2020-ci ili ölkə futbolu üçün uğurlu saya bilmərik. Ötən çempionat yarımçıq dayandırıldı, “Qarabağ” xaric, digərləri avrokuboklarda uğursuzluq yaşadı, yığmanın Millətlər Liqasındakı çıxışı da öz yerində.

Əsas ümidlər “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə vəsiqə qavanıb, nəhayət, növbəti mərhələyə yüksələcəyi idi ki, alınmadı. Heyətin kasadlığı, “Molde” ilə oyun ərəfəsində haqlı olduğumuz halda qərarın norveçlilərin xeyrinə verilməsi, Nurlan İbrahimovun statusuna görə klubun cərimələnməsi, “Neftçi”nin fasiləyə “qış çempionu” kimi yollanması – bu və digər suallara cavab tapmaq zərurəti yaranmışdı.

Offsideplus.az-ın “Qarabağ” mövzusundakı müsahibi klubun baş direktoru Emrah Çelikel oldu.

- İli başa vurmaq üzrəyik. 2020-ni “Qarabağ” üçün necə dəyərləndirirsiz?

- Hamı kimi bizim üçün də çox ağır il oldu. Koronavirus hər birimizə, o cümlədən komandamıza çətin günlər yaşatdı. Nəticələrdən danışmalı olsaq, başa çatmaqda olan ili “Qarabağ” üçün uğurlu hesab edirəm. Əlbəttə, daha yaxşı ola bilər. Amma bu qədər problemlərin, çətinliklərin fonunda nəticələr uğurlu sayılmalıdır.

- “Qarabağ”ın Avroliqanın qrupundan çıxa bilməməsində heyətin yetərli olmaması danılmaz faktdır. Cəzalı, zədəli, xəstə futbolçuların yoxluğunda baş məşqçi Qurban Qurbanov heyət seçimində çətinlik çəkirdi. Sizə elə gəlmir ki, daha güclü komanda formalaşdırılmalıydı?

- Komanda hamımızın tanıdığı, iş qabiliyyətinə, insanlığına bələd olduğumuz Qurban Qurbanova həvalə olunub. Qurban müəllim nə iş gördüyünü yaxşı bilir. Müxtəlif fikirlərin olması normaldır, başa düşüləndir.

- Qurban Qurbanova güvənməyiniz, komandaya baş məşqçinin cavabdehlik daşıması aydın məsələdir. Sualımın “canı” başqaydı. Lazımi heyətin formalaşdırılması baxımından baş məşqçinin qarşısına büdcə limiti qoyulmuşdu, ya yox?

- Hər zaman Qurban müəllimin yanında olmuşuq, bundan sonra da olacağıq.

- Bu o deməkdir ki, baş məşqçi hansı futbolçuları istəyirdisə, onlar da gətirildi?

- Onsuz da indiyə qədər baş məşqçimizə “yox” deməmişik. Əksinə, onun qərarları hər zaman dəstəklənir, hörmətlə yanaşılır.

- Koronavirusun yeni baş qaldırdığı vaxtlarla klubun vitse-prezidenti Tahir Gözəl yaranmış vəziyyətin büdcəyə mənfi təsir edəcəyini bildirmişdi. Təsiri oldu?

- Tahir bəyin açıqlamasını xatırlayıram. Rəhbərlik sağ olsun, hər zaman komandaya dəstək olur, lazımi dəstəyi verir. Bu il də heç bir problem yaşanmadı. Həmin açıqlama koronavirusun qlobal təsiri ilə bağlı verilmişdi. Lakin bu cür davam etsə, büdcə avalması gözləniləndir. Tək bizdə yox, hər bir sahədə.

- 2020-də büdcə kəsiri oldu?

- Xeyr-xeyr.

- 2021-ci il üçün büdcədə azalma gözlənilir?

- Açığı, bu barədə yekun söhbətimiz olmayıb. Lakin yaşananlar hər kəsin gözü qarşısındadır. Tək “Qarabağ”la bağlı məsələ deyil. Bu cür davam etsə, tək futbolda yox, digər sahələrə də öz təsirini göstərəcək. Büdcə azalması, daha çox qənaət rejiminə keçilməsi qaçılmazdır.

