Ötən gün Azərbaycan futzal yığması Avropa çempionatının seçmə mərhələsində Yunanıstanla qarşılaşdı və daha bir məğlubiyyətə düçar oldu. Bir vaxtlar yunanların daşını daş üstə qoymayan milli komandamız indi rəqibinin qarşısında çarəsiz durumdadır.
Təbii ki, bu, təkcə bir oyun deyil, uzun illər yığılan sistematik problemlərin acı nəticəsidir. Statistikaya nəzər salsaq, vəziyyət daha kritik görünür: son 8 rəsmi oyunda qələbə yoxdur, axırıncı 11 matçda isə cəmi bir dəfə qalib gəlmişik. Halbuki, bir zamanlar Azərbaycan futzal millisi ardıcıl qələbələr qazanar, beynəlxalq arenada rəqiblərinə göz açmağa imkan verməzdi. Elə indiki baş məşqçi Vitali Brisovun yığmada oynadığı dövrlərdə Yunanıstana 7:0, 4:0, 3:0, 5:2 hesabları ilə qalib gələrdik.
Bəs nə baş verdi?
Səbəb təkcə oyunçuların forması və ya taktiki səhvlər deyil. Problemin kökü daha dərində – idarəetmə sistemində gizlənir. Uğurlarımızın arxasında yerli futbol məktəbi deyil, legionerlər dayanırdı. Vaxtilə komandamızın nailiyyətlərində əsas pay sahibi əcnəbi futzalçılar, xüsusilə braziliyalılar idi. O zaman nəticələr olsa da, fundamental inkişaf yox idi.
Bu gün futzalımızın düşdüyü vəziyyət təkcə oyunçuların yox, bütöv sistemin uğursuzluğudur. Uzun illər davam edən yanlış idarəetmə, qısamüddətli nəticələrə hesablanmış siyasət futzalımızın potensialını məhv etdi. Çünki bu siyasət bir məqsədə xidmət edirdi: qısamüddətli uğur naminə yerli futzalın inkişafını qurban vermək. Necə deyərlər, legionerlər gəldilər, qazandılar və getdilər. Onların arxasında isə boşluq qaldı – təcrübəsiz, hazırlıqsız bir yığma.
Əgər o dövrdə yerli oyunçulara üstünlük verilsəydi, indi beynəlxalq səviyyədə rəqabət apara bilən sabit komanda formalaşardı. Təbii ki, ilk illərdə məğlubiyyətlər qaçılmaz olardı, amma uzunmüddətli inkişaf üçün belə qurban verməyə dəyərdi.
Azərbaycan Futzal federasiyası isə fərqli yol seçdi: hazır məhsulu kənardan gətirdi və yerli istehsala barmaqarası yanaşdı. Sözsüz ki, tənəzzülün baş memarı federasiya prezidenti Zaur Axundovdur. Təbrik edirik, cənab Axundov! Əkdiyiniz ağacların barını yeyirik. Sizin rəhbərliyiniz altında futzalımız kənardan asılı, öz sistemini qura bilməyən aciz sahəyə çevrildi. Hazırda yığmada legionerlər yoxdur, heç onlarsız sistemin necə işləyəcəyini bilən də yoxdur.
Söhbət təkcə Yunanıstana məğlubiyyətdən getmir. Azərbaycan futzalında qlobal problemlər mövcuddur. Ölkəmizdə futzalın kütləviləşdirilməsi üçün hanısı addımlar atılır? Niyə çempionatımızın səviyyəsi yox dərəcəsindədir? Futzalı uşaqlara sevdirmək, layiqli nəsil yetişdirmək üçün nə işlər görülür? Yoxsa yenə Braziliyaya üz tutub, tezbazar görüntü yaratmaq üçün legionerlərlə sabun köpüyünü xatırladan qələbələr qazanmaq istəyirsiniz?
Təsəvvür edin ki, yığmanın baş məşqçisi Vitali Borisov güclü ənənələrə malik Azərbaycan futzalında hücumçu tapa bilmir. Bəlkə Zaur Axundov bilir: hanı hücumçular? Niyə insanları futzaldan bu qədər küsdürmüsünüz? Yığma üzvlərinin yaşlarına fikir verin: Emin Kürdov 40 yaş, Tofiq Mikayılov 38 yaş, Fərid Atakişyev 34 yaş, Rövşən Hüseynli 34 yaş...
Zaur müəllim, 20 ildir Futzal Federsiyasında nə işlə məşğulsunuz? 20 il – bir futzalçı nəsli deməkdir.
Əgər belə davam edərsə, Azərbaycan futzalı yalnız tarixdə qalan uğurları xatırlamaqla kifayətlənəcək. Bu, yanlış idarəetmənin məntiqi sonluğunu göstərən fiaskodur. Futzalımızın gələcəyini ancaq düzgün strategiya və yerli istedadların inkişafına sərmayə qoymaqla qurtarmaq olar – əgər gec deyilsə…