Azərbaycanın U-20 basketbol yığmasının baş məşqçisi Anar Sarıyev komandanın çıxışı, gənc oyunçuların təcrübə toplaması və daxili çempionatın əhəmiyyəti haqqında fikirlərini bölüşüb.
Offsideplus.az-a danışan mütəxəssis ilk növbədə beynəlxalq turnirdəki nəticəni və komandanın potensialını dəyərləndirib:
"Turniri 11-ci pillədə başa vurduq. Belə deyim, bizdə çatışmayan əsas məqam təcrübədir. Həm daxili çempionatda, həm də beynəlxalq arenalarda təcrübəmiz hələ ki azdır. Amma ümidvaram ki, gələn il tam fərqli bir komanda olacağıq. Daha güclü və yaxşı çıxış edəcəyimizə inanıram. Daxili çempionata gəldikdə isə, 2-3 nəfəri çıxmaq şartilə, bəzi basketbolçular gənc olduqları üçün çox az şans qazanırdılar. Onlar daxili birincilikdə nə qədər çox basketbol meydançasında olsalar, Avropa arenasında bir o qədər yaxşı nəticə göstərəcəklər”.
Gənc basketbolçuların əsas komandaya cəlb olunması məsələsinə toxunan məşqçi, U-18 millisinin üzvlərinə xüsusi diqqət ayırdıqlarını vurğulayıb:
"Biz U-18 millimizdən 3 nəfəri - Emmanuel Aqbason, Hüseyn Məmmədov və İsmayıl Abdullayevi heyətə cəlb etmişdik. Onlar U-20-nin heyətində çox yaxşı çıxış etdilər. İndi isə U-18-in heyətində Avropa çempionatında iştirak etmək üçün Xorvatiyaya yola düşdülər. İnanıram ki, orada da özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Düşünürəm ki, Azərbaycan basketbolunun gələcəyi var. Hətta daha aşağı yaş qruplarının - U-12, U-13, U-14 komandalarının da oyunlarını izləyirəm. Bir sözlə, gələcəkdə bizi çox yaxşı basketbolçular və gözəl basketbol gözləyir".


