İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günüdür.
Peşəsinə sayğı ilə yanaşan, fəaliyyətində qərəzsiz, maddiyyat qurbanı olmayan, idman jurnalistləri, gününüz mübarək!
Bu günlə bağlı illərdi idman jurnalistikasında çalışan həmkarlarımıza müraciət etdik. Offsideplus.az olaraq onlara 2 sual ünvanladıq:
1) İdman jurnalistləri Azərbaycan ictimaiyyətinə təsir edə bilirmi?
2) Ölkəmizdə idman jurnalistikasının perspektivi, gələcəyi varmı?
Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): “Əvvəlcə onu deyim ki, idman mediasında çalışanların əksəriyyəti zəhmətkeş insanlardır. İsti, soyuq, gecə, gündüz demədən stadionlarda, reportajlarda olurlar. İdman jurnalistləri Azərbaycan ictimaiyyətinə müəyyən qədər təsir edir. Sadəcə, müəyyən qədər. İdman mediasının Azərbaycanın futbol həyatında qəbul edilən qərarlara böyük və ciddi təsiri olduğunu düşünmürəm. Olsaydı, milli komandalarla, uşaq futbolu ilə bağlı acınacaqlı vəziyyət illərdir davam etməzdi.
İdman jurnalistinin ağır iş qarşılığında məvacibi ancaq gündəlik xərclərini birtəhər qarşılamağa yetirsə, hansı perspektivdən söhbət gedə bilər? İdman jurnalistinin məsələn, xarici dil öyrənməyə maddi imkanı və vaxtı olduğu zaman işıqlı gələcəkdən danışmaq olar”.
Ceyhun Əliyev (Sport24.az saytının baş redaktoru): “23 illik praktikama əsasən deyə bilərəm ki, idman jurnalistikası ciddi dəyişikliyə məruz qalıb. Əvvəllər rəqabət indikindən qat-qat güclü idisə, günümüzdə kəmiyyət elə hala gəlib ki, artıq keyfiyyət xeyli aşağı düşüb. Bunu da dəyərlərin dəyişməsi ilə əlaqələndirərdim. Ön plana maddiyyat çıxıb. Rəqabət anlayışı yoxdursa (bu peşəyə gəlmək üçün heç bir sertifikatlaşma və ya kateqoriya imtahanı verilmir), ictimai təsir də istiqamətini dəyişir. Artıq kütlə psixologiyasına hesablanan "jurnalistika" vüsət alır. Sosial şəbəkələr elə hala gətirilib ki, 2 status və 100 bəyənmədən sonra müəllif özünü jurnalist obrazında görür. İdman mediamızda çətinliklə olsa da, ictimai fikrə (kütlə ilə səhv salmayın) təsir etmək qabiliyyətində olan TOP-10 tərtib etmək olar.
Mənim gördüyüm idman jurnalistikası ağır sahədir, yeni nəsil isə sadə marşrut düşünür: telefonla çəkiliş etdim - baxış sayı yığdım - reklam gəldi. Əsas odur bir qalmaqallı sual verim, şərhlərdə də müsahibin ünvanına babat "yağlamalar" gəlsin. Maddi cəhətdən bu, daha əlverişli olsa da, buna ən yaxşı halda "sarı media" deyə bilərəm. Ənənəvi idman jurnalistikasının bərpası üçün isə ciddi islahatlara ehtiyac var. İndiki halda tənəzzül yaşasaq da, sevimli sahəmizin peşəkarlaşma relsinə dönəcəyinə hələ də inanıram”.
Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): “Müəyyən mənada təsir edə bilir, yəni bu təsir arzulanan səviyyədə deyil. Həm də bizdə - Azərbaycanda idman, futbol təsərrüfatının idarəçiliyi elə qurulub ki, qərar verən adamlar üçün ictimai rəyin məzmunu, necəliyi önəmli deyil. Məsələn, Berti Foqts 6,5 il yığmamızın baş məşqçisi oldu, Azərbaycan futboluna 6,5 manatlıq fayda vermədi. Sonda nə özü məsuliyyətini, səhvlərini etiraf etdi, nə də ona belə uzun müddət üçün etimad göstərən AFFA rəhbərliyi.
