Azərbaycan idmanının ağrılı yerlərindən biri ölkədə idman hüquqşünaslarının olmamasıdır. Daha doğrusu, dünənə qədər yox idi. Elə buna görə də "İnter"lə oyundakı hakim haqsızlığına görə "Qarabağ" rəhbərliyi klubun hüquqlarını qorumaq üçün azərbaycanlı yox, türkiyəli hüquqşünasa - Qürur Qayə Günala müraciət etmişdi.

Artıq bu baxımdan narahatlığa ehtiyac yoxdur. Klubların, futbolçuların, bir sözlə, idman sahəsində çalışanların hüquqlarını müdafiə edəcək Fərid Haqverdiyev var. Düzü, biz də onu yaxından tanımırdıq. Sadəcə, haqqında ümumi məlumatlar bilirdik. Odur ki, Fərid bəy offsideplus.az-a verdiyi müsahibədə özü haqda ümumi bilgilərdən başlayıb, suallarımızı cavablandırmaqla davam etdi.

(əvvəli öncəki yazıda - "PSJ-nin hüquqşünası ilə dostluq edirik" - FƏRİD HAQVERDİYEV)

- "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovun məsələsi açıq qalıb. Maraqlıdır, gələcəkdə veriləcək yekun qərarda buna görə "Qarabağ" cəzalandırıla bilərmi?

- Nurlan İbrahimova verilən cəza həmyerlimiz kimi hamımızı məyus etdi. Heç kəs onun bu qədər ağır cəzalandırılacağını gözləmirdi. Verilən cəza ilkin cəzadır, yekun qərar hələ qəbul edilməyib. Ən pis ehtimal və tamamilə arzu etmədiyimiz odur ki, Nurlan İbrahimova verilən bu cəza qüvvədə qalsın, əlavə olaraq pul cəriməsi verilsin. Bu, 100 min avroya qədər ola bilər. Buna baxmayaraq Nurlan İbrahimovun bu cəzadan həm UEFA-nın özünə, daha sonra isə İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (İAM) şikayət vermək hüququ var. İAM bir növ ədaləti bərpa edən orqan kimi tanındığından Nurlan İbrahimovun müdafiəsini təşkil etmək üçün əsaslar var. Nurlan İbrahimovla bağlı məlumatları mənfur qonşularımızın da oxuduğunu nəzərə alaraq həmin əsasların hamısını bildirmək və növbəti proseslərə onların, UEFA-nın daha hazırlıqlı olmalarını istəmirəm. Nümunə olaraq deyə bilərəm ki, “cəzanın əmələ münasibətdə həddən artıq sərt olmasının yolverilməməzliyi” prinsipini, Nurlan İbrahimovun məlum statusu daha sonra silməsini və açıqlamadığım digər məqamlarını nəzərə alsaq, onun UEFA və İAM-dakı müdafiəsini təşkil etmək olar. “Qarabağ”ın məsuliyyətinə gəlincə, hazırda bu intizam işi sırf Nurlan İbrahimova münasibətdə aparılır və “Qarabağ”ın cəzalandırılması gündəmdə deyil. Buna baxmayaraq, arzu etmədiyimiz cərimə cəzasının tətbiqi barədə də qərar verilərsə, o zaman “Qarabağ” da həmin cəriməyə görə Nurlan İbrahimovla birgə məsuliyyət daşıyacaq. Ümid edək ki, Nurlan İbrahimova verilən cəza yüngülləşdiriləcək və Nurlan bəy işinin başına qayıdacaq.

- Bu illər ərzində AFFA-dan sizinlə maraqlanan, danışan olub?

- Bildirmək istəyirəm ki, 2019-cu ildə AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə mən ictimai əsaslarla AFFA-nın mübahisəli məsələlərə baxan qolunun - Oyunçuların Statusu və Transferi Komitəsinin üzvü seçilmişəm. Bu komitə futbolun müxtəlif subyektləri arasında baş vermiş mübahisələri həll edən orqandır. Bu səbəbdən də AFFA-da çalışanlarla sıx əlaqədə oluruq. Müxtəlif əhəmiyyətli mövzularda fikir mübadiləsi aparırıq, komitədə işə baxarkən qarşılıqlı əməkdaşlıq edirik.

