OFFSİDE SPORT MEDİA Birinci Divizionla bağlı növbəti yazını təqdim edir. Bu dəfə danışılmış oyunlar, aşağı dəstədə buna görə verilən cəzalar, oyun nəticələrinin manipulyasiyasına qarşı mübarizədən ətraflı söhbət açılacaq.

Dünyada danışılmış oyunların izləri

Futbol azarkeşlərə misilsiz emosiyalar bəxş edən idman növü olduğu qədər iş adamları və işbazlar üçün böyük pulların dövr etdiyi industriyadır. Bu sahədə "qara yollarla" büdcəsini zənginləşdirmək istəyənlər tarixən olub, indi də var. Müasir dövrdə oyun nəticələrinin manipulyasiyası qlobal problemə çevrilməkdədir. 2006-cı ildə İtaliya futbolunda danışılmış oyunlarla əlaqədar aparılan araşdırma sonunda "Yuventus"un B Seriyasına göndərilməsi hələ də unudulmayıb. İspaniyada danışılmış oyunlarla əlaqədar 2018-ci ildə aşağı liqalardan 24, 2019-cu ildə isə daha doqquz nəfərin həbs olunması rezonansa səbəb olmuşdu. 2011-13-cü illərdə Avropa İttifaqının polis xidməti - Avropol tərəfindən aparılan "VETO" əməliyyatı nəticəsində aralarında bir Çempionlar Liqası matçı olmaqla 380 oyunun satıldığı iddia olunmuşdu.

Bir neçə il öncə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə sabiq nümayəndəsi Kamran Cəbrayılov və PFL prezidenti Ramin Musayev dünyada qeydə alınan oyun alqı-satqısı hallarına toxunmuşdular. K.Cəbrayılov “Yuventus” misalından sonra bildirmişdi ki, Şərqi Avropada vəziyyət daha gərgindir: “UEFA-nın hesabat və iclaslarında vurğulanır ki, danışılmış oyunlarla ətrafındakı situasiya ürəkaçan deyil. Onlar getdikcə daha çox yayılan xəstəlikdir”.

Oyun nəticələriin manipulyasiyası futbol dünyasında söz sahibi olmayan ölkələr üçün də aktualdır. Gürcüstanda ötən ilin mayında analoji ittihamla səkkiz karyerasını davam etdirən, üç sabiq futbolçu saxlanılıb. 2019-cu ilin noyabrında Ermənistanda oyun alqı-satqısının böyük şəbəkəsi ortaya çıxması barədə xəbərlər yayıldı. Ukrayna futbolu artıq illərdir analoji problemin məngənəsində sıxılır. 2019-cu il 21 noyabrda Milli Polis 35 klubun adı keçən müvafiq araşdırmaya fasilə vermək qərarına gəlmişdi. Son olaraq, Belarusda danışılmış oyunların təşkilində ittiham olunan beş klub hesabından xal silinməklə cəzalandırıldı.

Beynəlxalq təcrübədə danışılmış oyunları bir neçə əlamətə görə üzə çıxarırlar. Əsas əlamət qarşılaşma üçün müəyyənləşdirilən qeyri-tipik əmsallardır. Məsələn, komandalardan biri oyunun böyük hissəsində 2-3 top fərqilə məğlub durumda olduğu halda onun geri dönüşünə çoxsaylı, böyük həcmdə pul qoyuluşları şübhə doğurur. Əmsalların kəskin dəyişməsi, hər hansı bölgədən düzgün nəticəyə pul qoyuluşunda aktivlik müşahidə edilməsi də əlamətlər arasındadır. Bir sıra bukmeyker kontorları UEFA ilə əməkdaşlıq edir və şübhəli oyunlar haqqında məlumatları quruma ötürür.

“Quru maaş”a baxmaq, yoxsa..?

