"Neftçi" azarkeşlərinə ürəyim yanır. Ümidlə gözləyirdilər ki, komandaları "Kəpəz"i udsun və qələbə sevinci yaşasınlar. Flaqman üçün indiki Gəncə təmsilçisi üzərində qalibiyyətə ümid bağlamaq da biabırçılıqdır. Amma bu arzu da həyata keçmədi. Azər Bağırovun gəlişindən sonra yenidən qurulan "Kəpəz" Tovuzda "ağ-qaralar"a futbol dərsi keçdi.
Belə iş olmaz, a kişi. Bu komandanın adı "Neftçi"dir. Ölkənin ən köklü klubu işbilməzlərin əlində qalıb. Azərbaycan futbolu tarixində biabırçı ilk yaşanır. 1937-ci ildən bəri "Neftçi"nin ardıcıl 9 turda qələbəyə həsrət qaldığını görməmişdik. Sanki flaqman hansısa qara qüvvələr tərəfindən repressiyaya məruz qalıb.
Günahkarı uzaqda axtarmağa gərək yoxdur. Klubun idarəçiləri bu işdə əsas pay sahibidirlər. İcraçı direktor Cenk Sümer, İdman üzrə müşavir Kamil Məmmədov, Futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizovdur əsas günahkar.
Roman Qriqorçuku dərhal tutduğu vəzifədən azad etmək lazımdır. Hazırda "Neftçi"nin heyətində 23 futbolçu var. Onlardan 13-ü legionerdir. Kollektivdə olanların 8-i Qriqorçuk dövründə gəlib. Ukraynalı bu futbolçulardan normal komanda formalaşdıra bilməyib. Flaqmab qələbəyə həsrətdir, a kişi.
"Neftçi" hazırda qara günlərini yaşayır. Tək çarə yuxarıda adlarını sadaladığım şəxslərin ağ bayraq qaldıraraq təslim olmalarıdır. Üzü sulu getmək də mədəniyyətdir. Sizinlə bu yolu birgə addımlayan Yens Andersson "öz istəyi ilə" "Neftçi"dən getdi. Siz bunu da bacarmayacaqsınız ?!
İlkin Sultanlı