İdman və fiziki tərbiyə bütün insanlara eyni dərəcədə vacibdir. Coğrafi yerləşməsi, əhalinin tarixən formalaşmış vərdişləri, etnogenezinə dayanaraq müəyyən regionda idmanın bir növü məşhur, digəri isə az yayılmış ola bilər.

Məsələn, qarlı Şimali Avropa və Amerikada buzüstü hokkey böyük maraq çəkdiyi halda günəşli Cənubi Avropa və Asiya ölkələri haqqında bunu demək olmaz. Britaniya və Hindistanda kriket barədə az adam tapıldığı halda, orta statistik Rusiya vətəndaşı həmin növ barədə, böyük ehtimalla məlumatsız olacaqdır. Yaxud əhalisi 3.1 milyon olan Dağıstanda hər ailədə azı 1 güləş həvəskarı varsa, bədii gimnastika ilə məşğul olan tapmaq çətin məsələdir. 

Azərbaycan da özünəməxsus idman panoramasına sahibdir. Ölkəmizdə "ənənəvi" statusu qazanmış və zəngin tarixə malik növlər böyük azarkeş kütləsi ilə öyünə bilər. Bir sıra növlərin populyarlıq qazana bilməməsini əsasən 3 səbəblə əlaqələndirmək mümkündür.

- Dərin tarixi kökləri olmaması. Xüsusilə müstəqillik qazananan sonra vətənizmizə "ayaq açan" əksər idman növlərini (Vinq çun, tayboks, kapoeyra, parkur, uşu-sanda) analoji şəkildə qruplaşdırmaq olar. Lakin onların qısa müddətdə cəmiyyətdə məşhurlaşması istisna deyil. 80-cı illərin sonunda Azərbaycan insanının Hollivud filmlərindən tanıdığı karate kimi.

- Nailiyyətlər baxımdan kasadlıq. Bəzən müəyyən növlərdə məhdud sayda idmançılar yetişir və dünya səviyyəsində rəqabətədavamlı olmurlar. Gənc nəslin diqqəti isə ölkəyə uğurlu nəticələr, medallar qazandıran bölmələrə yönəlir. Daxili rəqabət güclü idmançılar ərsəyə gətirir və proses dövri davam edir. Qeyd etmək lazımdır ki, kifayət qədər zəngin keçmişə malik növlər də qeyri-populyar ola bilər. Qılıncoynatma, həndbolu bu kateqoriyaya aid etmək yanlış olmazdı. Vaxtilə Olimpiya mükafatçıları yetişdirən analoji idman sahələri hazırda tənəzzül dövrünü yaşamaqdadır. Enişin əsas amilləri lazımi diqqət, maliyyə ayrılmaması, fəaliyyətsizlik və düzgün iş aparılmamasıdır. 

- Coğrafi xüsusiyyətlərin insanlara nüfuz etməsi. Azərbaycan iqlim tiplərinin müxtəlifliyi baxımından seçilisə də, sərt qış nadir hallarda müşahidə edilir. Buna paralel olaraq qış idman növlərinə də maraq böyük deyil. Yalnız 2012-ci ildə "Şahdağ" Turizm Mərkəzinin istifadəyə verilməsi bu tendensiyanı bir qədər dəyişmişdir. Amma yenə də Azərbaycan Qış İdman növləri Federasiyası nüfuzlu turnirlərə göndərmək üçün yerli idmançı tapa bilmir. Ümid legionerlərə qalıb ki, onlar da "əsas iştirak etməkdir" devizindən ikiəlli yapışıblar.

İdman təhlili aparanda bir reallıq da nəzərdən qaçmır. Müasir atçılıq, yaydan oxatma, baydarka və kanoe kimi növlərin mənşəyini götürdüyü sahələr Azərbaycanda əsrlərlə ölçülən tarixi köklərə malikdir. Hazırda onların hər birini inkişaf etdirmək üçün zəruri imkanlar, resurslar və infrastruktur mövcuddur. Buna baxmayaraq respublikamızı bu növlərdə dünyada təmsil edənlər, praktiki olaraq yox dərəcəsindədir. Yaxın keçmişdə Azərbaycan bayrağı altında çıxış edən legionerlər isə karyeralarını başa vurub və ya tarixi vətənlərinə qayıdıblar.