Bir sıra ölkələrdə yayılan bu arzuolunmaz dalğa Azərbaycan futbolundan da yan keçməyib. Son zamanlar Azərbaycanın iki peşəkar liqasından biri olan Birinci Divizion danışılmış oyunlarla diqqəti üzərinə cəlb edir. Əslində maddi cəhətdən yetəri qədər təmin olunmayan futbolçu və hakimlərin bu qeyri-leqal yollara yönəlməsi sürpriz deyil. Hazırda Birinci Divizionda bir oyun idarə edən baş hakim 300, köməkçi hakimlər 200 AZN qonorar alır.

2

Türkiyə 1-ci Liqasında bu göstəricilər müvafiq olaraq 3300 (928 AZN) və 1815 TL (510 AZN) təşkil edir. Rusiya Milli Futbol Liqasında (1-ci divizion) hər idarə olunan oyuna görə baş hakimin qonorarı 35000 (941 AZN), yan xətt hakimlərinin isə 17500 RR (470 AZN) göstərilir. Birinci Divizon klublarımızın illik büdcəsini nəzərə alsaq, futbolçulara ödənilən məvacib 250-600 AZN aralığında dəyişir. Hətta cəmi üç yaşı olan və həvəskarların mübarizə apardığı Region Liqasında da danışılmış oyunlarla bağlı şübhələr yaranır.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev həmin ehtimalları nəzərə alaraq oyunlara nəzarətin gücləndirildiyini deyir: "UEFA və AFFA arasında bu sahədə əməkdaşlıq var. Oyunlarda şübhə doğuran məqamlarla bağlı ordan AFFA-ya məktub gəlir. Oyun nəticəsinin əvvəlcədən razılaşdırılması təsdiq olunarsa, AFFA müvafiq güc strukturlarına müraciət edir.

PFL tərəfindən Birinci Divizionun bütün oyunları üç kamera ilə lentə alınır. Videoyazıda futbolçuların davranışı, rəftarı şübhə doğurduqda bu barədə AFFA-nın müvafiq komitəsinə dərhal məlumat verilir, çəkiliş ora təqdim olunur”.

Birinci Divizionda oyun alverinin nəticələri

Azərbaycanın Birinci Divizionunda danışılmış oyunlarla bağlı idman mediasında xeyli əvvəldən yazılsa da, ilk cəzalar 2016-cı ildə verilib. UEFA daha öncə iki dəfə şübhə doğuran bəzi oyunları AFFA-dan araşdırmağı istəyib. Qurum üçüncü müraciətində əvvəlkilərdən fərqli olaraq, oyunların videoyazısında konkret epizodları işarələyib AFFA-ya göndərib. AFFA-nın İntizam Komitəsi ilkin olaraq 22 futbolçu, bir inzibatçı və bir hakimi cəzalandırdı. Araşdırma başa çatandan sonra - 2017-ci ilin martında doqquz futbolçu mövsümün sonuna qədər, “Şahdağ”ın inzibatçısı Rafael Kübərov iki il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı. “Rəvan” və “Şərurspor”un Birinci Divizionda iştirakına qadağa qoyuldu, futbolçularına azad agent statusu verildi. Adları danışılmış oyunlarda hallanan “Şahdağ", “Energetik”, “Bakılı” və “Göyəzən”ə isə ciddi xəbərdarlıq edildi.

3

Doqquz futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə, onlara 2016/2017 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan olunmuşdu.

4

2017-ci ilin dekabrında oyun alqı-satqısında ittiham olunan "Keşlə"nin iki futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidova futbol fəaliyyəti ilə məşğul olmağa ömürlük qadağa qoyulmuşdu.

