Rumıniyalı mütəxəssis Laurentsiu Reqekampfın "Neftçi"yə baş məşqçi təyin edilməsindən sonra komandada ayrılıqlar yaşandı.

"Ağ-qaralar"ı tərk edənlərdən biri də 4 il paytaxt klubunda qapıçılar üzrə məşqçi kimi çalışan Etibar Tarverdiyev oldu.

Offsideplus.az-a müsahibə verən təcrübəli mütəxəssis "Neftçi"dən ayrılma səbəbi və bir sıra vacib məqamlar haqda fikirlərini bölüşdü.

- Məşqçiliyə gəlişiniz barədə danışardız...

- Futbol oynadığım dönəmdə belimdə ağır zədə var idi. Bu problem bir neçə il davam etdi və mən məcburiyyətdən futbolu atmalı oldum. Məşqçilik karyerama isə Azərbaycanın U-17 millisində, Bernard Lippertin dövründə başladım. Ardınca 2010-cu ildə paralel olaraq "Sumqayıt" klubunda işlədim. Bu komandada ümumilikdə 7 il çalışdım. Həmçinin, paralel olaraq Berti Foqtsun rəhbərlik etdiyi dövrdə Azərbaycanın əsas yığma komandasında da fəaliyyətim olub. Qısamüddətli olsa da, Aslan Kərimovla birlikdə U-15 millisində də işlədim. Daha sonra vaxtilə l Divizionda çempion olan "Abşeron" klubunda və "Neftçi"nin əvəzedici komandasında çalışdım. Son olaraq da "Neftçi"nin əsas komandasında işlədim və bu yaxınlarda qarşılıqlı razılaşma əsasında müqaviləm ləğv edildi. Gördüyünüz kimi, məşqçilik karyeram çox zəngindir (gülür).

- 4 il "Neftçi"də (əsas komandada - red.) çalışdız. Bu klubdakı fəaliyyət dövrünüzü necə qiymətləndirərdiz?

- "Sumqayıt"da 7 illik fəaliyyətim olub. Sonradan düşündüm ki, özümü daha iddialı klubda yoxlamalıyam. "Kimyaçılar"dan ayrıldıqdan 1 həftə sonra "Neftçi"dən təklif gəldi. Mən də məmnuniyyətlə qəbul etdim. Qeyd etdiyiniz kimi, "Neftçi"də 4 il çalışdım. Bu dövr ərzində 3 gümüş, 1 qızıl medal qazandım. Yaxşı günlərimiz də oldu, pis günlərimiz də. Necə deyərlər, əsl futbol həyatı. "Neftçi"yə gəlişimdən heç vaxt peşmançılıq hissi duymamışam. Düşünürəm ki, bir məşqçi kimi "Neftçi"yə verdiklərim az olmadı. Ən əsas bu komandaya ürəyimizi verdik. Qarşılığını da medallarla gördük. Bir idmançının həyatında onun üçün ən böyük hadisə qazandığı medallarıdır. Hərdən evdə medallara baxanda təskinlik tapıram. Ki, nəyəsə nail olmuşam.

- Yeri gəlmişkən, həm "Sumqayıt", həm də "Neftçi"də çalışdığınız dövrlərdə Samir Abasov bu klublarda baş məşqçi idi. Onunla "Neftçi"də futbolçu kimi də çıxış etmisiz. Bir mütəxəssis kimi Abasov haqda fikirləriniz maraqlı olardı...

- Bəli, Kazbek Tuayevin "Neftçi"nin baş məşqçisi olduğu dövrdə Samirlə komanda yoldaşı olmuşam. Futbolçu karyerasının sonlarına yaxın "Sumqayıt"da onun məşqçisi də olmuşam. Sonradan mütəxəssis kimi hər iki klubda birlikdə fəaliyyət göstərmişik. Samir Abasov haqda ancaq xoş sözlər deyə bilərəm.

- Bəs "Neftçi"dən ayrılmağınızın səbəbi nə oldu?

- Açığı, şəxsən mən gözləmirdim ki, "Neftçi"dən ayrılam. Səbəb olaraq bircə onu deyə bilərəm ki, kluba yeni baş məşqçi (Laurentsiu Reqekampf - red.) təyin olundu və o da öz köməkçilərini gətirdi. Buna da ancaq hörmətlə yanaşmaq qalır insana. Çünki hər mütəxəssis öz fəlsəfəsinə uyğun şəxsləri ətrafına toplayır. Mən də situasiyaya uyğun olaraq öz razılığımla "Neftçi"dən ayrılmağa qərar verdim. Həm də necə deyərlər, istənilməyən yerdə qalmağın nə mənası var? Bu, təkcə "Neftçi"yə aid deyil, həyatın istənilən sahəsində aktualdır. İnsan hər zaman özünə hörmət qoymağı bacarmalıdır.