- Son bir neçə ildə ermənilərin təxribatını görmüşük. Lüksemburqda stadiona dronla bayraq salınıb, İngiltərədə azarkeş meydana bayraqla daxil olub. Bu halda UEFA ciddi sanksiyalar tətbiq etməyib. Məsələnin izinə düşməklə qarşı tərəfin (meydan sahibi klubların və ya təxribatçının özünün) cəzalanmasına nail olmaq olardı?

- Vurğuladığınız kimi, ermənilər “Qarabağ”ın uğurlarını həzm edə bilmədikləri üçün daim müxtəlif təxribatlara əl atıblar. UEFA-nın təhlükəsizlik ilə bağlı qaydalarına əsasən, hər bir assosiasiya və klub oyunların keçirilməsi zamanı təhlükəsizliyi birgə təmin etməlidir. Əgər bu təmin edilmirsə, əməldən asılı olaraq müxtəlif cəzalar nəzərdə tutulur. Sualınıza gəlincə, onu deyə bilərəm ki, bununla bağlı UEFA-ya davamlı təzyiqlər olunmalı, təkcə bir məktub, bəyanatla kifayətlənməməli, mümkün hüquqi prosedurların hamısına müraciət etməliyik. Nurlan İbrahimovun məsələsində ermənilərin nə qədər prinsipial olduqlarını və UEFA-nı sosial şəbəkələrdə davamlı olaraq təzyiq altında saxladıqlarını hamımız gördük. Bunun üçün də hesab edirəm ki, belə təxribatlarla üzləşərkən biz də fasilə vermədən həmin qurumların, şəxslərin cəzalandırılması üçün qətiyyət göstərməliyik.

- Azərbaycanlı futbolçular müqavilələrinə zaman-zaman vaxtından əvvəl xitam verildiyi halda susmağı üstün tutublar. Niyə belədir?

- Son dərəcə aktual və maraqlı olan suala görə təşəkkür edirəm. Bunun bir neçə səbəbi var. İlk növbədə hesab edirəm ki, bu sahədə hüquqi maarifləndirmənin, biliklərin zəif olması və mübahisəni həll edən orqanlar barədə futbolçularda məlumatın olmamasıdır. Bunu aradan qaldırmaq üçün bu sahədə təlimlərin keçirilməsi və onlara tanıdılması vacibdir. Ünsiyyətdə olduğum əksər futbolçularımız, üzvü olduğum komitənin varlığı barədə duysalar da, onun AFFA-dan müstəqil olaraq fəaliyyət göstərdiyini bilmirlər. Bundan əlavə əksəriyyətinin komitənin qərarından İsveçrədə yerləşən İAM-a şikayət etməyin mümkünlüyündən də məlumatları yoxdur. Digər məqam isə sözsüz ki, FİFA-ya, İAM-a təqdim ediləcək şikayətlərə görə verilən rüsumun məbləği, həmin proseslərin əlavə xərc tələb etməsidir. Bundan əlavə, yekun qərarın futbolçuların xeyrinə olacağına dair şübhələr və inamsızlıq da hüquqları pozularkən futbolçuların susmasına səbəb olan amillərdəndir. Tez-tez eşitdiklərimdən biri də odur ki, hüquqları pozulan futbolçu şikayət edərsə, rəhbərliklə münasibətinin pozulacağından ehtiyat edir və digər klubların artıq onun “problemli futbolçu” kimi tanıyacaqlarını, xidmətində maraqlı olmayacağını düşünməsidir. Hesab edirəm ki, bu peşəkarlıqdan uzaq yanaşmadır. Futbolçularımıza bu yanaşmanın yanlış olduğunu bildirmək istəyirəm və pozulmuş hüquqlarının bərpası üçün bütün hüquqi həllərdən istifadə etməklərini tövsiyə edirəm.