Oyun nəticələrinin manipulyasiyasına görə son kütləvi cəzalar 2019-cu ilin dekabrına aiddir. UEFA-dan daxil olan məlumata əsasən aparılan araşdırmalar nəticəsində "Turan Tovuz", "Ağsu" və "Zirə-2" sanksiyalara məruz qalıb. Məsələ ilə əlaqədar araşdırma başa çatmadığından İntizam Komitəsinin yeni qərarlar qəbul edəcəyi istisna olunmur. Bunu UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli bildirdi. Onun sözlərinə görə federasiyanın ilkin cəzalarında bəzi dəyişikliklər də mümkündür. S.Səlimli oyun alqı-satqısına qarşı aparılan mübarizənin səmərəli olduğunu da diqqətə çatdırıb. “Araşdırma indi də davam etdirilir. Təqsirli bilinənlər inzibati cəzasını çəkəcək. İstintaq tam başa çatandan sonra federasiya olaraq günahı nisbətən az olanların cəzasını azaltmaq barədə düşünə bilərik. Hələ ki dəqiq olan bir şey yoxdur.

Əvvəllər UEFA-dan şübhəli oyunlarla bağlı xeyli məktublar gəlirdi. Artıq, demək olar ki, bu məsələyə görə məktub almırıq. Sabah nə olacağını demək olmaz, hazırda aparılan mübarizə effekt verməkdədir”.

5

Bundan sonra "Ağsu" komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini əsas gətirərək Birinci Divizionda oynamamaq barədə qərar qəbul edib.

Azərbaycanda danışılmış oyunlara görə ömürlük cəzalandırılan futbol hakimi Anar Niyazov hələ 2009-cu ildə “qərəzli idarəçiliyə” görə 3 il müddətinə futboldan uzaqlaşdırılmışdı. 2016-cı il isə onun hakimlik karyerasına son il kimi düşdü. Keçmiş FİFA referisi, futbol mütəxəssisi Tahir Süleymanov mənfi hallara qarşı hakimlərin işini mühüm faktor kimi göstərir:

"FİFA, UEFA qaydalarına görə hakimlərin qarşılaşmalarda səlahiyyətləri çox böyükdür. Hakimlər matçın gedişində hər hansı idman prinsiplərindən kənar davranış müşahidə etsələr, bununla bağlı federasiyaya rəsmi raport verə bilərlər. Baş hakimin təqdimatı çox ciddi qəbul edilir və dərhal da araşdırmalara başlanılır. Belə raportların təqdimatı UEFA səviyyəsində olub və vaxtilə klublara qarşı çox ciddi sanksiyalar tətbiq edilib.

Təəssüf ki, əksi də baş verə bilər. Müəyyən hakimlər bu tipli halların iştirakçısına çevrilə bilərlər. Almaniya kimi ölkədə belə illər öncə Bundesliqa hakimi bu tipli hallara görə çox ciddi cəzaya məruz qalmışdı. AFFA müvafiq qərarlar verir və hər bir şəxsin buna qarşı apellyasiya şikayəti vermək hüququ var. Detalları, daha dəqiqini bu proseslərin iştirakçıları, qərar çıxaranlar bilir.

Futbolçulara gəldikdə, onların ömürlük futboldan kənarlaşdırılması sərt cəza kimi görünə bilər. Ən yaxşısı belə halların baş verməməsidir. Söhbət tək futbolçulardan getmir. Cəzalananlar arasında məşqçi, əməkdaşlar da yer alıb. Futbol cəzaları AFFA tərəfindən verilsə də, bu araşdırmalar müvafiq orqanlar tərəfindən aparılır.

Təbii ki, futbolçular futbolunu oynamalıdır. Onların istəmədən belə böyük bir oyunun tərkib hissəsinə çevrilməsi də mümkündür. Cəzaların kütləvi hal alması da bunu göstərir. Deməli, məsələ daha qlobaldır.

AFFA və müvafiq strukturların belə hallarla mübarizəsi təqdirəlayiqdir. İllərdir UEFA-dan siqnallar, araşdırılması üçün rəsmi məktublar gəlir. Ən mənfisi, bunları bilə-bilə əvəzedicilərin çempionatının ləğv edilməsi və Diviziona, "bataqlığa" sürüklənməsi oldu. AFFA rəhbərliyi ilə söhbətlərimdə dəfələrlə bu addımın yanlış olduğunu vurğulamışam. Əvəzedicilərin yarışı son 10 ildə az sayda olan ən uğurlu layihələrdən biri idi. Çempionat mütləq yenidən bərpa edilməlidir. Məqsədi-məramı olmayan Divizion klublarına külli miqdarda vəsait xərclənir və havaya sovrulmuş olur. Üstəlik, qeyd olunanlara şərait yaradılmış olunur. Davamlı olaraq faktiki və ictimai nəzarət olmalı, birdəfəlik bəlaya son qoyulmalıdır".

