Tarixi vərəqləyəndə şahmatın ölkəmizdə qədim ənənələrə söykəndiyini görməmək mümkün deyil. Təəssüf ki, təməli ötən əsrin ortalarında qoyulan və bu günümüzə qədər uğurla davam etdirilən şahmat ənənələrini get-gedə itirməkdəyik. Mövcud durum buna doğru aparır...
1970-80-ci illərdən sıralanan uğurlar...
Əslində, Azərbaycanda şahmat tarixinin ikinci mərhələsi ötən əsrin ortalarına yox, əvvəlinə təsadüf edib. 1920-ci ildə ölkədə şahmata nəzarət edən qurum – Azərbaycan Şahmat Federasiyası yaradılmışdı. Həmin dövrdən başlayaraq ağıl idman növünə verilən təkanın nəticəsi 1970-80-ci illərdə özünü müsbət tərəfdən göstərməyə başlamışdı.
Azərbaycanın SSRİ-nin tərkibində olmasına baxmayaraq, o illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini daşıyan Heydər Əliyevin göstərişi ilə uşaq-gənclər şahmat məktəbləri və klublarının fəaliyyətə başlaması ilə bağlı verdiyi göstərişdən sonra şahmata maraq kütləvi hal almışdı. Yaradılan şəraitin və ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqətin nəticəsi kimi SSRİ miqyasında və beynəlxalq yarışlarda azərbaycanlı şahmatçıların soyadları ardıcıllıqla sıralanırdı: Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Nigar Sultanova, Elmar Məhərrəmov, Fikrət Sideifzadə və...
... Bakıda doğulub-böyüyən, şahmatın sirlərinə paytaxtımızda yiyələnən Harri Kasparov. Beynəlxalq dərəcəli qrossmeyster hər nə qədər ölkəmizə arxa çevirsə də, Bakının onun həyatında və karyerasında hansı əhəmiyyətə sahib olduğunu uşaqdan-böyüyə hər kəs bilir.
...müstəqillik tariximizdə daha parlaq görünməyə başladı
Azərbaycanın müstəqillik qazanması və çox keçmədən Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə Azərbaycanda şahmat ənənələri daha sürətlə inkişaf etməyə başladı. Vətən Müharibəsindən sonra, dəqiq deməli olsaq, 90-cı illərin ortalarından başlayaraq, ölkədaxili və məktəblərarası yarışlarda amansız mübarizələrə şahidlik etmək, gənc və yeniyetmələrin inkişafını görmək mümkün idi. Və həmin inkişaf sonrakı mərhələlərdə neçə-neçə azərbaycanlı şahmatçının adını dünya şahmat tarixinə yazdırması ilə nəticələndi.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, rəhmətlik Vüqar Həşimov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Nicat Abbasov, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova – bu və adlarını qeyd etmədiyimiz digər şahmatçılar ölkə rəhbərliyinin müstəqillik dönəmində “ağıl oyunu”na ayırdığı xüsusi diqqətin nəticəsində dünya şahmat həvəskarlarının tanıdıqlarıdır.
Təkcə bir fakta nəzər yetirək. FİDE-nin 2021-ci ilin iyulu üçün açıqladığı “Top-100”lükdə 2 həmyerlimiz ilk “10-luq”da yer alıb. Şəhriyar Məmmədyarov 2782 reytinq xalı ilə 6-cı, Teymur Rəcəbov 2763 xalla 10-cudur. Vüqar yaşasaydı, bəlkə indi o da dünya sıralamasında adından söz etdirirdi. İstənilən halda, bu fakt ölkədə şahmat ənənələrinin hansı keyfiyyətə malik olmasının əyani sübutudur.
Dövlət Proqramı qəbul olundu, turnirlər sıralandı
İllər ötür, zaman dəyişir, adlar yenilənir, lakin Azərbaycan şahmatı beynəlxalq arenalarda hələ də Rəcəbovla Məmmədyarovun ümidinə qalıb. Halbuki, ölkə Prezidenti İlham Əliyevin 2007-ci ilin 27 aprelində “2009-14-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi” Dövlət Proqramı ilə bağlı sərəncamından sonra gənc və yeniyetmə şahmatçıların inkişafına ümidimiz artmış, bu illərdə uğurların sıralanacağına inam yaranmışdı. Yeri gəlmişkən, həmin vaxt Azərbaycan FİDE-yə üzv olan 180-a yaxın ölkə arasında Dövlət Proqramını qəbul etmiş yeganə dövlət kimi tarixə düşmüşdür.
