Sabah Azərbaycan futbolu tarixində ilk yaşanacaq. İlk dəfə bir Azərbaycan klubu yanvar ayında avrokuboklarda qrup/liqa oyununa çıxacaq. Avropa futbol turnirlərində bu ayda oynanılan matçlar adətən müəyyən səbəblərdən təxirə salınmış görüşlər olardı. Bu dəfə isə başqa məqsədlə yığışırıq. 

Sabah qışı yumşaq keçən Bakımızda isti Avropa Liqası küləyi əsəcək. Avrokuboklarda Azərbaycan bayrağı altında çıxış edən, gözümüzün ağı-qarası yeganə klubumuz "Qarabağ" bu turnirdə növbəti oyununa çıxacaq. Bakıda son matç. Sonra isə "Qarabağ"ımızı yola salacağıq Yunanıstana, bizim klubdan qisas almaq istəyən komandanın vətəninə. Əziz futbolsevərlər, bizə futbolu sevdirən, keçən ilin fevral, mart aylarında hamımızı sevincdən göyün 7-ci qatına çıxaran kollektivimizi səfərə ev qələbəsi ilə yollaya bilmərik? Sözsüz, Qurban Qurbanovun komandasında günəş kimi parıldayıb, göz çıxaran Juninyo kimi itki var. Amma bəlkə komandadan yeni ulduzlar çıxacaq? Biz azərbaycanlılar ki, qara geyinməyi sevirik. Gəlin, Tofiq Bəhramov adına Respublika stadionunun boz tribunalarını qaraya bürüyək. Meydanda da ulduzlar parlasın, bir him-cimlə telefon işıqlarından mənzərə yaradan tamaşaçılar da kəhkəşana dönsün. "Qarabağ"ı son iki oyunu qalmış ölüm-dirim mübarizəsindən birində yalnız qoymayaq? İndi əlimizdə imkan varkən "Qarabağ"a da sübut edək ki, biz növbəti mövsüm üçün ulduzlar liqasına - Çempionlar Liqasına layiqik. 

Rumıniyanın FKSB klubuna qarşı oyun ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq. Ötən aylarda biletlərin satışa çıxarılan kimi yoxa çıxdığı zamanları xatırlayanda indi lap ürəyim ağrıyır. 5 manatlıq biletlərdən 8000-ə yaxını hələ də satılmayıb...

Yeri gəlmişkən, hava da çox soyuq deyil. Çox ümid edir və inanıram ki, "Qarabağ", sabah azarkeşlərinin yoxluğundan üşüməyəcək.