“Ağsu”ya zaman lazımdır

Elnur Alıyev "Ağsu" futbol klubu və uşaq futbol məktəbinin direktoru vəzifəsinə 10 fevralda təyin olunub.

90284413 1583219041817631 1765829108865957888 o

O, peşəkar fəaliyyətini dayandıran klubun yenidən güc tapıb Azərbaycan çempionatlarına qayıdacağını inamını ifadə etdi: "Düzü, danışılmış oyunlarla əlaqədar cəzalandırılan "Ağsu" futbolçularını tanımıram. Çünki rayon futboluna yenicə rəhbər təyin olunmuşam. Oyun alqı-satqısı sənə güvənən insanların inamından sui-istifadə deməkdir. Ailənə, övladına çörəyi gərək halallıqla qazanasan. Əsas komanda dağılsa da, klubun 10-dan 16-a qədər altı yaş qrupunda komandası fəaliyyət göstərir. Onların üçü zona birinciliyində növbəti mərhələyə adlayıb. Məqsədimiz aşağı yaş qruplarında təmsilçilərimizin sayını doqquza çatdırıb yerli uşaqlardan təşkil olunmuş komanda ilə yenidən Birinci Divizionda mübarizə aparmaqdır. Ağsu futbolunu heç kəs məhv edə bilməz. Sadəcə biraz vaxt lazımdır. Biz qayıdacağıq və bütün rəqiblərə başağrısı olacağıq".

“Şərurspor” prezidentinin verdiyi ipucları

Danışılmış oyunlara görə Birinci Diviziondan uzaqlaşdırılan, daha sonra dağılan "Şərurspor" yüksək dəstəyə iddialı idi. Amma klubun prezidenti Sərdar Bağırovun Bakının bir neçə yerində bukmeyker kontoru işlətdiyi iddia edilirdi. Başqa sözlə, "Şərurspor"un əsas maliyyə mənbəyi kimi "qara bazar" göstərilirdi. S.Bağırov medianın bu iddiasını fantaziya kimi qiymətləndirirdi.

7

Komanda 2016-cı ilin martında evdə "Göyəzən"ə 0:3 hesabıyla uduzmuşdu. "Göyəzən"in həmin qarşılaşmaya qədər cəmi bir qalibiyyətinin olması, "Şərurspor"un rəqibinə səfərdə beş cavabsız qolla qalib gəlməsi, matçda futbolçuların etdiyi ciddi səhvlər, bəzi bukmeykerlərin gözlənilmədən həmin oyuna yüksək əmsallar verməsi onun danışılmış olmasına şübhələr yaratmışdı. Sonda bu və digər şübhələr kluba baha başa gəldi. "Şərurspor"un sabiq prezidenti Sərdar Bağırov AFFA tərəfindən verilən qərarı qərəzli və ədalətsiz hesab edir: "Danışılmış oyunlarla bağlı məndən yox, futbolun başında oturanlardan soruşun. Mən futboldan uzaqlaşmışam və AFFA-nın hansı qərarlar qəbul etməsi ilə maraqlanmıram da. "Şərurspor"u Birinci Diviziondan uzaqlaşdıranlar millinin futbolçularının nə hoqqadan çıxdığını görməzdən gəlirlər. Onda, gərək, güclülər dəstəsində hamını çempionatdan kənarlaşdırsınlar. Orda danışılmış oyunlarda adı hallanan kifayət qədər klublar var. "Şərurspor" nəinki Birinci Divizion, Premyer Liqada oynamaq iqtidarında bir klub idi. Yəqin kiminsə mətbəxinə daxil olmuşduq, bizi təhlükə kimi gördülər. Bizə qarşı ədalətsiz qərar verildi. Bu saat Azərbaycanda çox adamın Premyer Liqada klub saxlamağa imkanı var. Görün, onlara icazə verən var bunu etməyə?”

