Elə mövzular var ki, bu barədə düşünsən də fikirlərini bölüşmək istəmirsən. Çünki çoxluq fərqli düşünür.
Bu baxımdan hazırda oxuduğunuz yazını çoxdan yazsam da göstərdiyim səbəbə görə paylaşmaq istəmirdim. Lakin çox düşünüb-daşındıqdan sonra qərara gəldim ki, paylaşım. Çünki fərqli fikir həmişə adamı düşünməyə və araşdırmağa sövq edir, bu isə inşanın inkişafına fayda verir. Onu da əlavə edim ki, bunlar mənim şəxsi fikirlərimdir. Yəni yanaşmam subyektivdir.
Yazı iki hissədən ibarətdir. Birinci hissə daha çox bildiyim futbol sahəsinə, buradakı bir hadisəyə aiddir. Digər hissəni isə ictimai-siyasi mövzu ətrafında mülahizə adlandırmaq olar.
***
Bəlkə də bir ayın söhbətidir, bəlkə daha çox, “Facebook”da xəbər lentinə göz gəzdirərkən rastıma diqqəti cəlb edən başlıqlı yazı çıxdı. Dəqiq, sözbəsöz xatırlamasam da başlıq təxminən belə idi ki, Əfqan Talıbovun “Turan”a baş məşqçi təyin olunması Nazim Süleymanova xəyanətinin mükafatıdır. Düzü, mən bu yazını oxumadım. Təkcə ona görə yox ki, Əfqan Talıbovu şəxsən tanıyıram və onu tənqid edən yazını oxumaq xoş deyil, həm də ona görə ki, bu tip mövzulardan xoşum gəlmir, yəni insanları dəyərlər (xəyanət, sadiqlik) üzərindən mühakimə etməkdən.
Söhbət nədən gedir? Nazim Süleymanov AFFA-ya əks mövqe sərgiləyən Həmkarlar İttifaqı adlı bir qurum yaradıb və bir çox veteran futbolçunu da bu quruma üzv edib. Belə veteranlardan biri də Əfqan Talıbov olub. Sonradan Talıbov Həmkarlar İttifaqından gedib. Bu hadisədən bir müddət sonra işlə təmin olunub. Bu yaxınlarda isə “Turan”da baş məşqçi postuna təyinat alıb. Çox güman rastıma çıxan yazıda da həmin təyinatdan danışılıb və bu təyinat Süleymanova xəyanətin mükafatı kimi qiymətləndirilib.
Bir haşiyə çıxaraq bildirim ki, “Turan”ın əvvəlki baş məşqçisi Rövşən Babayevi də şəxsən tanıyıram və əla bir futbol mütəxəssisi olduğunu da bilirəm. “Turan”dakı nəticələrin qeyri-qənaətbəxş olmasının Babayevdən qaynaqlandığını düşünmürəm. Bu, ya heyətin gənc olmasından irəli gəlirdi, ya da başqa bilmədiyimiz səbəblər var.
Əfqan Talıbova gəlincə, o, Bakıda doğulub böyüdüyündən bakılı sayılsa da əslən bizim rayondandır, hətta qohumluq əlaqərimiz də var. Azərbaycan mentalitetini nəzərə alsaq, bu baxımdan onu müdafiə etməyim başa düşüləndir. Lakin mən onu yalnız həmyerlim olduğuna görə müdafiə etməyəcəyəm. Çalışacağam ki, obyektiv olum.
Deməli, hazırkı AFFA hakimiyyəti təzə işə başlamayıb, 15 ilə yaxındır ki, var. Nazim Süleymanov isə 3-4 il olar ki, federasiyaya əks mövqe sərgiləyir. O zaman belə bir sual yaranır. Süleymanov indi niyə etiraz edir? Çatışmazlıqlar var idisə, o, bunları indimi gördü? Bəyəm onun etirazına səbəb olan hallar əvvəl yox idi? Təbii ki, var idi. Bəs niyə 10-12 ildən sonra başladı etiraz etməyə? Bu sualların cavabını Süleymanov özü verə bilər. Biz isə ehtimallar üzərindən çıxış edərək belə nəticəyə gələ bilərik ki, o, bu addımı təkcə Azərbaycan futbolunu sevdiyinə görə atmayıb. Əgər xoşuna gəlmədiyi vəziyyətə uzun müddətdən sonra etiraz edirsə, onda biz də belə bir nəticəyə gələ bilərik ki, o, bu addımı kiminsə məsləhəti, tapşırığı ilə atıb. Əks halda, yuxarıdakı fikri inkar etsək ki, yox, Süleymanov Azərbaycan futbolunu sevdiyinə görə belə bir addım atıb. Onda yenə də təkrar soruşmaq istəyirəm - niyə əvvəl səsini çıxartmırdı?
