"İngiltərənin ən köklü klublarından birinə qarşı oynayırıq, bu, elə-belə şey deyil"
Bu sözləri Offsideplus.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov "Mançester Yunayted" – "Sabah" oyunu haqqında danışarkən deyib:
"Şanslar barədə nə isə demək çətindir, çünki hər şey bizdən asılı deyil. Bu tipli oyunlarda çox şey rəqibin necə oynayacağından asılı olur. İngiltərənin ən köklü klublarından birinə qarşı, özü də onların azarkeşləri önündə oynayırıq, bu, elə-belə şey deyil. Komandaları müqayisə etmək çətindir. Düzdür, yaxşı vəziyyətdə olmayan "Liverpul" təcrübəli "Qarabağ"la bir az ciddi oynayan kimi 5 qol vurdu. Buna görə deyirəm ki, hər şey bizdən asılı deyil. Lakin "Sabah"ın hücum xətti rəqibə başağrısı yarada bilər. Nəzərə alaq ki, rəqibin müdafiə xətti çempionatlarında heç də ən yaxşılardan deyil. Qol imkanlarımız olacaq, əsas məsələ bunlardan istifadə etməkdir. Solvetin oynamamaq ehtimalı var, oynasa belə, azı 3-4 gün məşq etməyib. "Sabah"ın xal alıb-almayacağını və ya hesabın necə olacağını əvvəlcədən demək olmaz. Amma inanıram ki, təmsilçimiz sona qədər mübarizə aparacaq. Bizə də azarkeşlik etmək qalır".
Qeyd edək ki, "Mançester Yunayted" – "Sabah" qarşılaşması sentyabrın 10-da, saat 23:00-da start götürəcək.