Sərdar Bağırovun işarə vurduğu məsələyə gələk. Oyun alqı-satqısının tək Birinci Divizionla məhdudlaşmadığı, Azərbaycan Premyer Liqası və Kubokun da sözügedən virusa "yoluxduğu" barədə iddialar var. Yerli futbolumuzun stajlı azarkeşləri 1998/99 mövsümündə baş tutan "Viləş" - "Turan" (6:6) qarşılaşmasını yaxşı xatırlayır. Premyer Liqamızın tarixinə ən bol qollu heç-heçə kimi düşən həmin qarşılaşmadan sonra meydan sahiblərinin bütün qollarını Alay Bəhramovun vurması və 24 qolla çempionatın bombardiri olması müəyyən şübhələrə yol açmışdı. 1996/97 mövsümündə "Kəpəz"in "Şəmkir"i 14:2 hesabıyla məğlub etməsi, gəncəlilərin heyətində Rövşən Əhmədovun 7 qol vurması da bu qəbildəndir. 2008/09, 2009/10, hətta 2014/15 mövsümündə də yüksək dəstədə danışılmış oyunların varlığı barədə mətbuatda nümunələrə rast gəlmək olar. Yanvarda AFFA İcraiyyə Komitəsinin üzvü və "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov bildirmişdi ki, Premyer Liqada oyun nəticələrinin manipulyasiya hallarına rastlanmayıb. AFFA-nın baş katibi Elxan Məmmədov isə bu problemə qarşı çarə tapıldığını deyirdi. Onun sözlərinə görə, digər idman növlərinin nümayəndələri futbola qarışaraq, danışılmış oyunlarda iştirak etməyə çalışır. "Bu məsələ hər zaman diqqətdə saxlanılacaq" - E.Məmmədov qeyd etmişdi.

Nəsihətlər işə yaramadı...

Danışılmış oyunlara görə bir sıra futbolçularının xidmətindən məhrum olan digər klub "Turan-Tovuz"dur. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev hesab edir ki, əsas məqsəd futbolçuları bu işə yönəldənlərin ifşa etmək olmalıdır: "Futbolçunun təqsiri var, amma əsas məqsəd onlar yoldan çıxaranları tapmaqdır. Birinci Divizionda 500-600 manatlıq maaş oyunçuları qane etmir. Ona görə əlavə pul almaq imkanına aldanırlar. Danışılmış oyunlar mövzusunda AFFA mütəmadi seminarlar keçirir, bizim də futbolçularla bu barədə söhbətlərimiz olur. Dəfələrlə başa salmışıq ki, adınız danışılmış oyunlarla bağlı hallansa, sizi futboldan "siləcəklər". Heç kim belə iş tutduğunu qəbul etmir. "Turan-Tovuz"un uşaqlarına həmişə xəbərdarlıq edirəm. Deyirəm, "qara işlər"ə bulaşmayın, sonra mənə yalvaranda gec olacaq. Bundan sonra futbolçu danışılmış oyunlara gedirsə, deməli, ən sərt cəzanı gözə alır. Federasiya da futbolçuları belə işlərə cəlb etməyə çalışanların kimliyini deyənlərə məxfilik zəmanəti verir. Düşünürəm ki, vaxtında məlumat verən oyunçuların cəzası da yüngül olar.