Baxın, indi hardadı Süleymanov? Niyə etiraz etmir? Bəyəm problemlər, çatışmazlıqlar həll olunub qaydasına düşdü? Düşünmürəm ki, etiraz etdiyi dövrlə indikinin arasında fərq var. Bəs niyə danışmır? Belə bir nəticəyə gəlmək olur ki, danışmasını istəyən subyekt indi də susmasını məsləhət bilib. Yəni burada biz Süleymanovun da müqəddəs olmadığını görürük. Heç müqəddəslik də tələb etmirik. Azərbaycan futbolunda iz buraxmış bir şəxsi gözdən salıb nüfuzunu zədələmək fikrində də deyilik. Onun atdığı addımlar da, zəmanəyə görə, normal qarşılayırıq. İndiki dövrdə hər hansı xeyir, mənfəət güdmədən atılan addım az qala axmaqlıq sayılır. Sadəcə Talıbovun ittiham edilməsi məni məcbur etdi ki, onun tərk etdiyi qurumun rəhbərinin də müqəddəs olmadığını vurğulayım. Bu dünyada hər kəsin marağı var və hər kəs maraqları üçün mübarizə aparır. Başqa cür mümkün də deyil.
Bəli, Əfqan Talıbov Nazim Süleymanovla bir yerdə idi. Amma nə vaxtadək o, bu perspektivsiz təşkilatda qalmalıdır? Hər kəsin həyatda bir missiyası var, amma bu missiyaları ikinci dərəcəli edən daha bir missiya da var. Bu ailə qarşısında olan öhdəlikdir, borcdur. Düşünürəm ki, ailəni xilas etmək, yaşatmaq üçün atılan addım fədakarlıqdır. Həyatın şərtləri var və bu şərtlər çox ağır, həm də amansızdır.
Yaxşı, bu Əfqan Talıbov, məcazi yanaşsaq, nə vaxtadək ac, susuz Nazim Süleymanovun dalınca düşməlidir? Bizi yığmısan bir gəmiyə, sürüb aparırsan ki, qızıl tapacağıq. Amma heç cürə sahilə çıxa bilmirik. Bu halda gəmi heyəti nə etməlidir? Təbii ki, öz başının çarəsini qılmalıdır.
Şahmat oyununu göz ününə gətirin. Siz gedişlər edirsiz. Səhv gedişlər sizi məğlubiyyətə, düzgün gedişlər qələbəyə aparır. Bəzən səhv gedişin səni məğlubiyyətə apardığını görüb, növbəti gedişlərlə bunu düzəlməyə çalışırsan. Həyat da şahmat oyunu kimidir. Sənə təklif olunan oyun qaydaları çərçivəsində oynamalısan. Oyun zamanı isə səhv və düz gedişlər edə bilərsən. Oyunun gedişində səhv gediş etdiyini anlayıb məğlubiyyətdən qaçmaq üçün taktikanı dəyişmək ən düzgün addımdır və bu xəyanət sayılmamalıdır.
Bu mövzunun futbola aid hissəsi haqqında bu qədər.
***
Keçək mövzunun futbola aid olmayan hissəsinə.
Həqiqətənmi bir insan mövqeyini dəyişdiyinə görə tənqidləri haqq edir? Yumşaq desək, bu, yaxşı olmayan hərəkət sayılmalıdırmı? Ümumiyyətlə mövqeyini dəyişmək, bir qurumu tərk etmək xəyanət sayılmalıdırmı? Məsələn, bir siyasi partiyanı tərk edib, başqa birisinə keçmək xəyanətdirmi? Baxır harda. Bizdə hə, amma Türkiyədə belə deyil.
