Hazırda "Qarabağ" yay transfer pəncərəsindən ən yaxşı formada yararlanan komandadadır.
Mövsüm başa çatmamışdan transfer açıqlamağa başlayan "kəhər atlar" artıq 6-cı transferini rəsmiləşdirib.
Jali Muaddib görünən qədəri ilə Abdulla Zubirin yeni hesablanmış transferdir. Əslində oyun tərzləri bənzərdir. Driblinqi sevən vinger “Qarabağ”ın gücünə güc qatacaq. Yoxlama oyunlarında da özünü göstərməyi bacarıb.
Zakaria Savo isə qol duyumu olduqca yüksək olan hücumçudur. Son yoxlama oyununda het-trik etməsi də təsadüf deyil. “Yurqarden”dən transfer olan Savo daim pressinq etməklə rəqib müdafiəsini təzyiqdə saxlaması ilə seçilir. Bitiriciliyindən əlavə, toplara özünü çatdırması, cəldliyi ilə fərqlənir.
Bruno Lanqa transferi də “nöqtə” transferdir. Elvin Cəfərquliyev komandada qalsa da, qalmasa da, Bruno Lanqa kimi futbolçuya ehtiyac var idi. İstər rəqabət, istər məcburiyyət. Artıq Toral Bayramov da yoxdur. Lanqanın fiziki gücü çox yaxşıdır. 185 sm boyu olması, birəbirlərdə, müdafiə planında da komandaya kömək edə biləcəyindən xəbər verir.
Samuel Lobato Joao Nevesə bənzəyir. Həm oyun stili, həm müəyyən qədər xarici görünüşü. Axı ikisi də portuqaldır. Mövqeləri də eynidir. Lobato kimi zərif yarımmüdafiəçi “Qarabağ”a lazım idi. Düzdür, Kadi var, amma ona rəqabət də lazımdır. Həm də Lobato dayaqda da, 8 nömrə kimi də oynamağı bacarır. Portuqaliyanın 17 yaşadək millilərində də oynamış Samuel digər transferlər kimi ötən mövsümü mütəmadi olaraq oynayıb.
Martin Zlomisliç ölkəmizdəki ən bahalı qapıçı oldu. DÇ-2026-a yollanan kiperin 27 yaşı var. Ötən mövsüm 11 oyunda qapısını toxunulmaz saxlayıb. Çox yaxşı qapıçıdır. Mateuş Koxalski qala-qala belə transferin də edilməsi “kəhər atlar” adına çox sevindiricidir. Necə dəyərlər, qalanın qapısı əmin əllərdədir.
Renaldo Sefas ola bilər ki, Leandro Andradenin əvəzinə edilmiş transferdir. Hər iki cinahda oynaya bilir, sürət və driblinqi ilə seçilir. Ümid edək ki, uğurlu transfer olar.
Fikir verin, hələ iyun ayıdır, “Qarabağ” artıq 6-cı transferini reallaşdırıb. Klub rəhbərliyi və Qurban Qurbanov yaxşı transferlər etmək üçün həmişə çalışıb, vuruşub. Bu alınan transferlər isə mövsümboyu pərdə arxasındakı əziyyətlərin bəhrəsidir.