Statistik məlumatlara görə, ölkəmizdə ən sevilən idman futboldur. 2019-cu ildə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 1.828 milyon nəfər təşkil etmişdir ki, onların da 96 mini futbolun payına düşür. Müxtəlif tutumlu stadionların ümumi sayı 197 göstərilir. Məşğul olanların sayı baxımından sonuncu sıralarda otüstü xokkey (85), qılıncoynatma (479), badminton (1312) qərarlaşıb. 

c1

Dövlətin dəstəyi və nəticəsizlik 

Beynəlxalq miqyasda Azərbaycanın idman simasını əsasən ənənəvi növlər müəyyənləşdirir. Lakin dövlətimiz qeyri-populyar növlərin inkişafına da diqqətini əsirgəmir.

Atçılıq həm məişət, həm də idman tariximizdə özünəməxsus yer tutmuşdur. Yaşı yüzilliklərlə ölçülən və atlarla keçirilən "Çövkən" (çovqan), "Yaylıq", "Atüstü güləş", "Sürpapaq" oyunları buna bariz sübutdur. 2013-cü ildə "Qarabağ atı ilə oynanılan çövkən oyunu" UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına salınmışdı. 2007-ci ildə "Atçılıq haqqında" Qanun qəbul olunmuş, həmin ilin oktyabrında qüvvəyə minmişdi. "Atçılığın inkişafı haqqında" Proqramın təsdiq olunması bu sahədə mövcud problemlərin aradan qaldırılacağına ümid yaratmışdı. Proqramın həyata keçirilməsi üçün tədbirlər planı 2008-12-ci illəri əhatə edirdi. Buna əsasən Bakı Cıdır meydanının, Ağdam, Ağstafa, Şəki rayonlarında atçılıq təsərrüfatlarının təmiri və yenidən qurulması nəzərdə tutulmuşdu. Sözügedən proqramda, eyni zamanda yerli at cinslərinin genofondunun qorunması, seleksiya-damazlıq planının hazırlanması, uçotunun aparılması və s. tədbirlərə diqqət ayrılmışdı. Ölkəmizdə atçılıq idman klublarının ("Jokey", "Günay", "Murad" və s.) artması müşahidə olunurdu. Nelson Pessoa, Silvester Qarros kimi dünyada tanınan məşqçilər ölkəmizə dəvət edildi. 

Buna baxmayaraq işlər tam gözlənilən nəticələri verə bilmədi. Bir müddət Azərbaycanı konkur (maneələri aşmaq) üzrə yarışlarda belçikalı Patrik Mak Ente, italyan Françesko Franko və Almaniyada yaşayan həmyerlimiz Camal Rəhimov təmsil edirdi. Sonuncu atçılıqda hələlik yeganə Olimpiada lisenziyamızın da sahibidir. 2008-ci ildə Pekin Olimpiadasında çıxış edən çaparımızın atı zədələnmiş, Camal isə mübarizəni erkən başa vurmalı olmuşdu. “İoneska de Brekka” adlı həmin at 1.97 milyon avro qiymətə xüsusi olaraq Olimpiada üçün alınmışdı. 2012 London Olimpiya Oyunlarına "Varrior" (Döyüşçü) ləqəbli atla qatılan həmyerlimiz yenə uğur qazana bilməmişdi.

3a94fc7f 3c0a 4837 a72b faeddd4a741f

 

Atçılıq idmanında həyata keçirilən tədbirlər adətən bir neçə ildən sonra bəhrəsini verir. Belə ki, bir idmançının yetişməsini 8-10 il gözləmək lazım gəlir. Atçılıq Federasiyasının 1996-cı ildə yaradıldığını, 2007-ci ildən bu sahəyə dövlət dəstəyini nəzərə alsaq, indiki dövrdə beynəlxalq yarışlarda 2-3 jokeylə təmsil olmalı idik. Hazırki vəziyyəti şərh etmək yersizdir. Görünən dağa nə bələdçi? 

Ötən ilin avqustunda bir neçə atçılıq klubunun rəhbərləri, təlimçi, çapar və mehtərləri Azərbaycan Respublikası Prezidentinə yazılı müraciət ünvanlamışdı. Müraciətdə Atçılıq Federasiyasının yarıtmaz iş apardığı, quruma ayrılan maddi vəsaiti düzgün istifadə etmədiyi bildirilirdi. İddiaya əsasən, federasiya Cıdır yarışlarının 200 min manatlıq illik uduş fondundan 1% qeyri-qanuni vergi tutur. Yarışlarda iştirak edən atların aylıq xərci 470 manat olduğu halda, bir ata mükafat fondundan təxminən 100 manat düşür. Atçılığın ayaqda durması üçün illik uduş fondunun 705000 manat civarında müəyyənləşdirilməsi təklif olunur. 