Dövlət Proqramı qəbul olunmamışdan və qəbul olunandan sonra Azərbaycan neçə-neçə yerli və beynəlxalq yarışlara evsahibliyi edib. 2002-ci ildə Bakıdakı Avropa çempionatı, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında dünya çempionatı, Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Qran-pri”, “Prezident kuboku”, “Baku Open - 2010” – bu kimi yarışlar təkcə üzdə olan şahmatçıların özünü göstərməsinə yox, həm də gənc və yeniyetmələrdə şahmata olan həvəs və marağın artmasına təkan verməliydi.
Gənclik məhv olur
Bu qədər diqqət və qayğının fonunda ölkə şahmatının səmasında yeni “ulduzların” görünməməsi gələcəklə bağlı qorxu yaradır, bu oyun növünün ciddi təhlükə qarşısında qalacağından xəbər verir. Gələcəyinə xoş ümidlər bəslədiyimiz Vüqar Əsədli, Aydın Süleymanlı, Abdulla Qədimbəyli kimi gənclərin Azərbaycanı “Top-10”luqda təmsil edəcəyi çətin görünür. Səbəb sadədir – bu gün dünyanın gözü qarşısına çıxara biləcəyimiz gənc və yeniyetmə şahmatçılarımız yoxdur! Səbəb nədir?
Məktəblərdə şahmat tədris olunmur
Beyin işlədib, yerli şahmat mühitinə nəzər yetirməklə xeyli sayda səbəb tapmaq olar. Şahmatın inkişafına dair Dövlət Proqramının tərkib hissələrindən biri bir sıra məktəblərdə şahmat fənninin tədrisi idi. Dərsliklərin hazırlanması gecikdiyindən, yalnız 2013-cü ildə təxminən 31 min nüsxədə “Şahmat” dərsliyi çap olunmuş, 2013/14 tədris ilində 64 rayon və şəhərdən 133 məktəbdə pilot layihə kimi həftədə 1 saat olmaqla şahmat dərsləri keçirilmişdi.
Lakin buna dərs demək mümkün olarsa. Məktəblərin bəzilərin şahmat dərsləri ümumiyyətlə keçirilmirdisə, böyük əksəriyyətində müəllimlərin həvəssizliyi və dərin şahmat biliklərinə sahib olmamaları şagirdlərin məqsədyönlü inkişafına mənfi təsirini göstərirdi. Lakin ümumtəhsil mərkəzlərində şahmatın tədris və inkişafına nəzarət mexanizmi yaradılmadığından, irəliləyən illərdə dərslər unuduldu, yox olub, getdi. Bununla da şahmat kütləviliyi itdi.
Təhsili şahmatdan üstün tuturlar
Bu, inkişafa maneə törədən çoxsaylı problemlərin kiçik hissəsidir. Təbii, tədris ocaqlarlarında şahmat dərsləri keçirilmədikcə, bu oyunla məşğul olmaq istəyən uşaq və yeniyetmələrin sayı kifayət qədər azalır. Bir başqa problem isə Azərbaycan reallığında təhsilin şahmatı üstələməsidir.
Bu oyun növünə federasiya səviyyəsində xüsusi diqqət və nəzarət olmadığından, valideynlər övladlarınının üniversitetdə təhsil almasını arzulayır, nəinki beynəlxalq yarışlarda uğur qazanmasını. Uşaq hansısa dönəmə qədər şahmata könül verir, vaxt itirir, əziyyət çəkir, lakin həlledici mərhələyə çatanda təşkilatçılıq və şərait baxımından gördüyümüz problemlər elit yüksəlməsinin qarşısını alır. Ona görə də potensiallı yeniyetmələrin bir çoxu ruhsuzluq, bədbinlik fonunda gənclik dövrünü “şahla vəzirə” yox, kitab-dəftərə bağlayır. Və beləcə, müəyyən qismini də burada itiririk.
