(əvvəli bu yazıda)

Yanvarın 25-dir, saatın əqrəbləri 5-ə 15 dəqiqə qalmışı göstərir. “Bank Respublika Arena”nın giriş qapıları önündə mühafizəçiyə yaxınlaşıb, Rövnəq Abdullayevin stadiona gəlib-gəlmədiyini soruşuram. Qardaş vəzifəsinə "yaraşan" tonda soruşur.

- Bilmirəm, xəbərim yoxdur. Stadionda kimin olub-olmamasının sənə nə dəxli var?

- Qardaş, Rövnəq müəllim gəlibsə, mən onun şəxsi qonağıyam. Dünən iş otağında “Səbail – “Zaqatala” oyununu birgə izləyəndə bu gün mütləq bura gələcəyini demiş, məni də səsləmişdi.

Adam olur e, sözü deməyinə peşman olur, lakin özünü sındırmadan “yumuşalıb, əriyir”. Bu qardaş da həmin metoddan istifadə etməklə, əlimdən tutacaq dərəcədə mehribanlıq edə-edə məni düz AFFA prezidentinin əyləşdiyi VİP otağa qədər aparır. Qapını aralayıb otağa boylanır, bir neçə saniyəlik içəri girir və çıxır. Otaqdan səs gəlir.

- Həbib, sənsən? Gəl bura. Jurnalist qardaşımızdır, yer edin, otursun.

Ay, nə gözəl. Bu ki, Rövnəq müəllimin səsidir. İçəri daxil olub ətrafdakılarla əlbəəl görüşüb otururam. Sən demə, bu dəfəki oyunu “Sabah” və “Kəpəz”in rəhbərləri ilə birgə izləyəcəyik.

Oyunun ilk dəqiqələri normal olaraq meydan sahiblərinin üstünlüyü şəraitində keçir. “Sabah” zaman-zaman hücumlar edir, “Kəpəz”sə pusquda durmuş ovçu kimi şikarını gözləyir. Bəzən əks-hücumlarda nəsə etmək istəyirlər, alınmır.

“Sabah” rəsmisi əsəbdən özünə yer tapmır.

- Bu oyunu da udmasalar, komandada bir nəfər də qalmayacaq. Bunların ad-sanına, oynadıqları futbola bax. İnanın, bezmişik daha.

Bu sözləri deyib, otağı tərk edir. Görünür, “şef”in yanında siqaret çəkməyin mümkünsüz olduğunu anlayır.

- Qardaş, bu oyuna nə deyirsən?

- Rövnəq müəllim, sizi inandırım, nədənsə mənə elə gəlir ki, “Kəpəz” mərhələni adlayan tərəf olacaq. Bir saat əvvəl də Tovuzda yerli komanda “Qəbələ”ni büdrətməyə yaxın idi. Sanki divizion təmsilçiləri Premyer Liqa komandalarına “toy tutmaq” istəyir bu dəfə.

- Sənə deyim, pis oynamırlar a.  “21”, “15”, “9”, hə, bir də “10 nömrə” yaman xoşuma gəlir. Nə etsə, onlar edəcək.

“Kəpəz”i təriflədiyimiz vaxt Filip İvanoviç hesabı açır. Qol heç yerinə düşmür. Rövnəq müəllim üzünü “Kəpəz” rəsmisinə tutur: “Ə, noldu, sizinki də bura qədərmiş deyəsən”. Qapı necə açılırsa, otaqdakılar az  qala yerindən tullanır. “Sabah” rəsmisidir: “Canım rahatlaşdı. Oynayanda oynayırlar e, bayaqdan elə bil nəsə olmuşdu komandaya. Vur bu qolu, rahatlaşaq da”.

AFFA prezidenti gizli baxışlarla mən tərəfə baxır, mən də ona tərəf. Baxışlarımız və mimikamızdan “bu sevincin sonu yaxşı olmayacaq” sözləri axır. “Kəpəz” rəsmisi “cənab”la eyni otaqda yanaşı əyləşmək şansından maksimum yararlanmaq həvəsi ilə sakit tonda dillənir.

- Rövnəq müəllim, Allah sizdən razı olsun. Nə yaxşı ki, varsız, nə yaxşı ki, “Kəpəz” adının yaşamasına köməkl edirsiz. Komandanın heç olmamasındansa, Birinci Dizionda mübarizə aparmasının özü böyük bayramdır biz gəncəlilər üçün.

Klub rəsmisi AFFA başqanına “imkan olsaydı, bizə Premyer Liqada oynamaq imkanı yaradardız” demək istəyir, amma bu cür açıq şəkildə deyə bilmir. Odur ki, sözlərinə davam edir.

-Komandada elə istedadlı uşaqlar var ki, onlara şərait yaradılsa... (“Kəpəz” hesabı bərabərləşdirir) Rövnəq müəllim, Rövnəq müəllim, Rövnəq müəllim, qolu vuran uşaq var e, adı Samirdir, Samir Qurbanovdur. Allaha and olsun, 20 yaşı var. 20 yox e, 19. 20 yaşı martda tamam olacaq. İstedadlı uşaqlardan biri də odur. Gördüz necə qol vurdu. “Sabah”ın bayaqdan 2-3 elə imkanı olub, “9”, “90”, “26 nömrələr”i vura bilməyiblər. Rövnəq müəllim, bizə bu cür şərait yaratdığınız üçün sizə ömrümüzün sonuna qədər minnətdar olacağıq.