Türkiyənin üçüncü ən güclü partiyası MHP neçə müddətdir AK partiya ilə birləşib eyni mövqedən çıxış edir. Amma vaxtı ilə əks mövqedə, müxalifətdə idi. Partiya 180 dərəcə mövqeyini dəyişərək iqtidarın yanında yer aldı. Amma cəmiyyətdə hər hansı sərt münasibətə rast gəlinmədi. Belə bir hadisə bizdə baş versəydi, həmin partiyanı satılmış, xain və başqa bu kimi adlarla “möhürləyib” yerin dibinə soxardılar və partiyadan, reytinqinə təsir edə biləcək səviyyədə istefalar baş verə bilərdi.
Amma Türkiyədə belə bir hala rast gəlinmədi.
Siyasətə yeni gələrkən bir gün əvvəl dediyi sözü danaraq “Dün dündü, bu gün bu gündü” deyən Süleyman Dəmirəl sonralar dəfələrlə baş nazir, daha sonra dövlət başçısı seçilib.
Yuxarıda sadaladığımız, Türkiyəyə aid hər bir hadisə bizdə mövqesizlik, satqınlıq, ikiüzlülük, əqidəsizlik kimi neqativ sözlərlə adlandırılır və bu tip adamların uğur qazanması çətin olur. Amma göründüyü kimi bu hərəkətlər Türkiyədə o qədər də təpki ilə qarşılanmır.
Niyə?
Zənnimcə bu bizim fərqli quruluşlarda yaşamağımızla bağlıdır. Biz yetmiş il sosializm sistemində yaşamışıq, sonra kapitalizmə keçid etmişik, Türkiyədə isə bizim sosializmdə yaşadığımız dövrdə də kapitalizm quruluşu olub, indi də belədir.
Sual yaranır: Quruluşun dəyərlərlə nə kimi əlaqəsi var?
Məsələ burasındadır ki, sosializm sistemində qanundan çox insanın mənəvi cəhətləri önə çəkilirdi. Biz vaxtilə bu sistemdə yaşadığımızdan məsələyə dəyərlər prizmasından baxdıqda, bu, effektiv olur.
Vicdan, etibar, ləyaqət, əqidə və bir çox keyfiyyətlər dəyərdir. Sovet zamanı bu dəyərlərə önəm verirdilər, diqqət yetirirdilər. Kapitalizm sistemində isə insanı dəyərlər üzərindən sorğulamırlar. Onlara görə bu, insanla Allahının, yaxud insanla vicdanının arasında olan əlaqədir. Qarşındakına “sən mənəvi cəhətdən məndən aşağısan” demək sənə hər hansı üstünlük, imtiyaz, hüquq vermir, tanımır. Çünki kapitalizmdə mənəviyyatı ölçən meyara nə ehtiyac, nə də ki, real zərurət var.
Sosializm cəmiyyətində buna ehtiyac var idi. Ona görə ki, fanatik kommunistlərin bir kommunizm ideyası var idi. Bu ideyanı həyata keçirmək, yəni kommunizmi gələcəkdə bərqərar etmək üçün sosializm sistemini bir hazırlıq, keçid mərhələsi kimi qurmuşdular. Onlar hesab edirdilər ki, kommunizmdə yaşamaq üçün insanlar yüksək mənəvi keyfiyyətlərə malik olmalıdırlar. Bütün sosializm sisteminin ideyası ondan ibarət idi ki, kommunizmdə yaşamaq üçün insanları buna hazırlamaq, bunun üçün onları mənəvi cəhətdən inkişaf etdirmək, kamilləşdirmək lazımdır. Bu məqsədlə bütün ölkənin təhsil sistemini qaydaya saldılar. Bununla paralel əxlaq, dürüstlük, mənəviyyat, əqidə və bu kimi bir çox dəyərlərin təbliğatını apardılar. Onlar düşünürdülər ki, qanunların qadağaları olmadan insanlar şüurlu şəkildə, neqativ sayıla biləcək əməllərə, hərəkətlərə yol verməyə bilərlər – təkrar edirəm, əgər yüksək mənəvi dəyərlərə sahib olsalar.