Offsideplus.az-a verilən məlumata görə, hippodromun təmizliyi qeyri-qənaətbəxşdir. Belə ki, mərkəzdə anti-sanitar vəziyyət hökm sürür, su təchizatı isə dayandırılıb. Hətta xarici qonaqlar da bu xoşagəlməz mənzərəni görüb narahatlıqlarını bildirirlər.

Olimpiya qızılı, şərait var, idmançı yetişmir 

Atıcılıq idmanı da bizim üçün ənənəvi növlərdən biri saymaq olar. Hələ orta əsrlərdən Azərbaycan ərazisində ovçuluq elit hobbilərdən biri statusunu qazanmışdı. Olimpiya oyunlarının proqramında pnevmatik, kiçik çaplı tapancalardan və stenddən atıcılıq daxil edilib. İradə Aşumova pnevmatik tapancadan atəşaçmda (Afina 2004) bürünc, Zemfira Meftahətdinova isə stend atıcılığında qızıl (Sidney 2000) və bürünc (Afina 2004) medal qazanıb. Ölkəmizdə atıcılıqla məşğul olanların sayı çox olmasa belə, dünya miqyasında sanballı nəticələr əldə etmişik. 

Dövlətimiz atıcılıq idman növünün inkişafına nəzərəçarpacaq töhfələr verib. Nazirlər Kabineti 2005-ci ildə Respublika Stend Atıcılığı Məktəbinin yaradılması barədə qərar qəbul etmişdi. 2015-ci ildə Bakıda 19.6 hektar sahəsi olan Avropanın ən böyük atıcılıq mərkəzi fəaliyyətə başlamışdı. Analoji mərkəzlər Qəbələ, Ağstafada da inşa edilib. Bir sözlə, atıcılığın inkişafı üçün Azərbaycanda təcrübəli məşqçilər və infrastruktur mövcuddur. Lakin zaman axıb getsə də, gənc və perspektivli idmançılar yetişmir. Artıq Olimpiada mükafatçıları Aşumova, Meftahətdinova karyerasını başa vurub. Beynəlxalq yarışlara arada İradə xanımın oğlu Ruslan Lunyov göndərilir və adətən əliboş qayıdır. Artıq məlumdur ki, atıcılıq məşqlərinin keçirilməsi üçün güllə və silah problemi var. Bu isə idmançılara əlavə xərc deməkdir. İstənilən halda, estafeti gənclər ala bilmirsə, məsuliyyəti aidiyyatı qurum daşıyır. Yeni nəfəs üçün bu sahədə ciddi islahatlara ehtiyac olduğu danılmazdır. 

ac390aad cd9b 4a25 8d8c d27091a22905

Azərbaycanda lazımi potensiala malik olduğu halda peşəkar idman kimi inkişaf etməyən üzgüçülük də Olimpiya proqramına daxildir. Brass, sərbəst, kəpənək, arxası üstə üzmə və s. üsullardan ibarət üzgüçlükdə bir neçə Olimpiya qızılı qazanmaq mümkündür. Ölkəmizin Xəzər dənizinə aid sahil xəttinin ümumi uzunluğu 900 km-dən çoxdur. Mingəçevir kimi nəhəng su anbarı, çoxsaylı gölləri olan Azərbaycanda normal üzgüçü ortaya çıxmaması qəribədir. Bakı Su İdmanı Sarayı, regionlarda Olimpiya komplekslərinin nəzdində açıq və qapalı hovuzlar insanlara ilboyu üzgüçülüklə məşğul olmağa şərait yaradır. Bunlara baxmayaraq böyük turnirlərə əsasən "Vayld kart" hesabına yollanan milliləşdirilmiş təmsilçilərimiz autsayder adını üstündən atmaqda aciz qalırlar.

c2

Ənənələri “unudulmuş” Olimpiya növü 

Həndbol Azərbaycanda ənənələri olan növ olsa da, hazırda tənəzzül keçirməkdədir. Ölkəmizin həndbol məktəbi Rəfiqə Şabanova və Lyudmila Şubinanın timsalında iki Olimpiya çempionu yetişdirib. Bir neçə il öncə bu növdə yığma komandamız yaxşı nəticələr göstərirdi. Respublika birinciliyində ABU klubu hegemonluq etsə də, maraqlı mübarizə izləmək mümkün idi. Artıq uğurların astanasında olduğumuzu düşündüyümüz bir vaxtda vəziyyət dəyişdi. Azərbaycan həndbolu sanki “yuxu rejiminə” keçdi. 