Bu sözləri deyə-deyə o da otağı tərk edir. Sevincdən özünə gələ bilmir. Bayırda qışqırıq səsləri eşidilir, texniki zonadakılardan kiməsə zəng vurub, futbolçuları həvəsləndirməyə səsləyir. AFFA prezidenti sağa-sola boylanıb, otaqda kimsənin olmadığını görüncə üzünü mən tərəfə çevirir.

- Ağlın nə kəsir bu “Kəpəz”dən? Öz aramızdır, Premyer Liqada oynamalarına şərait yaratmışdıq da, görmədin nələr yaşandı.

- Həmin hadisə hamıya dərs oldu. İnanmıram bundan sonra yenə kimsə nəsə edə.

- Mənə bax, problem bilirsən nədir? Gəncədə heç kim əlini daşın altına qoymaq istəmir. Qardaş, bir stadion nədir ki, onun oturacağını dəyişmək istəmirlər. Öz aramızdır, icra hakimi var, biznesmenlər, xaricdə yaşayan gəncəlilər – gör nə qədərdirlər. Heç kim yaxın durmu. Hər şeyi AFFA eləməlidir... Bilirsən, əvvəlki vaxt da deyil. Həm büdcə problemi var, həm də bölgədə klub saxlamaq çətindir. Xərclər çox olur.

- Rövnəq müəllim, mən sizi yaxşı başa düşürəm. Bilirsiz necə etmək olar?

- Necə?

Elə bu an Əli Səmədov rəqib futbolçularla məhəllə futbolundakı kimi davranaraq, mükəmməl keçidlə 85-ci dəqiqədə qələbə topunu vurur. Rövnəq müəllimin dili-mat quruyur, bir tabloya baxır, bir də az öncə “Sabah” rəsmisinin əyləşdiyi kresloya. Az öncəki söhbəti davam etdirmək həvəsi ilə dillənirəm.

- Rövnəq bəy, onu deyirdim axı. Əlavə pul-para lazım deyil. Bilirsiz necə etmək olar? Bu, “Sabah”, “Səbail”, “Keşlə” ki var, rəhbərləri ilə görüş keçirib, komandaların adlarını dəyişdirmək şərti ilə növbəti mövsümdən bölgələri təmsil etmələrinə dair tapşırıq verə bilərsiz. Məsələn, “Sabah” adını dəyişib olsun “Kəpəz”, “Səbail” “Zaqatala”, “Keşlə” də “Tutan Tovuz”.

- Dildə demək asandır. Ad, məkan dəyişikliyi zülümdür e. Amma nəsə eləmək olar.

Hakim final fitini səsləndirir və “Kəpəz” büdcədə özündən 10-15 qat üstün “Sabah”ı Bakıda məğlub edib növbəti mərhələyə yüksəlir. Rövnəq bəy ayaq üstdə dayanıb, gəncəlilərin sevinc hisslərini izləyir. Mən isə fasilə vermədən danışıram.

- Rövnəq müəllim, mən sizdən azarkeşlərin, jurnalistlərin, futbol ictimaiyyətinin adından xahiş edirəm. Bayaq dediyim kimi etməyə çalışın. Baxın, gələn il “Qarabağ” Ağdama qayıdır, bir az bu tərəfə gəlirsən “Kəpəz”, ordan o tərəfdə “Turan Tovuz”, turistik bölgədə “Qəbələ”, yuxarıda “Zaqatala”, Bakıya çathaçatda “Sumqayıt”, şəhərdə “Neftçi”, qəsəbədə “Zirə”.

- Deyirsən, belə olanda millilər Avropada “at oynadacaq”, azarkeşlər stadionlarda yatacaq, daha bizi "asıb-kəsməyəcəklər"?

- Bəli, Rövnəq müəllim. 100 faiz elə olacaq. 2-3 il ərzində ölkə futbolunda sözün yaxşı mənasında partlayış olmasa, nə desəz, edəcəm... (sözünü kəsir)

- Anar, (mühafizəçinin adı beləydi) bu qardaşın nömrəsini yaz götür, maraqlı ideyaları var. Görək neynirik.

Mühafizəçi nömrəmi soruşur.

- 055...

- Neçə?

- 055

Səs kəsilir, stadiondakı o “müqəddəs” otaq yoxa çıxır. Yuxulu halda gözlərimi açanda yataq otağımın ağ tavanını, yanımda mışıl-mışıl yatan qızımı görürəm. İnanmıram. Əlimi telefonuma atıb baxıram, dolabımı açıb paltarlarımı görürəm. Ev, qoxu, istilik – hamısı doğmadır, realdır. Sən demə, futbolla bağlı gördüklərimin hamısı yuxu imiş. Lənətə gəlmiş yuxu...

HƏBİB