"Şeffild Yunayted"ə qarşı oyunda het-trik edən Qaret Beyl oyundan sonra açıqlamaları ilə diqqət çəkib.
Offsideplus.az "SKy Sports"a istinadən xəbər verir ki, uelsli hücumçu "Tottenhem"in istefaya göndərdiyi Joze Mourinyoya da söz atıb. 31 yaşlı futbolçu indi əsl "Tottenhem" kimi oynadıqlarını açıqlayıb:
"Daha irəlidə oynamağa başladıq, qola daha yaxınıq və nəticə verə bilirik. İndi əsl "Tottenhem" kimi oynayırıq. Yaxşı hiss edirəm, öncə də dediyim kimi oynamağa ehtiyacım var idi. Xoşbəxtəm və yaxşı oynayanda da məmnun qalıram. Start fitindən etibarən yaxşı performans sərgilədik. Qalib gəlmək həmişə hamını məmnun edir".
Qeyd edək ki, 4:0 hesabıyla başa çatan oyunda Qaret Beyl het-trikə imza atıb (36, 61 və 69.)