“Növbəti hədəfim PRO kateqoriyasıdır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı, məşqçi Maksim Medvedev deyib.
UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran mütəxəssis gələcək hədəflərindən danışıb:
“Planım ondan ibarətdir ki, bir müddət bu istiqamətdə çalışım. Daha sonra isə yeni kurslar keçərək PRO kateqoriyası əldə edim. Çünki futbolçu olaraq maksimumumu vermişəm və indi istəyirəm ki, məşqçi kimi də inkişaf edim, biliklərimi artırım.
Bir sözlə, bu, gələcək planlarımda mütləq yer alır. Hazırda isə təcrübə toplamağa fokuslanmışam. Komanda ilə daha çox işləmək lazımdır ki, gələcəkdə daha perspektivli məşqçilərdən birinə çevrilim”.
Qeyd edək ki, Maksim Medvedev hazırda “Qarabağ” futbol klubunun əvəzedici komandasının baş məşqçisidir.