Xatırlayıram, orta məktəbdə müəllimimiz deyirdi ki, kommunizmdə mağazalar açıq olacaq, orda satıcı olmayacaq, insanlar gedib ehtiyacına, tələbatına görə qida, geyim və başqa lazım olan mallardan götürəcəklər.
Yaxud onlar işlədiyi yerdən əmək haqqı almayacaqlar, çünki pula ehtiyac olmayacaq. Bir adamın, qapısı açıq, satıcısı, nəzarətçisi olmayan dükandan yalnız ehtiyaclarına görə məhsul götürməsi, yaxud bacarığına uyğun işdə əmək haqqı almadan gedib çalışması üçün o, çox yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, dəyərlərə sahib olmalıdır.
Təbii ki, o dövrdə yaşamış, kommunist adı altında min hoqqadan çıxan adamları görənlər mənə etiraz edə bilər. Qısaca olaraq qeyd edim ki, söhbət özünə kommunist partiyasının üzvlük bileti alıb bundan məqsədləri üçün istifadə edənlərdən getmir, hansı ki, bu adamlar çoxluq təşkil edirdilər. Söhbət kommunist dedikdə qarşılıq güdmədən öz həyatını, ömrünü bu ideyaya sərf edənlənlərdən gedir. O dövrü görən adamlar razılaşar ki, belələri az da olsa var idi. Sosialist insanı müəyyən tələblərə cavab verməli idi, o, yüksək mənəvi dəyərlərə sahib olmalı idi. Zaman göstərdi ki, bu tələblərə cavab vermək çətindir, bəlkə də mümkünsüzdür.
Sosializm bir ideyadır, onun nəzəriyyəçilərinə görə insanın normal, problemsiz yaşamasına yönəlmiş bir iqtisadi sistemdir. Amma nəzəriyyə heç də həmişə özünü praktikada doğrultmur. Belə görünür ki, kommunizm ideyasının nəzəriyyəçiləri bir çox nüansı nəzərə almayıblar. Bilmirəm, bəlkə də hər şeyi nəzərə alıblar, sadəçə həyata keçirənlər müəyyən səhvə yol veriblər. Məsələn, orta məktəbdən yadımda qalan budur ki, Karl Marks sosializm sistemini inkişaf etmiş kapitalist ölkəsində qurulması ideyasını irəli sürüb, amma Lenin bu ideyanı kapitalizm hələ tam oturuşmamış bir ölkədə, Rusiyada həyata keçirdi. Nəticə də göz qabağındadır.
Məlum olduğu kimi bu sistem tutmadı. Nəinki kommunizm olmadı, hətta bu sistemə keçid rolunu oynayan sosializm sistemi də dağıldı. Səbəblərini izah etmək fikrində deyilik, çünki mövzumuz bu deyil.
***
İndi, hazırda bizdəki sistem kapitalizm adlanır. Burada dəyərlərə ehtiyac yoxdur. Əksinə, bu, maneçilik törədir. Məsələn, vicdanlı olsan, səndə olan bu dəyər (vicdan), xarab malını kiməsə sırımağa mane olacaq. Buranın qanunlarında “lox”u, “lox”lamaq lazımdır. Bunun “lox”a faydası var, gələn dəfə ağıllanacaq, eyni səhvi təkrar etməyəcək. Düzdür, belə olan halda insanlar arasında səmimi münasibətlər itəcək, amma unutmaq olmaz ki, səmimiyyət də bir dəyərdir və bu daha çox sosializmdə lazım idi.
Baxın, “Yol əhvəlatı” filminin “Pereriv”səhnəsində bir yer var, hansı ki, bu fərqi əla izah edir. Səyavuş Aslanın personajı Qurban, Yaşar Nuriyevin personajı olan Makintoşun başına qapaz ilişdirib deyir: “Alə, indi “çestni”, “ne çestni” yoxdur, var zirək, var aciz-avara”. Bax, bu səhnə kapitalizmlə sosializmin fərqini dəqiq ifadə edir. Kapitalizmdə məsələlərə düzgün və qeyri-düzgün (“çestni”, “ne çestni”) prizmasından deyil, diribaşlıq və acizlik prizmasından baxılır.
