Premyer Liqaya qayıdışından bəri "Araz-Naxçıvan" klubunun nə zaman Naxçıvan şəhər stadionuna qayıdacağı bəlli deyil.
Klubun akademiyasının koordinatoru Sakit Rzayev stadionla bağlı son durumu Offsideplus.az-ın diqqətinə çatdırdı. Klub rəsmisi stadionda təmirin nə vaxt başlanılacağı barədə bir məlumatın olmadığını söylədi:
"Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasından (COP29) sonra Prezident İlham Əliyevin Naxçıvandakı səlahiyyətli nümayəndəsi "Araz-Naxçıvan"ın stadionuna baxış keçirdi. Görüləcək işlərlə bağlı tapşırıqlar verildi. Sənədləşmələr aparıldı və nümayəndəliyə təqdim olundu. AFFA və "CBC Sport"un əməkdaşları dekabrda stadiona baş çəkdilər. Hər bir qurum tərəfindən görüləcək işlərlə bağlı danışıqlar aparılıb, tövsiyələr verilib. CBC Sport canlı yayım və efir üçün UEFA-nın şərtlərinə uyğun olaraq çatışmazlıqları bildirib. Hər iki qurum hesabatlarını rəhbərliyə bildirib. Bundan sonrakı mərhələlər isə bildiyim qədərilə Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyi və nazirlər kabinetinin nəzarətindədir. Biz də məlumat gözləyirik ki, işlər nə vaxt başlanılacaq. Bizə işlə bağlı bir məlumat, təlimat verilməyib, başlanmasını gözləyirik", S.Rzayev bildirdi.