Monreal Olimpiadasının qızıl mükafatçısı, Azərbaycan həndbolunun canlı əfsanəsi Rəfiqə Şabanova mövcud durumun ürəkaçan olmadığını etiraf edir. Onun sözlərinə görə, məlum pandemiya da yarıcan həndbolumuza ciddi zərbə vurub. 

0b5e33c9 9d22 4054 ada8 7c948fc441da

"Hazırda həndbol geriyə gedib. Yarışlar yoxdur, məktəblər uzun müddətdir bağlıdır. Həndbol məşqləri keçirilir, amma məşğul olanlar çox deyil. Pandemiya səbəbindən valideynlər uşaqlarını məşqlərə buramağa ehtiyat edir. İndi məşqçilərimiz də azalıb. Bilirsiniz, artıq Gənclər və İdman naziri də dəyişdi. Gələcəkdə hə olacağı hələ bəlli deyil. Aktiv fəaliyyət göstərmirəm deyə, komandanın indiki səviyyəsi barədə bir söz deyə bilmirəm. 

Ola bilər, sponsorların da pulu qurtarıb. Həndbol Federasiyasının prezidenti avtomobil yollarının çəkilməsi ilə məşğuldur (oxu. AHF prezidenti Saleh Məmmədov "Azəravtoyol" ASC-nin sədridir). Federasiyanın başına həndbol keçmişi olmayanlar gəldi. Məsələləri öz bildikləri kimi həll etməyə başladılar. İnkişaf etmək üçün uşaqlardan başlamaq lazımdır. Əvvəllər məktəblərə gedib uşaqları seçirdik, məşqlər keçirdik. Onlar tədricən püxtələşir və peşəkar idmançıya çevrilirdi. Hazırda bunu etmək çətindir". 

Həndbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Marina Tankatskaya da bu idmanın populyarlığını yenidən qaldırmaq üçün uşaqlarla düzgün iş aparmağın vacibliyini qeyd etdi: 

"Son zamanlar uşaq həndboluna diqqət azalıb. İstərdim ki, məhz buna fikir verilsin, tədbirlər həyata keçirilsin. Həndbol kimi hər bir idman növündə maliyyənin böyük rolu var. Uşaqlarda maraq yaratmaq üçün mütləq bu idmanı məşhurlaşdırmaq lazımdır. 

6013171d 6d74 49b0 82a9 64a49e827691

İndiki bir çox həndbolçuları tanıyıram. Onların hazırlıq səviyyəsi barədə bunu deyə bilərəm ki, yaxın illərdə təlim-məşq toplanışları az keçirilib. Bu isə idmançıların məşq prosesinin əsas hissələrindən biridir. Beynəlxalq turnirlərdə komandalar, demək olar ki, iştirak etmirlər. Bir mövsümdə maksimum 1 yarış olur. İstənilən ölkədə, o cümlədən Azərbaycanda həndbolun inkişafı üçün potensial var". 

Rəsmi saytı işləməyən, piarı bacarmayan federasiyalar 

İdmanın kütləviliyini artırmaq üçün ictimaiyyətlə işi, piar məsələlərini düzgün aparmaq vacibdir. İnsanların diqqət və marağını cəlb etmək informasiya texnologiyalarının hazırki vəziyyətində çətin olmamalıdır. Xüsusilə populyar olmayan və qeyri-ənənəvi idman növlərində PR, reklam ön plana çıxmalıdır. İdman federasiyalarının müsbət imicini onların fəaliyyətinə birbaşa təsir göstərən şəxslər və qurumlar formalaşdırır. Müsbət piar tədbirlər keçirməklə, media ilə koordinasiyalı əlaqələr saxlamaqla, həyata keçirilən işlər barədə müntəzəm hesabat verməklə əldə oluna bilər. Pandemiya dövründən əvvəl Azərbaycan Gimnastika Federasiyası bu mövzuda nəzərəçarpan uğurlar qazanmışdı. Planlaşdırılan yarışlar elektron mətbuatda elan olunur, ictimaiyyətin diqqətini çəkmək üçün reklam çarxları hazırlanırdı. İnsanlara yarışlara ailəliklə gəlmək təklif olunurdu. 