- “Qarabağ” - “Molde” oyunu ərəfəsinə qayıdaq. Norveçlilərlə görüş Bakıda baş tutmalı olsa da, qarşı tərəfin inadkarlığı və hiyləgərliyi nəticəsində matç neytral meydanda oynanıldı. Bu işdə “Qarabağ”ın uduzduğunu düşünürsüz?

- Mən bu cür deməzdim. UEFA-nın qərarıydı, xoşumuza gəldi , ya gəlmədi, hörmətlə yanaşmalıyıq. “Molde” bura gəlməliydi, lakin fərqli qərar qəbul olundu. Təbii ki, bizim üçün çətin oldu. Dediyiniz məsələ Norveç dövlətinin qəbul etdiyi qərarın təzahürü idi.

- Nurlan İbrahimovun məlum statusu və UEFA-nın qəbul etdiyi qərara münasibətiniz maraqlıdır.

- Nurlanın insani və iş heyfiyyətləri, həmçinin bizim ona olan münasibətimiz haqda çox danışmağa ehtiyac yoxdur. Lakin sırf o məsələ ilə bağlı danışmalı olsaq, mövqeyim belədir: o cür həssas dönəmdə o sözlərin yazılması düzgün deyildi. Yazıda sərt sözlər işlədilmişdi. Hansı ki, orda yazılanlar “Qarabağ”ın mövqeyi deyil, ola da bilməz. Bildiyiniz kimi, həmin statusa görə klub da böyük məbləğdə cərimə olundu. O statusda uşaqlar, qadınlar, yaşlılar barədə yazılanlar həmin an üçün doğru deyildi. Bilirəm, Nurlan onu boşuna yazmamışdı, bir çox səbəblər onu vadar etmişdi. Adama xoş gəlməyən Nurlanın orda yazılanlar xarakterində insan olmamasıdır. Sadəcə, emosional davranış idi. İndi Nurlan da, klub da hüquqlarını qorumaq üçün lazımi addımları atmaqdadır.

- Bir anlıq özünüzü Nurlanın yerinə qoyun. Müharibənin qaynar vaxtında o cür addım atardız?

- Nurlanı başa düşürəm. Amma onun yerində olsaydım, həmin an emosialarımı cilovlamağı bacarardım. Şəxsən mən Nurlan kimi davranmazdım. Həmin status beynəlxalq arenalarda “Qarabağ”a zərbə oldu, düşmənlərimiz bundan sui-istifadə etdi. Bunu qəbul etməliyik. Uzun illərdir “Qarabağ”ın beynəlxalq arenalarda necə davrandığını, hansı nəticələrlə yadda qaldığını hamımız görürük. Üstəlik, burda cənab Prezident İlham Əliyevin siyasətini düşünməliyik. Ölkə başçısı hər çıxışında Azərbaycan – Ermənistan müharibəsinin hər iki dövlətin ordusu arasında getdiyini qeyd edir, dinc əhalini bura qatmağın doğru olmadığını vurğulayır. Biz də klub olaraq hər zaman cənab Prezidentin siyasətini dəstəkləyir, Qarabağ adını dünyaya tanıtmaq üçün əlimizdən gələni etməyə çalışırıq. O status Nurlanın mövqeyi idi, klubun yox. “Qarabağ”ın mövqeyi humanistlikdir. Təbii, belə olmasını Nurlan da istəməzdi.

- Bu sualın cavabına böyük qardaş məsləhəti deyək. İndiki halda Nurlan nə etməlidir?

- Bütün olanlara baxmayaraq, biz Nurlanın yanındayıq. Bunu statusuna haqq qazandırırıq deyə demirəm. Sadəcə, emosiyalara qapıldığına inandığımız üçün yanındayıq. Sualınıza gəlincə, Nurlan da klub kimi öz haqqını axtarmalıdır.

- Cəza-cərimənin yüngülləşdirilməsi üçün vəkil tutmusuz. Azərbaycanlıdır, yoxsa əcnəbi?

- Türkdür.

- Qurur Qaye Günal?

- Bəli.

