Avrokuboklarda ölkəmizi təmsil edən komanda sayı artıq ikiyə düşüb. “Sabah” Çempionlar Liqasında, “Qarabağ” isə Konfrans Liqasında mübarizəyə davam edir.
"Sabah” artıq minimum Konfrans Liqasını təmin edib. Amma görünən qədəri ilə “bayquşlar”ın hədəfi Çempionlar Liqasının Liqa mərhələsində iştirak etməkdir.
3-cü təsnifat mərhələsində rəqib “Orxus”dur. Olduqca ciddi rəqibdir. 40 ildən sonra Danimarka çempionu olublar. ÇL-nın liqa mərhələsinə böyük iddiaları var. Amma “Sabah”da formalaşan sistem azərbaycanlı futbolsevərlərə ümid verir. “Orxus”a döyüşkən komanda adını da verə bilərik. “Lex”ə öz evlərində 4:1 məğlub olub, səfərdə eyni hesabla qələbə qazanıblar. “Sabah” üçün asan olmayacaq. Bu mütləqdir. Favorit rəqib olsa da, şanslar yaxındır.
“Qarabağ”da durum yaxşı deyil. Komandanın qol silahı kimi düşünülən Zakaria Savo da sıradan çıxıb. Rəqib “Dinamo” (Kiyev)-dir. Ukrayna nəhəngi hazırda ən yaxşı vəziyyətində deyil. Ölkələrinin müharibə vəziyyətində olması komandaya ds təsir göstərir. Şansları bərabər hesab etmək olar. Lakin “Qarabağ”ın avrokubok təcrübəsi hər birimizdə bu mərhələni adlamağın çətin olmayacağı fikirlərini yaradır.
“Sabah” ilk oyunu avqustun 5-i, “Qarabağ”da isə 6-ı olacaq.