İctimaiyyətlə əlaqənin birinci mərhələsi quruma məxsus internet resurslarından başlayır. Azərbaycan Atıcılıq Federasiyasının rəsmi vebsaytına nəzər saldıqda durumun acınacaqlı olduğu aydınlaşır. Dizaynı IT sahəsində təhsil alan tələbənin kurs işinə bənzəyən saytda son məlumat 2012-ci ilə aiddir. Həmin vaxtdan keçən 10 ilə yaxın müddətdə atıcılıqda yeganə uğurumuz IV İslam Həmrəyliyi Oyunlarında Ruslan Lunyovun qazandığı qızıl medallardır. Rəqabət səviyyəsi daha yüksək olan I Avropa Oyunlarında (2015) isə atıcılarımız mükafat layiq yer tuta bilməmişdi. 

2ef34c93 3aac 48a8 a06a 8a2bb95a030d

Atçılıq Federasiyasının rəsmi saytı texniki baxımdan nisbətən qənaətbəxş vəziyyətdədir. Lakin ötən illərlə müqayisədə saytda zəif məlumat mübadiləsi getdiyi nəzərə çarpır. 2011-ci ildə təsis olunmuş Azərbaycan Hava və Ekstremal İdman növləri Assosasiyasının saytı da bir neçə illik letargiya yuxusundadır. Son illərdə azərbaycanlı alpinistlər Everest, Manaslu (8156 m), Bazardüzü, Elbrus kimi zirvələri fəth etsə də, bundan xəbər tutan çox deyil. Xatırladaq ki, alpinizm bizim üçün heç də yad sahə deyil. Hələ ötən əsrin 60-cı illərindən Azərbaycan SSR-də alpnizm və dağadırmanma asudə vaxtın səmərəli təşkili, sağlamlıq turizminin tərkib hissəsi idi. 

Üzgüçülük federasiyasının ümumiyyətlə vebsaytı yoxdur. Oxşar problem sumo, qalaqapı (qo) və s. federasiyaları da narahat etməlidir. "Populyar olmayan" kateqoriyasına aid edilən bütün növlərin federasiyalarına xas digər cəhət sosial şəbəkələrdə qeyri-fəallıqdır. Beləliklə, zamanla ayaqlaşa bilməyən bu cür qurumlarımız özü haqqında düzgün ictimai fikir formalaşdıra bilmir. Halbuki idman marketinqi, piar təcrübəli kadrlara həvalə olunsa, yaxşı nəticələr əldə etmək şansı çoxdur. Uşaq və gəncləri qeyri-ənənəvi növlərə "dartıb" gətirmək üçün reklamla yanaşı, sosial layihələr həyata keçirmək, sponsorlar tapmaq, dünyada tanınmış fiqurları ölkəyə dəvət etmək də effektli üsullardır. 

Azərbaycanda qeyri-populyar növlərdə hökm sürən durğunluq və geriləmənin səbəbləri müxtəlifdir. Əvvəla, uşaq və yeniyetmələri bu idman növlərinə cəlb etmək üçün lazımi təşəbbüs göstərilmir. Federasiyalar, müvafiq təşkilatlar məqsədyönlü təbliğat aparmaqla gənc nəsildə maraq oyada bilərlər. Reklam kampaniyaları, düzgün marketinq həyata keçirməklə müəyyən nəticələr qazanmaq olar. Növbəti mərhələdə məşqlər üçün şərait yaratmaq, güclü mütəxəssislərin bilik və bacarıqlarından yararlanmaq lazımdır. Təlim-məşq toplanışları, usta idmançılarla seminarların təşkilinə diqqət yetirilməlidir. Ölkədə beynəlxalq turnirlərin keçirilməsinə çalışmaq, onları işıqlandırmaq üçün media orqanları cəlb olunmalıdır. Bütün daşlar yerinə otursa, nəticələr də gələcək. Bu istiqamətdə dünya təcrübəsini öyrənmək və tətbiq etmək ən sadə yoldur. 

** Məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytından götürülüb.

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.