- UEFA-nın “Qarabağ”a ögey münasibət bəsləməsi göz qabağındadır. İllər öncə Riçard Almeydanın təmiz qolunun hesaba alınmaması və həmin hakimin çox keçmədən oyun idarə etməsi. Londonda və Lüksemburqda erməni təxribatlarının üstündən sakit keçilməsi. Az  öncə qeyd etdiyimiz  “Molde” məsələsi. Yekun olaraq Nurlan İbrahimovun statusuna görə çıxarılan qərar. UEFA-nın ögeyliyini, soyuqluğunu siz də hiss edirsiz?

- Ola bilər. Öz aralarında bizə qarşı qruplaşma, yaxud başqa nəsə - bunlar ola bilər. Belə olduğu halda bizim edə biləcəyimiz tək şey haqqımızı axtarmaq, sona qədər getməkdir.

- Sanki. “Qarabağ” hüquqlarını müdafiə edə bilmir, etməkdə çətinlik çəkir. Yoxsa futbol ölkəsi kimi tanınmadığımıza görə belədir?

- Şükürlər olsun, futbol ölkəsi kimi tanınırıq.

- Hər halda UEFA-dakıların gözündə İtaliya, Norveç, İngiltərə qədər deyilik.

- Qəti olaraq bildirirəm ki, razı olmadığımız bütün məsələlərdə sona qədər haqqın arxasınca getmişik. “İnter”lə oyundakı hakim səhvini deyirsiz. Həmin səhvdən sonra oyunun yenidən keçirilməsi, yaxud yekun nəticəni dəyişmək mümkün deyildi. Həmin gün “İnter”in qarşısında “Qarabağ” yox, ən tanınmış komanda da olsaydı, nəticə dəyişməyəcəkdi. Razıyam, bəzi qərarlar sərt olur, ya da doğru qəbul etmirik. Amma bizim hüquqi çərçivədə şikayət məktubu ünvanlamaqdan və yekun qərara tabe olmaqdan başqa çıxış yolumuz yoxdur. Çünki ən sonda UEFA-nın mövqeyi keçərli olur.

- Bunlar məlum məsələdir. Mən “Qarabağ”a qarşı ögeylik haqdandır” sualına cavab tapmağa çalışıram. Səbəbi nədə görürsüz?

- Soyuqluq var deməzdim, deyə də bilmərəm. Biz UEFA-nın üzvüyük və onlara tabeyik. Qərarla razılaşmadığımız məqamlarda lazım olan instansiyaların hər birinə müraciət edirik.

- Mahir Emreli ilə zaman-zaman xarici klubların, xüsusən də ispanların maraqlandığı deyilir. Kluba bununla bağlı məktub daxil olub?

- Mahir istedadlı futbolçudur, potensialı var, öz üzərində daim çalışır. Ümid edirik ki, nə vaxtsa legioner həyatı yaşayacaq. Lakin Mahirlə bağlı rəsmi təklif almamışıq.

- Bəs digər futbolçularla bağlı?

- Xeyr, olmayıb.

- “Qarabağ”dan 1 oyun çox keçirən “Neftçi” qış fasiləsinə ilk pillədə yollandı. Bu məqam sizi narahat edir?

- Dediyiniz kimi, 1 oyun az keçirmişik. Üstəlik, cəmi 13 tur baş tutub. Hər bir rəhbər, işçi, məşqçi, futbolçu qalib olmaq istəyir. Əlbəttə, narahat edir. Amma mübarizə öndədir. Bu dəqiqə bizi ən çox narahat edən pandemiyadır. “Neftçi”nin liderliyindən çox bəladan nə vaxt qurtulacağımızı düşünürük.

- Bu sualı bilirsiz niyə verdim. Ötən mövsüm 20-ci turda başa çatdırılmış, çempion vaxtından əvvəl elan olunmuşdu. Növbəti virus dalğasının gəldiyini nəzərə alsaq, eyni hal qaçılmaz olacaq. “Neftçi”nin hazırkı liderliyi isə mümkün çempionluq deməkdir.

- Çempionatı erkən başa vurmaq üçün, bildiyimə görə, oyunların azı 51 faizi yekunlaşmalıdır. Bunun üçünsə azı 15 tur keçirilməlidir. O vaxta qədər vaxtımız var. Bizim əsas məqsədimiz Azərbaycan və Qarabağ adlarını Avropada layiqincə təmsil etməkdir. Futboldur, yarışdır, hər şey ola bilər. Ümid edirəm ki, yekunda haqq edən komanda çempion olacaq.

HƏBİB