Ruben Amorim "Mançester Yunayted"ə keçdikdən sonra "Sportinq"in "sükanı arxası"na Joao Pereyra gətirildi.
Offsideplus.az xəbər verir ki, Pereyranın gəlişindən sonra məğlubiyyət komandanın ən yaxın "dostları"ndan birinə çevrilib. Klub son 4 oyunda xal üzünə həsrət qalıb.
Mütəxəssis Lissabon təmsilçisinə gəlişindən sonra ilk oyununda III Liqadan "Amarante"yə 6 cavabsız qolla qalib gəlmişdi. Lakin bu qələbədən sonra uğursuzluq paytaxt klubunun "yaxası"nı buraxmır.
Əvvəlcə Çempionlar Liqasında "Arsenal" "5-1" məğlub oldular. Sonra liqada "Santa Klara" (1-0) və "Moreirense" (2-1) ilə bacarmadılar. Ən sonda isə dünən yenidən Çempionlar Liqasında "Klub Bruj"a "2-1" hesabı ilə məğlub oldular.
Qeyd edək ki, Portuqaliya Çempionatında 13 turdan sonra "Sportinq" 33 xalla liderdir. Ən yaxın izləyicisi olan "Benfika" 2 xal geridə qalır və daha az oyun keçirib.