Belə görünür ki, sosializm sistemin dağılması həm də dəyərlərin, mənəvi keyfiyyətlərin itməsi, bundan imtina deməkdir.
Kapitalizm sistemində əsas kapitaldır, yəni pul. Burada maddi məsələlər öndədir, hər şey pul ilə ölçülür. Burada sərt qanunlar var. Sən bu qanunlara əməl etməlisən. Əgər qanundan yayınıb hansısa əyri, fırıldaq işini keçirdə və sonra da ört-basdır edib öz adını təmiz saxlaya bilərsənsə, afərin. Belə əməllərə günümüzdə az şahidlik etməmişik. “Bacarana baş qurban” burada keçərlidir. Yəqin elə bu cür səbəblərə görə kapitalizmdə qanunları sərtləşdirib, azacıq da olsa boşluq vermirlər. Qanun imkan versə istənilən əclaflığı edib bundan istifadə edə bilərsən. Əslində bu əclaflıq kəlməsinə də birmənalı şəkildə yanaşmaq olmur. Bu hərəkət sosialist sisteminin adamı üçün əclaflıqdır, kapitalizm sistemində buna dirbaşlıq deyirlər. “Şərikli çörək” filmindəki “Uşaqda fərasətə bax, hamını aldadıb” düşüncəsi ilə yanaşmadır, kapitalizm.
Bir misal göstərim. Bu, daha yaxşı bildiyim sahədəndir, yəni futboldandır.
Yaxın zamanlaradək Türkiyədə, bu ölkənin futbol klublarında müxtəlif vədlər verərək prezidentliyə seçilən şəxslərin bir çoxu postuna gəldikdən sonra cürbəcür yollarla klubun büdcəsindən xeyli pul çırpışdırırdılar. Bunun nəticəsində də klub müflis hala düşürdü. Klubun çökdüyünü görən prezident sağ-salamat istefa verərək, qanuni don geyindirib əyri yollarla buradan oğurladığı milyonları xırım-xırım yeyəndə, azarkeşlər müflisləşmiş klublarının ləğv olub arxivin yaddaşına getməsini ürək ağrısı ilə yaşayırdılar. Türkiyə futbolu bu tip adamlar ucbatından klub qəbristanlığına çevrilib. Onlarla klub, “moşennik”, yaxud səriştəsiz klub başqanlarının qurbanına çevrilib.
Klubların ard-arda sıradan çıxdığını görən dövlət buna seyrçi qalmadı və hərəkətə keçdi. “Hərəkətə keçdi” deyərkən nə etdi? Klub başqanlarına mənəviyyat dərsi keçdimi, onları dürüst, əqidəli, vicdanlı və başqa bir çox dəyərlərin daşıyıcısı olmağa çağırdımı? Yox.
Kapitalizmin tələb etdiyi addımı atdı. Yəni, yeni qanun qəbul etdi. Mən bu qanunla tanış deyiləm. Amma bildiyim qədər, rəhbərlik klubun borclanmasına səbəb olacaqsa buna görə məsuliyyət daşıyacaq. Daha əvvəlki kimi kənara çəkilib oğurladıqlarını yeyə bilməyəcək. Bax, kapitalizmdə dövlət bu cür hərəkət etməlidir.
***
Xatırlayıram, bir zamanlar sosializm sisteminin dəyişilməsi uğrunda mübarizə aparanlar daim mənəvi məsələləri önə çəkirdilər. Sosializm sisteminin dəyişməsi tərəfində durursansa bu o deməkdir ki, kapitalizm arzusundasan. Kapitalizm arzulayırsansa bilməlisən ki, hər hansı mənəvi dəyər burda rol oynamır. Amma bu adamlar kapitalizm arzulasalar da düşüncə, məğz, mahiyyətcə özlərini kommunust kimi aparırdılar.