Mütəxəssis çatışmazlığı
Kiminsə istedadı, intellekti inanılmaz dərəcədə yüksək ola bilər. Lakin ustalaşıb beynəlxalq arenalarda uğur qazanmaq üçün mütləq və mütləq bacarıqlı mütəxəssislərə ehtiyac var. Son illər mütəxəssis dediyimiz həmin müəllimlərin sayı Azərbaycanda iki əlin barmaqlarına sığmayacaq qədər azalıb.
Beynəxalq qrossmeysterlərin bir çoxu Azərbaycanı tərk edərək başqa ölkələrə üz tutub. Maraq üçün Vüqar Rəsulov, Misrəddin İsgəndərov, Ülvi Sadıqov, Nərmin Kazımova kimi qrossmeysterlərin, Bəhruz Rzayev kimi beynəlxalq ustanın adlarını göstərə bilərik. Çünki orda təklif olunan maaş və yaradılan şərait buradakından qat-qat yaxşıdır. Azərbaycanda qalmağı üstün tutanlar və ya məcbur olanlar isə sevib-seçdikləri “zəka oyunu”na lazımi səmərəni verə bilmir. Əslində, istəsələr, verərlər. Sadəcə, motivasiya və stimul verənləri yoxdur. Bu gün dünya şahmatı üçün kimisə yetişdirən müəllim sıravi müəllimdən fərqləndirilmirsə, əlavə şərhə gərək qalmır. Halbuki, hər məşqçinin, hər bacarıqlı kadrın özünə görə dəyəri, qiyməti olmalıdır.
Bakı, Gəncə, Sumqayıt, Lənkəran kimi böyük şəhərlərdə pis-yaxşı mütəxəssislər gözə dəyir. Bəla burasındadır ki, bölgələrin böyük əksəriyyətində məşqçilər yoxdur, ya da yox dərəcəsində azdır. Az öncə qeyd etdiyimiz “ölkədən köç” faktı xüsusən rayon və kəndlərə öz təsirini göstərməkdədir.
Federasiyanın laqeydliyi
Yuxarıda sadalanan problemlərin hər birinə nəzarət etməli olan qurum Azərbaycan Şahmat Federasiyasıdır. Məktəblilərdə bu oyuna maraq artırılmalı, “baş ustaları”nın beynəlxalq yarışlarda iştirakına şərait yaradılmalı, ölkədaxili turnirlər keçirilməli, mütəxəssislərin maddi və mənəvi durumuna nəzarət edilməli, qısası, federasiya bir evin ağsaqqalı kimi davranmalıdır.
Təəssüf ki, son illər ölkə şahmatı ilə bağlı xoşagəlməz xəbərlər eşitməkdəyik. Hansısa şahmatçı rüsumun pulunu cibindən ödəyir, hansısa məşqçi məcburiyyətdən icarəyə yer götürüb dərs keçir və sair. Belə olduğu təqdirdə bu günün şahmatını və şahmatçılarını ayaqda saxlamaq çətinləşir, nəinki gələcək adına “ağıl oyunu”na ustalar yetişdirmək. Başda Elman Rüstəmov olmaqla, vitse-prezidentlər Faiq Həsənovla Mahir Məmmədov ölkə şahmatının gələcəyi adına əmək sərf etmədikcə, əlimizdə olanları da itirib, dallarınca gözlərimizi döyəcəyik.
Beynəlxalq qrossmeyster problemləri sadaladı
Yuxarıda qeyd olunanlar ümumi mənzərə, belə deyək, jurnalist yanaşmasıdır. Tutarlı faktları isə bu gün “şahmat mətbəxi”nin içində olan, yaşananlardan birbaşa xəbərdar olan mütəxəssislərdən eşidə bilərik.
Elə bu məqsədlə beynəlxalq qrossmeyster, Əməkdar məşqçi Azər Mirzəyevlə əlaqə saxlamağı lazım bildik: “Kiçik ölkə olmağımıza baxmayaraq, Azərbaycanda hər zaman şahmat ənənələri olub. Dünyada tək-tük ölkələr var ki, orada eyni anda iki şahmatçı 2700-dən çox xala malikdir. Bizdə bunu Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov bacarmaqdadır.