8

Bilirsiz, "Turan-Tovuz"dan 7 nəfəri danışılmış oyunlara görə diskvalifiasiya etdilər. Yerdə qalanlar indi quzu kimi olub. Hamısına deyirdim ki, sizin futboldan başqa peşəniz yoxdur. Başınızı aşağı salıb işinizi görün, gələcəkdə məşqçi olacaqsız, bizim akademiyada işlə təmin oluna bilərsiniz. Cəza alanlar arasında istedadlı uşaqlar var. Biri Qocayev Sənan. Onun parlaq gələcəyinə ümidli idim. Əfsuslar olsun ki, belə bir futbolçu özünü bəlaya saldı. Vallah inanmırdım ki, adımız bu cür hallana. Yeni məşqçi gətirəndə belə birinci deyirdim ki, oyun alqı-satqısı qətiyyən olmasın. Hazırda AFFA bu məsələnin üstünə ciddi düşüb. Hətta başqa oyunlara pul qoyuluşu edən futbolçular tapılanda cəzalandırılır".

Danışılmış oyunlara qarşı hüquqi müstəvidə mübarizə

“Əməli təkrar törədən 8 ilədək həbs oluna bilər”

Oyun alqı-satqısını problemi müasir dövrdə əksər futbol funksionerlərini və rəsmilərini dərindən düşündürür. Bu məqsədlə 18 sentyabr 2014-cü ildə Avropa Şurası çərçivəsində İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya qəbul edilmişdir. Azərbaycan Respublikası 18 sentyabr 2014-cü ildə sözügedən Konvensiyanı imzalayıb.

“Həmin Konvensiyanın tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər edilib. Danışılmış oyunlarda iştirak edənlər Cinayət Məcəlləsinin 192.2 maddəsi ilə məsuliyyətə cəlb olunur. İnzibati cəza tədbiri kimi üç min manatdan beş min manatadək cərimə, üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə müəyyənləşdirilib. Həmin əməli təkrar və ya mütəşəkkil dəstə olaraq törətməyə görə isə altı ildən səkkiz ilədək həbs cəzası kəsilə bilər. ” – bunu Vəkillər Kollegiyasının üzvü Kamran Kazımov deyir.

10

Hüquqşünas Mehman Muradlı isə danışılmış oyunlarda adı hallanan şəxslərin cəzasının hansı hallarda yüngülləşdirilə biləcəyi barədə məlumat verdi:

"Müəyyən şəxsləri zor tətbiq etmə və ya hədələmə vasitəsilə idman yarışlarının manipulyasiyasına məcbur etmək üç ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Hədələmə üsulu kimi insanların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə xəbərdarlığı, yaxud onların özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma, onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmədən istifadə oluna bilər.

Əməli törətmiş şəxs bu barədə müvafiq orqanlara könüllü surətdə məlumat verərsə, cinayət məsuliyyətindən azad olunur. Bu qərar həmin şəxsin təhdidlər altında danışılmış oyunlarda iştirakına da şamil olunur".

2017/18 futbol mövsümündən başlayaraq AFFA İntizam Məcəlləsi “Danışılmış oyunlara qarşı” - xüsusi normalar müəyyən edir. 91, 92 və 93-cü maddələr oyun nəticələrinin manipulyasiyasında iştirakı olan klub, futbolçu, məşqçi və hakimlərə qarşı sanksiyaların tətbiq olunmasına aiddir. Bu məsələdə federasiya klubların qarşısına da araşdırmalarda fəal iştirak etmək və günahkarların üzə çıxarılmasında vasitəçi olmaq şərtini qoyub. Lisenziyalaşdırma meyarlarının bəndləri arasında klubun kadr strukturuna danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs daxil etmək yer alır. Həmin vəzifəni tutan adam UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi ilə əlaqəli işləməli, şübhə doğuran oyunlar barədə dərhal ona məlumat verməlidir.

Danışılmış oyunlara qarşı ilk mübarizəyə başlayan ölkələrdən biri İngiltərədir. "Dumanlı Albion"da futbolçuların oyunlara pul qoyuluşu qeyri-qanuni sayılır və ciddi cəzalandırılır. Bunun tarixi kökləri 20-ci əsrin əvvəllərinə gedib çıxır. 1915-ci il 2 apreldə keçirilən "Mançester Yunayted" - "Liverpul" (2:0) matçından sonra məlum olmuşdu ki, futbolçular nəticəni öncədən razılaşdırıb bukmeyker kontorlarında mərcdən külli miqdarda pul udublar. "Böyük cümə günü qalmaqalı" adını daşıyan bu hadisə tarixdə ən qədim oyun manipulyasiyalarından biridir.