- Bu müddət ərzində hər hansı təklif olubmu?

- Xeyr, hələlik heç bir təklif olmayıb. Hazırda özümə zaman ayırıram. Gündəlik idmanla məşğul oluram ki, formada qalım. Əgər təklif olarsa, getməyə hazıram. Bu mənim peşəmdir və işimi sevirəm.

etibar

- Azərbaycanda qapıçılıq məktəbləri yoxdur. Buna ehtiyac varmı?

- Mütləq şəkildə olmalıdır! Çünki qapıçılıq fərdi mövqedir. Bugünkü standartlara uyğun, daha müasir qapıçı yetişdirmək üçün bu sahəyə diqqətin artırılması çox vacibdir. Çünki belədə daha yaxşı, daha peşəkar qapıçılar yetişə bilər.

- Fəaliyyət dövrünüzdə yetişən və adından söz etdirməyi bacaran qapıçılardan kimləri qeyd edə bilərsiz?

- Üzdə olan qapıçılardan demək olar ki, əksəriyyətinin adını çəkə bilərəm. Məsələn, Tərlan Əhmədli, Şahruddin Məhəmmədəliyev, Mehdi Cənnətov, Anar Nəzirov, Aqil Məmmədov, Nicat Mehbalıyev, Kamran İbrahimov və Rza Cəfərovu qeyd edərdim. Hətta Kamran Ağayevin də adını söyləyə bilərəm. Onun da üzərində əziyyətimiz olub. Yəqin ki, sadaladığım əlcək ustaları da zəhmətimizi danmazlar.

- Hansı qapıçı ilə işləmək sizin üçün daha zövqverici idi?

- Demək olar ki, hamısı ilə. Çünki mən öz işimi sevirəm. Şükürlər olsun ki, indiyədək mənim "əlimin altına düşən" qapıçıların heç biri tənbəl olmayıb. Hamısı ilə işləməkdən zövq almışam. Fikrimcə, burada bir nömrəli məsələ fərdi yanaşmadır. Sən ilk olaraq qarşındakına insani yanaşmalısan, onu bir insan olaraq qazanmalısan. Hər zaman çalışmışam ki, işlədiyim qapıçılarla dost, qardaş olum. Ona görə də yadıma gəlmir ki, hansı biri iləsə aramda narazılıq, mübahisə olsun. Məhz bu səbəbdən hər işdə fərdi yanaşma faktoru çox vacibdir.

- Sizcə, bu gün müasir qapıçıda tələb olunan əsas xüsusiyyətlər hansılardır?

- Müasir qapıçı dedikdə, bu gün hər kəs futboldakı mövcud modern situasiyanı göz önünə gətirir. Məsələn, buraya qolkiperin ayaqla oynamaq, hücuma başlamaq, oyunda sonuncu müdafiəçi funksiyasını yerinə yetirmək bacarığı, taktiki, texniki savadı və s., amillər daxildir. Bu gün sadaladığım cəhətlərə malik, yetişməkdə olan istedadlı gənc qapıçılarımız var. Mənim şəxsi yanaşmam isə belədir ki, qapıçı ilk növbədə öz işini görməlidir. Misal üçün, bir qolkiper ilk olaraq öz toplarını tutmağı bacarmalıdır. Ayaqla yaxşı oynamaq isə onun əlavə üstünlüyü, keyfiyyətidir. Ancaq əsas məsələ qapıçının çərçivəsinə gələn topları normal dəf etmək bacarığıdır.

yii

- Bir-iki istisna olmaqla, niyə azərbaycanlı qapıçılar xarici ölkələrə gedə bilmirlər? Bu uğursuzluğun səbəbi nədir?

- Qapı çox həssas mövqedir. Qolkiper gərək daim özünü inkişaf etdirsin. Onsuz da Premyer Liqamızda klub sayı azdır. Nisbətən zəif komandalar gərək gənc qapıçılara şans verə, oynada ki, onlar güclü kollektivlərin diqqət mərkəzinə düşələr. Belə olduğu halda azərbaycanlı qapıçılar tanına və xarici çempionatlara gedə bilərlər. Burada psixoloji məqamı da xüsusi qeyd etmək lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanı xarici ölkələrdə təmsil edən qapıçılarımız olacaq.

- Son olaraq nə söyləmək istərdiz?

- İstərdim ki, hər kəsə layiq olduğu qiymət verilsin. Biz də bir növ yaradıcı insanlarıq. Çünki futbol yaradıcılığı çox sevir. Arzu edərdim ki, bu sahədə fəaliyyəti olan kəslərə layiq olduqları dəyəri versinlər.

Daşqın Əziz