Bu cür ənənə və uğurların fonunda ölkənin uşaq və yeniyetmə şahmatında ürəkaçan mənzərənin olmaması xoş hal deyil. Problemlər kifayət qədərdir: dəstək və qayğı yoxdur, bacarıqlı mütəxəssislər kütləvi şəkildə ölkəni tərk edir. Təkcə Türkiyəyə üz tutan məşqçilərin sayı 50-yə yaxındır. Hətta qrossmeysterlər belə, başqa ölkələrə yollanır. Halbuki, onlar burda qalmaqla gənc nəslə daha çox fayda verə bilərdilər. Vəziyyət o qədər acınacaqlıdır ki, burda qalmaqdansa, başqa ölkələrdə işləməyə üstünlük verirlər. Çünki federasiya onlara yaxşı mənada heç nə təklif etmir. Federasiya prezidenti Elmar Rüstəmov şahmatla maraqlanmır, köməkçiləri Faiq Həsənovla Mahir Məmmədov da öz dükanları kimi ürəkləri istəyən formada idarə edirlər. Nə sistem var, nə proqram, nə perspektiv. Axşam yatıb yuxuda gördüklərini səhər həyata keçirirlər.
Uşaq və yeniyetmə şahmatçıların inkişafında əsas məsuliyyət birbaşa federasiyanın üzərinə düşür. İlk növbədə inkişaf sistemi yaradılmalıdır. Məsələn, yarışlar təşkil olunmalı, yerli şahmatçılar beynəlxalq yarışlarda iştirak etməli, yerli mütəxəssislər hansısa proqram əsasında həvəsləndirilməlidir.
Hansısa titul qazanıldıqda, şahmatçı FİDE-yə rüsum ödəməlidir. Təsəvvür edin, federasiyadan istedadlı Avropa çempionuna zəng edirlər ki, gəl, 150 manat rüsumu özün ödə. Bunu da federasiyanın maliyyə imkanlarının aşağı olması ilə əlaqələndirirlər. Bu kimi halları görən yeniyetmə və gənclər 15-16 yaşına çatanda şahmat oynamaqdansa, təhsil almağı üstün tuturlar.
Bu gün perspektivli gənclərimiz var. Amma onlara lazım olan dəstək verilmir. Bu hal davam etdikcə, bir neçə ildən sonra sıradan şahmatçıya çevriləcəklər”.
"O cür şahmatçılar hər il, yaxud üçildənbir yetişmir"
Ölkənin tanınmış şahmat məşqçilərindən hesab olunan, Əməkdar məşqçi, Əməkdar idman ustası, Vüqar Haşımov Şahmat Fondunun rəhbəri Anar Allahverdiyevin fikirlərini dinləmək maraqlı olardı. Təcrübəli mütəxəssis problemlərin varlığını etiraf etsə də, ümumi durumun ürəkaçan olduğunu bildirdi: "Fikrinizlə müəyyən mənada razıyam. Bəli, bu gün şahmata daha çox maliyyə ayrılsa, daha çox yarışlar təşkil olunsa, şərait yaxşılaşdırılsa, bunun faydasını görərik. Amma Azərbaycan şahmatının uçuruma getməsi fikri ilə qəti razılaşmıram. Əvvəla onu qeyd edim ki, Teymur, Şəhriyar, rəhmətlik Vüqar kimi istedadlar hər il, yaxud üçildənbir yetişmir. Onlar bir dövrün yetirmələri idi, özlərini yaxşı tərəfdən göstərib parladılar. Şəhriyar, yaxud Vüqar olmaq asan iş deyil.
Bu gün kifayət qədər potensiallı gənclərimiz var. 16 yaşa qədər gənclərdən ibarət komandamız sonuncu Ümumdünya Şahmat Olimpiadasının qalibi oldu. Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Əsədli, Məhəmməd Muradlı və adlarını çəkmədiyim neçə-neçə istedadlı şahmatçılarımız var. Bəziləri artıq qrossmeysterdir, digərləri də olacaq. Sadəcə, son ilyarımda koronavirus pandemiyası yarışların keçirilməsi baxımından bizə müəyyən mənada təsir etdi. Yenə deyirəm, ölkə şahmatının bugünkü durumu acınacaqlı deyil, əksinə, gələcəyə böyük ümidlər bəsləyirik".
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.