Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salmanın satın almağa hazırlaşdığı "Nyukasl Yunayted" klubu üçün hazırki prezident Mayk Eşliyə yeni təklif gəlib.

Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, məşhur iş adamı Yevangeline Şen "ağ-qaralı" kluba sahiblənmək üçün hərəkətə keçib.

Bir zamanlar ABŞ-ın sabiq prezidenti Barak Obamaya hədiyyə göndərməsi ilə gündəmə gələn Şen artıq "Nyukasl"ın prezidenti Mayk Eşli ilə görüşüb.

Mətbuatda yer alan xəbərlərə görə, tərəflər arasında ilkin razılaşma əldə olunub.

Onun "sağsağanlar" üçün 280 milyon funt sterlinq ödəyəcəyi bildirilir. Əgər satış baş tutsa, bu, İPL tarixində bir ilk olacaq. Belə ki, indiyə qədər klubların heç birinin qadın rəhbəri olmayıb.

Adının məşhur Camal Qaşıqçı cinayətində hallanması, bunun üzərinə Premyer Liqaya insan haqları ilə bağlı aktın tətbiq edilməsinə hazırlıq, o cümlədən də "beİN Sports" kimi yayım şirkətinin ərəb milyarderin klubu satın alacağı təqdirdə oyunları yayımlamaqdan imtina edəcəyi məsələsi Bin Salmanın işini çətinə salıb.

Bu səbəbdən də onun "Nyukasl"a sahiblənməsi real görünmür.