Düzgün tərbiyə alan oyun satmaz

1998-2006-cı illərdə AFFA İcraiyyə Komitəsinin üzvü olmuş, hazırda fəaliyyətini dayandıran "Bakı" klubunun sabiq icraçı direktoru Yaşar Seyidov isə oyun alqı-satqsına mübarizənin təlim-tərbiyədən başladığını vurğuladı.

"Birinci Divizion əsas problemləri 4+6+1 (red - dörd nəfər yaş limiti olmadan, onlardan ikisi legioner futbolçu da ola bilər, altı nəfər 1998-ci il və daha gənc təvəllüdlü yerli futbolçu və bir nəfər 2001-ci il yerli futbolçu) limiti, Premyer Liqanın əvəzedici komandalarının orda mübarizə aparması, maliyyə mənbəyi və infrastrukturdur. Ən böyük səhvlərdən biri yaş limiti ilə bağlı qərardır. Hələ də anlaya bilmirəm ki, bu ideyanı kim verib. İndi vəziyyət o həddə çatıb ki, 17-18 yaşlı uşaqlar oyun alqı-satqısında iştirak edirlər. Təcrübəli futbolçunun yanında bunu edə bilməzdilər. Tarix boyu Azərbaycanın tanınmış futbolçuları təcrübəli həmkarlarının yanında yetişiblər. Hazırda Birinci Divizionda çıxış edən futbolçu kimdən nəsə öyrənməlidir? Klublarda futbolu bilən, milli ruhlu insanlar çalışmalıdır. Bunlar Birinci Divizionla yanaşı, Premyer Liqa üçün də keçərlidir. Aşağı dəstənin əksər iştrakçıları Premyer Liqa klublarının əvəzdiciləridir də. "Ağsu" çempionatdan uzaqlaşdırılıb, nə qədər futbolçu cəzalandırılıb. Meydana çıxarmağa futbolçu tapmayan komandalar var".

9

"İnsan az pula görə oyun satmamalıdır. Qane etmirsə, getsin başqa sahəyə. Vicdanını pula satan gələcəkdə Azərbaycanın mənafeyini pula satmaz ki? Qürursuz insan 30-50 min də alsa, daha çox pul üçün danışılmış oyun iştirakçısı ola bilər. Heç vaxt razılaşmaram ki, futbolçu az əməkhaqqına görə oyun sata. Belə hallar baş verirsə, deməli, düzgün tərbiyələndirmə işi aparmamışıq. Yəni ailədə, cəmiyyətdə hansısa boşluğa yol vermişik" – təcrübəli mütəxəssis bildirdi.

Təcrübə göstərir ki, danışılmış oyunları öncədən qeydə almaq çətindir. Doğrudur, Azərbaycanın Birinci Divizionu kimi nüfuzu az olan turnirin oyunlarına beynəlxalq bukmeyker kontorlarında ciddi maraq, böyük pul qoyuluşları müəyyən şübhələr yarada bilir. Lakin ümumilikdə dünya futbolunda manipulyasiya hallarını vaxtından əvvəl üzə çıxarmaq müşkül işdir. Mütəxəssislərin də vurğuladığı kimi futbolçular, hakimlər və funksionerlər arasında həmin istiqamətdə maarifləndirmə işlərinin aparılması təqdirəlayiq haldır. Amma istənilən halda məsuliyyəti bu avantüranın bir hissəsi olmağa razılıq verən fərdlər daşıyır. Ümid qalır, futbolçunun gördüyü işə sevgini saatlı bomba effekti daşıyan “çirkli” pullardan üstün tutmasına.