Həm təqvimimizə, həm də qəlbizimə qara hərflərlə yazılmış "20 Yanvar" faciəsinin ildönümünə saatlar qalıb. 2005-ci ildə, "Qara Yanvar" faciəsindən düz 15 il sonra bir gözümüz ağlayanda bir gözümüz güldü. Xalqa divan tutulan gündən saatlar öncə "Xalqın komandası" Azərbaycan futbolu tarixində unudulmaz qələbə qazandı. Növbəti gün şəhidlərin məzarına qoyulacaq qərənfillər üçün qəlbimizə su səpildi...

2005-ci il yanvarın 19-da Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 final mərhələsində "Neftçi" Ermənistan çempionu “Pünik”i 2:0 hesabı ilə məğlub etdi. Baş məşqçisi Ağasəlim Mircavadov olan "ağ-qaralar"a qələbə gətirən qolları Georgi Adamiya və Vidadi Rzayev vurmuşdu.

Ağasəlim Mircavadovla söhbətimizdə 77 yaşlı mütəxəssis Offsideplus.az üçün keçmiş xatirələri vərəqlədi...

"Biz burda hazırlaşanda, hələ Bakıda olanda Zaur Tağızadə dedi ki, biz ermənilərə qarşı oynayacağıq. Doğurdan biz oynadıq, 1/4 finala çıxdıq, "Pünik" də qalib gəldi və bizimlə düşdülər. Onda Zaur dedi ki, Ağasəlim müəllim, mən sizə dedim ki, biz onlarla oynayacağıq. Amma darıxmayın, onları udacağıq. Təkcə o yox, digər uşaqlar da orda idi, eyni düşünürdülər. Biri var sözdür, deyirsən. Biri də var ürəkdən dediyin sözə inanırsan. Onda hiss elədim ki, oyuna hazırdırlar, o zaman hələ matça 2 gün qalmışdı. Moskvada keçiriləcək oyun bu gün 19 yanvar bizim saatla 8-də başlayacaqdı. Uşaqlar bir otaqda iki nəfər qalırdılar, gəlib qulaq asırdım ki, çoxusu yatmamışdı, söhbət edirdilər. Deyirdilər ki, oyunda elə edəcəyik, belə edəcəyik.

Rəhbərlikdən xahiş etdim ki, matç barədə çox fikir bildirməsinlər. Oyuna hazırlıq zamanı həmişə 15-18 dəqiqə danışıram. Həmin gün rəhbərlik gəldi, 2-3 dəqiqə öz sözlərini dedi və çıxıb getdilər, çox sağ olsunlar. Mən də 5-6 dəqiqə heyəti açıqladım, tapşırıqları verdim və çıxdım. Uşaqlar otaqda qaldılar. 5 dəqiqədən sonra onlar da otaqdan çıxdılar. Stadiona gələndə gördük ki, anşlaq var. Ermənilər çox idi. Düzdür, biz azərbaycanlılar üçün bilet almışdıq. Bizdə nə qədər bilet var, hamısını azərbaycanlı azarkeşlərə payladıq. Sonra öyrəndik ki, hətta bir tərəfdarımızı yer olmadığı üçün buraxmayıblar. Riyazi cəhətdən onlar üstün ola bilərdi, amma o oyunda azərbaycanlıların qəlbi daha çox döyünürdü. Qələbə əzminin yüksəkliyi bizim tərəfimizdə idi.

Birinci hissədən sonra (0:0) geyinmə otağında uşaqlarla söhbət etdik. Hansı mövqedə nə etmək lazımdır, zəif tərəfləri nədir, deyə izah etdim. Ermənilər yorulmuşdu və 2 mərkəz müdafiəçisi bir-birlərindən çox aralı oynayırdı. Ordan açılıb, topu versəydik, oyunçu birə-bir mübarizəyə çıxa bilərdi. Elə də oldu. 2-ci qolu Mahmud çox ustalıqla göydə tutdu. Ayağının içiylə ötürmə verdi və Vidadini birə-bir mübarizəyə çıxardı. Ermənilər inanmırdı ki, biz ikinci hissəyə elə başlayarıq. Qələbədən sonra tribunaya baxdıq, 1 erməni də yox idi. Hamısı azərbaycanlıydı, uşaqlar vardı, qışqırıb, sevinirdilər. Tarixi oyun idi, uşaqlara indi də minnətdaram. Öz mərdliklərini göstərdilər. Hətta xəstə olan oyunçular vardı bizdə, iynə ilə oynamaq istəyirdilər. Bu, o oyun idi ki, biz qələbə çaldıq".

"20 Yanvar" faciəsinin 35-ci ildönümünə saatlar qalmış "Neftçi"nin bu tarixi qələbəsi xalqımızın yaddaşında silinməyən oyunlardan biri kimi qalacaq. Bu oyundakı qəhrəmanlıq dolu zəfər sözsüz ki, "ağ-qaralar" üçün bütün zamanların ən böyük qələbəsidir. Bundan daha böyük zəfər isə şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgərlərimizin fədakarlığı nəticəsində əldə olundu. Unutmarıq, unutdurmarıq...