Millinin son 3 oyunda məğlub olması ölkə futbol ictimaiyyətini yerindən tərpətdi. Qəzəbli statuslar, əsəb dolu açıqlamalar, gələcəyə bədbin baxış...
Bir şeyi anlamalıyıq ki, illərdir görməyə alışdığımız üzücü yenilgilər bu cür də davam edəcək. Çünki futbolçuların təməli düzgün formada qurulmayıb, bundan artığını etməyə gücləri çatmır. Uşaq futbolunun inkişafına yanaşma dəyişməlidir, futbolçular legioner həyatı yaşamalıdır, Premyer Liqa iştirakçılarının sayı artırılmalıdır, futbol paytaxtdan bölgələrə daşınmalıdır, Birinci Dəstədən elitaya komandaya yüksəlməlidir. Bunlar olmadan yığmanı əvvəlkitək miskin durumda görməkdən başqa çarə qalmayacaq.
Futbolun özülü dediyimiz uşaq futboludur. Həmin sahə ki, ordakı problemləri saymaqla qurtarmaz. İllərdir uşaq futbolunda çalışanlar, bu təsərrüfatda tər tökənlər çətinliklərin nədən ibarət olduğunu, məlum durumdan çıxmağın yollarını yaxşı bilir.
Odur ki, bu dəfə həmsöhbət qismində “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimova müraciət edib, uşaq futbolundakı problemlərin nədən ibarət olduğunu öyrənməyə çalışdıq: "Azərbaycanlı uşaq və yeniyetmə futbolçuların sonradan istənilən səviyyəyə çata bilməməsinin səbəbləri müxtəlifdir. Burda konkret akademiyaların yoxluğunu, yaxud uşaq futbolundakı hansısa nöqsanı qabartmaq olmur. Bu illər ərzində özüm üçün müəyyən etdiyim bir çox səbəbləri sadalaya bilərəm.
Məsuliyyətsizlik - Bu, bütün əhaliyə aid olan problemdir. Məsuliyyətsiz həkimin, mühəndisin, müəllimin, fəhlənin oğlu məsuliyyətsiz futbolçuya və məşqçiyə çevrilir. Direktor görmürsə məşqçi, məşqçi görmürsə futbolçu üzərinə düşəni yerinə yetirmir.
Sosial təminat - Futbolçuların əksəriyyətinin aztəminatlı ailələrdən çıxdığını nəzərə alsaq, ailənin maddi vəziyyəti qeyri-qənaətbəxş olduğu halda övladına yol aça bilmir. Həmçinin, nazirlik, federasiya və klublar uşaq futboluna şərti yanaşır, minimum vəsait ayırır.
Tələb - Müstəqillik illərində klubların əksəriyyətinin ölkə şərtlərinə əsasən yaxşı büdcəsi olmasına baxmayaraq, bazanın yaradılmasına diqqət ayrılmayıb. Planlar uzunmüddətli olmayıb, həmçinin klub futbolçu yetişdirməyin faydalarını (əsasən maddi cəhətdən) anlamayıb, təcrübədən keçirməyib. Beləliklə, klub rəhbəri yaxşı futbolçu yetişdirməyin yollarını araşdırmaq, məşqçidən istedadları üzə çıxarmağı tələb etmədiyinə, stimullaşdırmadığına görə uşaq futbolunda məqsəd tamamilə yalnış istiqamətə - qələbə qazanmağa yönəlib.
İmkanlardan istifadə - Məqsəd futbolçu yetişdirmək olmadığına görə, istedadlılar kənarda qalıb, daha çox fiziki üstünlükləri ilə seçilən uşaqlar ön plana çıxıb. Çünki qələbə qazanmaq üçün hündürboylu, güclü uşaqlar bir addım öndə olurlar. Yetkinlik dövrü başa çatdığı zaman güc bərabərləşir, lakin həmin çəlimsiz, istedadlı uşaqlar artıq itirilmiş olurlar. Azərbaycanlılar fiziologiyalarına əsasən, fiziki cəhətdən afrikalılar və ya balkanlardan çox geri qalırlar. Biz texniki və taktiki cəhətdən rəqiblərimizi üstələyə bilərik ki, belə uşaqların əksəriyyəti balacaboylu, çəlimsiz olurlar. Beləcə, əlimizdə olan imkandan istifadə etmək əvəzinə, qarşı çıxırıq.
İntellekt - Ölkəmizdə formalaşmış stereotipə görə, idmançının təhsili vacib deyil və ya ikisi birlikdə alınmır. Bunun nəticəsidir ki, həm məşqçilər, həm də futbolçular intellektual cəhətdən avropalılardan geri qalırlar. Daha gec böyüyürlər (adətən, 23 yaşdan sonra), yalnış qərarlar verirlər, çalışmaq əvəzinə küsməyə, həvəsdən düşməyəy meyillənirlər.
Maddi-texniki təminat - Avropalılar “gps traking”, video-analiz, fiziki testlər, qida mütəxəssisləri, psixoloqlar tərəfindən ən son elmi nailiyyətlərə əsaslanan peşəkar dəstək aldıqları halda, Azərbaycanda hələ də 1900-cü illərin metodlarından istifadə olunur.
Subyektiv səbəblər - Ötən illərdə, xüsusilə ölkə çempionatının dayandırıldığı zaman azərbaycanlı futbolçulardan bir neçəsi Ukraynada, İranda uğurlu, bəziləri isə Rusiya, Türkiyə və s. ölkələrdə orta səviyyədə çıxış edirdilər. Lakin milli çempionatda klubların büdcəsinin artması (2004-cü ildən etibarən), tətbiq olunan limit ucbatından yerli futbolçulara ödənişlərin çox yüksəldilməsi, onsuz da təbiətində təmbəllik olan azərbaycanlı futbolçuların evlərinə cəlb etdi və heç biri bir daha evdən çıxmağa cəhd göstərmədi. Eləcə də, ölkəmizin Şengen zonasından kənarda yerləşməsi, futbolçularımızın xarici dil bilklərinin olmaması vacib faktorlara çevrildi".
(davamı olacaq)