Misli Premyer Liqasının həyəcanı 3 həftəlik fasilədən sonra geri dönür. 7-ci turun afişasında bir neçə maraqlı qarşılaşma diqqət çəkir.
"Kəpəz" "Araz-Naxçıvan" səfərinə yollanır. Daha doğrusu, Şamaxıya. "Sarı-göylər" Yuri Maksimovun rəhbərliyi altında ilk oyununa çıxacaq komanda ilə üz-üzə gələcək. Yaxşı formada görünən "Kəpəz" bu qarşılaşmanın favoriti hesab olunur.
Günün ikinci, turun isə mərkəzi matçında "Neftçi" və "Sabah" üz-üzə gələcək. Turnir cədvəlinin liderləri qarşılaşacaqlar. Hər iki komandanın 15 xalı olsa da, "Sabah" bir oyun az keçirib. "Neftçi" 3 il idi ki, "bayquşlar"ı məğlub edə bilmirdi. Amma onlar ötən mövsümün sonunda bu tilsimi qırmağı bacardılar. Ona görə deyilə bilər ki, bu baxımdan üzərlərində psixoloji təzyiq yoxdur. Lakin "Sabah"ın səviyyəsi bəllidir. Komanda bu oyundan 4 gün sonra "Slaviya" (Praqa) ilə Çempionlar Liqası matçına çıxacaq. Bu, onların "Neftçi"yə qarşı tam olaraq ehtiyatlı oynayacaqları anlamına gəlmir. Çünki milli fasilədə yoxlama oyunu keçirməyən yeganə komanda məhz "Sabah" oldu. Deməli, Valdas Dambrauskas "Neftçi" qarşılaşmasını həm də "Slaviya" ilə oyunun hazırlığı kimi görür.
İkinci oyun günündə "Zirə" "Şamaxı"nı sınağa çəkəcək. Düzünü demək lazımdırsa, "Zirə"nin işi çətindir, özü də çox çətindir. "Şamaxı" bu mövsüm xalları ard-arda qazanır. Azər Bağırovun paytaxta məğlubiyyət üçün gələcəyi də inandırıcı görünmür. "Zirə"nin ümumi təqvimi çox yaxşıdır. Milli fasiləyə qədər 4 güclü rəqiblə qarşılaşan komanda 10 xal toplayıb. Qalır bundan sonra öyrəşdiyimiz "Zirə"ni – özündən aşağı pillələrdə olan rəqiblərinə xal itirməyən kollektivi görmək.
"Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq. "Qəbələ"də baş məşqçi dəyişikliyi baş verib və komanda milli fasilədən yararlanıb. Ona görə "Sumqayıt"ın işi çətin olacaq. Nəzərə alaq ki, Filipe Kandidonun da "taxtı laxlayır". Bu oyunda da xal itkisi yaşansa, komandada vəziyyət daha da gərginləşəcək.
"Qarabağ" "İmişli"nin qonağı olacaq. Yenilənmiş "köhlən atlar" praqmatik futboldan uzaq olan, açıq futbol təklif edən komandalara qarşı oynamağı sevir. Fərid Namazov da Aran təmsilçisində məhz belə oyuna üstünlük verir. Maraqlı qarşılaşma olacaq, lakin favoritin kimliyi haqda danışmağa ehtiyac yoxdur.
Böyük ehtimalla, Ehtiram Quliyev "Turan Tovuz"da qaldı. Komandası isə "Şəfa"nın qonağıdır. Bu matçda 3 xal qazanmaq mütləqdir. Filipe Kandido haqda dediklərimiz Kurban Berdıyevə də aiddir. Paytaxt təmsilçisi ilə görüşdə xal itirilsə, Qərb cəbhəsində vəziyyət heç də yaxşı olmaya bilər.