Kapitalizmdə pul var, bir də qanun. Burada pulu vicdanla, yaxud vicdansız, fərq etməz, qazana bilərsən, əsas qanunu pozmamaqdır. Amma bu gün bizim cəmiyyətdə məhz kapitalizmi alqışlayanlar, sosializmi pisləyənlər insanların mənəvi tərəflərini sorğulayır. Sosialist sistemini söyüb, kapitalizm arzulayaraq sonra da insanlardan vicdan, etibarlılıq, ləyaqət, əqidə və s. dəyərləri tələb edənləri müşahidə etmək və buna müdaxilə edə bilməmək də bir ayrı dərddir.
Deyə bilərsiz ki, sən düz danışmırsan, filan kapitalist ölkəsində belə deyil. Əgər belə qarışıq sistemli ölkələr varsa, deməli o kapitalizmin daxilində sosializm elementləri də var. Məhz müasir dövrdə bəzi ölkələr hər iki sistemin yaxşı cəhətlərini götürərək sintez edib fəaliyyət göstərirlər.
Sosializm sisteminin də çatışmayan cəhətləri var idi. Məsələn, kommunistlər hesab edirdilər ki, onların təklif etdikləri yol ən düzgün yoldur, bundan yaxşısı yoxdur. Kim onların getdiyi yolla getmirsə deməli düşməndir və cəmiyyətdən kənarlaşdırılmalıdır. Təbii ki, bu cür yanaşma demokratiyaya ziddir, nəticəsi isə 1937-ci il hadisələrinə gətirib çıxarır.
Onu da deməliyəm ki, mən bu iki sistem haqqında yazarkən, birinə qarşı pis, digərinə yaxşı münasibət göstərmək niyyətim olmayıb. Sadəcə bu iki sistemin fərqini və bizim bu sistemlərdə münasibətimizi göstərməyə çalışdım.
Bəlkə də bu yazıya görə etiraz edərsiz, deyə bilərsiz ki, sən əqidəli olmağı pisləyirsən.
Xeyr, belə deyil.
Sadəcə, sən əqidəli ola bilərsən. Amma başqalarından necə olmağı tələb etməli deyilsən. Hamı sənin kimi düşünməyə borclu deyil. Hamının eyni hərəkət etməsi, düşünməsi kollektivçilikdir ki, bu da sosializmə xasdır. Kapitalizm isə indviduallıqdır. Hamı fərdi hərəkətinə, düşüncəsinə malikdir. Mən demirəm ki, insan vicdansız olmalıdır, hansısa mənəvi dəyərlərdən uzaq olmalıdır. Xeyr, hər kəsin vicdanlı olub olmaması öz işidir, hansısa dəyərə qulluq eləməsi də öz işidir. Sadəcə kapitalizmdə bunlar sorğulanmır.
***
Biz kapitalizmdən danışarkən burada yanaşmanın praqmatik olduğunu gördük. Amma bu praqmatizm bəlkə də çoxunuza xoş gəlmədi. Niyə belədir? Çünki...
Bəzilərinə görə sosializm kapitalizmdən yüksək ictimai formasiyadır. Bu səbəbdən sosialist sistemində yaşamış adamlar kapitalizmə uyğunlaşa bilmirlər. Baxın, 30 il keçib amma kapitalizmə aid bir çox fikirləri qəbul edə bilmirik. Bu, təkcə bizdə belə deyil. Bütün keçmiş sovet respublikalarında eyni problem var. Çoxu səbəbi dərk edə bilmir. Əslində isə səbəb psixologiyamıza oturuşmuş sosialist keçmişimizdir. Buna görə yeni quruluşa uyğunlaşa, onu qəbul edə bilmirik. Bu, ona bənzəyir ki, bizi böyük bir sahədən götürüb kiçik bir əraziyə atıblar. Bizim etirazımız əslində bunadır. Amma şüurlu şəkildə bunu dərk etmirik.
Bu, geniş mövzudur, amma düşünürəm ki, bəzi məsələləri izah edə bildim. Təbii ki, mübahisəli görünə bilər, razılaşmayanlar da ola bilər. Buna hörmətlə yanaşıram. Bilirəm ki, mövzu mənim daha çox bildiyim sahəyə aid deyil. Amma yazdıqlarımın da hansısa faydasının ola bicəyini düşünürəm.
İdman yazarı Vüqar Məmmədov