"Mançester Yunayted"in yeni baş məşqçisi Ole-Qunnar Sulşer Britaniya mətbuatına maraqlı müsahibə verib.
Offsideplus.az xəbər verir ki, norveçli mütəxəssis futbolçu karyerasını da vərəqləyib.
Sulşer 1996-cı ildə "Mançester Yunayted"ə necə transfer olunduğunu da yada salıb. 45 yaşlı çalışdırıcı həmin vaxt da "qırmızı şeytanlar"a "Mölde"dən keçdiyini vurğulayıb.
Sulşer DÇ-1998-in seçmə mərhələsinin qrup mərhələsi çərçivəsində Azərbaycanla ilk ev matçının bu transferdə böyük rol oynadığını bildirib: "Norveç yığmasının heyətində Azərbaycana qarşı keçirilən ev oyunundan sonra menecerim mənə bildirdi ki, çıxışım "Mançester Yunayted" rəhbərliyinin xoşuna gəlib. Hətta dedi ki, klub prezidenti Martin Edvards istirahətə yollanmamış bu keçidi həll etmək istəyir. Hadisələr sürətli cərəyan etdi. "Mölde" sahibləri şəxsi təyyarə ilə məni Mançesterə yolladılar. Çünki ora getmək istədiyimi çox yaxşı bilirdilər. Buna görə də, "Mölde"yə hər zaman minnətdar olacam. "Old Trafford"a gedəndə klub rəhbəri ora ziyarət üçün getdiyimi düşündü. Mənə "burda nə edirsən" sualını verdi, cavabında isə müqavilə bağlamaq üçün gəldiyimi dedim. Səssiz dayandı və birdən qələmini çıxarıb uzatdı ki, al, imzala".
Qeyd edək ki, 1996-cı il iyunun 2-də keçirilən Norveç - Azərbaycan oyunu ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib, Sulşer isə 2 qola imza atıb. (matc.az)