Bilirsiniz, küçə jurnalistikası, yəni reportyorun gəzib-dolaşaraq, birbaşa, canlı ünsiyyət əsasında yazı hazırlaması artıq yerini otaq və sosial şəbəkə, IP jurnalistikasına verib. İdman jurnalistikası da bu tendensiyadan kənarda deyil. Bu sahəyə hər il çoxlu gənc can atır. Təəssüf ki, əksərinin ümumi idman biliyi azdır, gələnləri öyrənməkdən, təcrübə qazanmaqdan daha çox maaş və iş qrafiki maraqlandırır. İmzanın tanınması, ölkədə peşəkar idman jurnalisi kimi məşhurlaşmaq həvəsi aradan qalxıb. İstər yığmanın, istərsə də klubların oyunlarında mən bir çox hallarda boynuna akkreditə vərəqi taxmış peşəkar azarkeş görürəm, nəinki idman jurnalisti. Bu sahədə problem çoxdur - ifrat kəmiyyətdən tutmuş adi davranış elementlərinə qədər. Amma ümidlə yaşamaq, xüsusən də gənc həmkarların nəzəri biliklərinin artırılmasına çalışmaq lazımdır. Eyni zamanda, mənə elə gəlir ki, ən azı nüfuzlu idman nəşrlərinin rəhbərləri bir araya gələrək özündə plagiat, xəbər oğurluğu, xəbərlərin vaxtı ilə oynamaq və bir çox başqa məqamlarla bağlı münasibətləri tənzimləyən bir pakt imzalamaldırlar”.
Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): “İdman jurnalistikası çoxspesifik sahədir. İdman spesifik və kiçik bir sahədir. Buna görə də Azərbaycan ümumi ictimaiyyətinə təsir edə bilmir. Lakin idman ictimaiyyətinə təsir edə bilir. İdman jurnalistikasında tənqid dərəcəsi azalmağa doğru gedir. Lakin azalmasına baxmayaraq effekti çox böyükdür. İstənilən bir cümlənin təsir qüvvəsi böyükdür.
İdman var olduqca, sevildikcə idman jurnalistikası da var olmağa davam edəcək. Düzünü desəm, 10-15 il bundan öncəki idman jurnalistikası ilə indikinin gücü arasında fərq var. Maliyyə olmadığına görə bu işi sevən adamlar ancaq maraq göstərir bu sahəyə. Müasir gənclikdə bu tendensiya azalır. Bu baxımdan perspektivlik dumanlı görünür. Ümidlərimizi itirməməliyik. Mən 20 ildir bu sahədəyəm və çalışıram ki, peşəmizdə maraq yaradım”.
Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru): “İdman jurnalistləri layiq olduğu qiyməti almasa da, diqqəti görməsə də, ictimai fikirə təsir imkanlarını itirməyib. Ölkəmizdə idman jurnalistikasının perspektivi, gələcəyi var. Lakin müasir tələblərə uyğunlaşmaq, zamanla ayaqlaşmaq, inkişaf etmək vacibdir. İdman var olduqca idman jurnalistikası da olacaq”.
İlqar Tağıyev ("525-ci qəzet"in şöbə müdiri): “İctimaiyyət arasında kifayət qədər tanınmış idman jurnalistləri var. Fikirləri böyük əhəmiyyət daşıyır. Lakin idman ictimaiyyətinə təsir edə bilirlər. Lakin ümumi ictimai fikrə düşünmürəm ki, təsir etsin. Azərbaycanda istedadlı gənclər çoxdur. Jurnalistikaya və idmana həvəsi olan gənclərimiz var. Ölkədə idman varsa, demək ki, idman jurnalistikası da olacaq”.