"Liverpul"un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahla bağlı açıqlama verib.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, alman mütəxəssis "Midtyulland" - "Liverpul" (1:1) qarşılaşmasında kapitan sarğısını misirli futbolçuya həvalə etməməsinin səbəbini açıqlayıb: "Futbolçu karyeramda çox kapitanlıq etmişəm. Fikrimcə, bu, boş şeydir. Elə bir üstünlüyü yoxdur, əksinə, yükü çoxdur. Ona görə də kapitanlığın əhəmiyyət daşıdığını düşünmürəm. Bəli, bizim Cordan Henderson kimi futbolçuya ehtiyacımız var. Amma sarğını bir oyunda daşımaq... Burda qabardılası nə var, anlamıram. İndi ən kiçik hadisə belə, dünyada böyük səs-küyə səbəb olur.
Komandada kapitanlıqla bağlı qaydalar var. Birinci kapitan Hendersondur, ikinci Milner, üçüncü Vircil. Onlar olmayanda Cini Veynaldum. O da oynamasa, sarğı "Liverpul"a hamıdan əvvəl gəlmiş futbolçuya həvalə olunur. Bu, mənim qərarım, yanaşmamdır. Ona görə də komandanı "Midtyulland"la oyuna Trent Aleksander-Arnold çıxardı. Çünki "Liverpul"un əsas komandasındakı staja görə hamını qabaqlayır.
Oyundan sonra Salahla danışdım. Başa düşdüm ki, vəziyyət ürəyicə olmayıb. Sonradan hansısa müsahibəsində yenə bu məsələyə toxundu. Bilirəm, üzgündür, amma mən bunu bilə-bilə etməmişdim".