir: "Mançester Yunayted"ə qarşı oynasam belə tribunalardan gələn sevgi və dəstəyi həmişə hiss edərdim.
Mənim ilk yerli çempionat, ilk Kubok, ilk Çempionlar Liqası qalibiyyətim, Portuqaliya millisinə ilk dəvətim, ilk "Qızıl Buts" və "Qızıl Top" mükafatlarımın hamısı "qırmızı şeytanlar"la aramda olan xüsusi bağdan yaranıb. Tarix keçmişdə yazılıb, gələcəkdə də bir daha yazılacaq! Sizə söz verirəm!
Mən burdayam!
Aid olduğum yerdəyəm!
PS. — Ser Aleks, bu sənin üçündür..."